Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:30

Mirzə Ələkbər Sabir. Bura say!















Cəmaət:

-- Zilli-Sultan, bura say döydürüb aldıqlarını!
Söyüb aldıqlarını, söydürüb aldıqlarını!

Zilli-Sultan:

-- Tövbə, əttövbə xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

Cəmaət:

-- Sən ki, Avropada idin, niyə yorta-yüyürə
Cumdun İrana, bu viranədə düşdün də girə,
Saldın axır öz əlinlə özünü ağzıbirə?
Vec bitirməz sənə, dönmə dəxi daşə, dəmirə,
Boş danışma, bura say qapdırıb aldıqlarını!
Çapıb aldıqlarını, çapdırıb aldıqlarını!

Zilli-Sultan:

-- Tövbə, əttövbə xəta rəhinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

Cəmaət:

-- Birbəbir yadına sal cümlə unutduqlarını,
Millətin qanın alıb şişəyə tutduqlarını,
Qış üçün axtalayıb yayda qurutduqlarını,
Gözlərin kəllənə də çıxsa, qus udduqlarını!
Boş danışma, bura say öldürüb aldıqlarını!
Bölüb aldıqlarını, böldürüb aldıqlarını!

Zilli-Sultan:

-- Tövbə, əttövbə xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

Cəmaət:

-- Əlli il ölkədə vurmuşdun, a zalım, işini,
Sən ki, hazır eləmişdin çiyini, bişmişini,
Təməin indi nədir ya qıcıdırsan dişini?
Aç belindən dəxi şəmşiri-müzəffərkeşini!
Boş danışma, bura say satdırıb aldıqlarını!
Atıb aldıqlarını, atdırıb aldıqlarını!

Zilli-Sultan:

-- Tövbə, əttövbə xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

Cəmaət:

-- Əhli-İranı uşaqdır deyə saldız beşiyə
Ki, məbada ayılıb ağlaya, durduz keşiyə,
Taki, açdı gözün iranlı, soxulduz deşiyə,
İş çətinləşdi, daduş, yığdığını çək eşiyə!
Boş danışma, bura say asdırıb aldıqlarını!
Basıb aldıqlarını, basdırıb aldıqlarını!

Zilli-Sultan:

-- Tövbə, əttövbə xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!
XS
SM
MD
LG