Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:26

Aslan Quliyev "Vay, nənə…ə!..." (Hekayə)


До свиданья, друг мой, без руки, без слова,
Не грусти и не печаль бровей, —
В этой жизни умирать не ново,
Но и жить, конечно, не новей.
Сергей Есенин


- Sənə nağıl danışımmı?

- Danış, - qızcığaz dedi.

- Bu böyüklər üçün nağıldı.

- Olsun! – qızcığaz başa düşürmüş kimi qətiyyətlə dedi.

Yağışın uğultusu maşınların səsini eşidilməz edirdi, maşınlar, adamlar yağış dumanı arxasından bir anlığa xəyal kimi görünür, keçib gedirdilər.

Qızcığaz onun əlindən yapışmışdı, açıq pəncərədən içəri vuran yağış şehi qızarmış yanaqlarında, qızılı saçlarında işıldayırdı.

Biri vardı, biri yoxdu, bir döyüşçü var idi, nağılını danışırdı, Vətən uğrunda döyüşdü, vuruşdu, yaralandı, məğlub oldu.

Savaş qurtardı, döyüşçü evinə döndü. Başladılar onu vurmağa, sağdan, soldan vururdular, mahnıda olduğu kimi, gələn vururdu, gedən vururdu.

Nəydi günahı, bilmirdi. Dözə bilmədi, baş götürüb qaçdı Vətəndən, başladı qürbətçilik yolçuluğu.

Nadya qoluna toxunub, dostların səni gözləyir, deyəndə xəyaldan ayrıldı və yalnız indi şeh qonmuş pəncərədən dayanacaqda dayanıb, yağış dumanı arxasından əl eləyən dostlarını gördü. Getmək istəyirdi, ancaq qız əl çəkmirdi.

- Danış da, yarımçıq qaldı axı- təkid edirdi.

- Danışaram, - söz verdi.

Çölə çıxıb maşına tərəf qaçdı, çatıb içəri keçənə kimi islandı, matoru işə salıb, maşını dayanacağa sürdü.

Faiqlə dostları hay-küylə mindilər, üç nəfərdilər, Faiq qabaqda, onun yanında oturdu.

Maşın küləyin qovduğu, ləpələndirdiyi köpüklü yağış suları axan şosse yoluyla ağır-ağır irəliləyirdi.

Şüşətəmizləyənlərin saat səsini xatırladan çaqqıltısı, banı döyəcləyən damcıların boğuq tappıltısı narahatçılıq yaratmırdı.

Çöldə yağış, soyuq, içəridə isə isti idi, maqnitafonda Səkinə İsmayılova oxuyurdu, «Uca dağlar başında».

Yolun kənarında ara-sıra su keçirməyən plaş geyib, əllərində çətir tutmuş göbələk satanlar görünürdü, maşınlar yaxınlaşanda əl eləyir, zənbilə ağzına kimi qalaqlanmış göbələkləri göstərirdilər.

Faiq göbələk almağı təklif elədi, elə bil sükutu pozmaq, ya da söhbət eləməyə can atdığı üçün deyirdi.

Razılıq verdi, fikirliydi, göbələksatanlar yalnız indi diqqətını çəkmişdi. Maşını yolun kənarına verib saxladı.

Üst-başından, plaşından, çətirindən, kipriklərindən belə su süzülən yaşlı rus maşının yanına qaçdı.

Faiq şüşəni aşağı salmışdı, yağışın uğultusu indi daha güclü eşidilir, içəri yağış qoxulu soyuq, rütubəli hava axını dolurdu. Kişi başını şüşədən içəri saldı, göbələklərini tərifləyirdi.

Başını yox, zənbilini göstər, Faiq hirslə deyindi, kişinin başından bir göz qırpımında qıçlarına, ayaqlarının altına xeyli su axmışdı.

Kişi başını çəkib, zənbilini içəri uzatdı. Faiq çürüntü, rütubət qoxusu verən göbələkləri seçir, axtarırdı, xoşu gəlmədi, göbələklərin vaxtı keçmiş, qaralmış, çürümüşdülər.

Su süzülən səbəti hirslə çölə itələyib, qabağa sür, dedi, bunun göbələkləri kara gələn deyil. Payız çöllərindən göbələk yığmalarını xatırlayırdı.

Seyrək duman çökən yağışlı çöllərdə dolaşır, gəvən kollarının, mamırlı daşların arasından, yamaclardan göbələk yığıb, boymadərən çöplərinə taxırdılar.

Torpaqdan şişib qalxan göbələyin, rütubətli payız çöllərinin qoxusu indiyə kimi yadındaydı, onlar göbələkləri çöllərdən yığırdılar, burda isə meşələrdən.

Maşın yerindən tərpənəndə Faiq özüylə danışırmış kimi: «Bunun alveri yaxşı olmayıb, - dedi və bic-bic güldü, - cəmisi iki yüz manat».

Fikirli olduğundan Faiqin dedikləri ona çatmadı.

Bu gün Sveta getməliydi, yaxınlarda tanış olduğu oğlana qoşulub onun iş yerinə, uzaq şərqə gedəcəkdi. Aeroporta gedib qızı ötürməliydi.

Yalnız indi, Sveta getmək ərəfəsində olanda qızdan ayrılmağın onun üçün necə çətin olacağını başa düşmüşdü.

Arxada oturanlar gülürdülər, nəyə güldüklərini anlamırdı. Qarşıdakı göbələk satanın bərabərinə çatıb, maşını saxladı.

Faiq şüşəni aşağı salanda yağışın boğuq uğultusu maqnitafonun səsini belə batırdı.

Soyuq Rusiyada soyuq payız başlayırdı, soyuq küləklər, soyuq, uzun gecələr, soyuq, bomboz səma!

Ona elə gəlirdi Rusiyada payızın da, yağışın da qoxusu cansıxıcıdı, qəlbi didir.

Vətəndə isə başqaydı, yenicə soyumağa başlayan isti çöllərin üzərində həsrətlə ilğımlanan payız havası, payız qoxuları qəlbə fərəh, sevinc gətirirdi.

Göbələk satan başını içəri saldı, göbələkləri bu səhər meşədən yığdığını deyirdi.

Faiq heç onun səbətinə baxmadı, göbələk satanın yaş ovcuna bir az qovrulmuş günəbaxan toxumu tökdü və işarə elədi ki, gedək.

Maşın yerindən tərpənəndən sonra Faiq qəh-qəhə ilə güldü, dostları da ona qoşuldular. «Bu bir qəpiklik də göbələk satmayıb, - Faiq dedi, - cibində ancaq günəbaxan toxumu vardı.

Hər şey ona aydın oldu. Göbələk satanlar başlarını içəri salanda fürsətdən istifadə eləyib onların ciblərini təmizləyirmiş.

Göbələk satanı onun öz cibindən götürdüyü toxuma qonaq eləyir, yağışın altında axşama kimi dayanan, günlərlə yağışlı, soyuq meşədə dolaşan, göbələk yığıb qəpik-quruş qazananların cibinə girir.

Dayanacaqda maşını saxladı.

- Düşün, - dedi.

- Niyə? – Faiq də, arxada oturanlar da inamsızlıqla səsləndilər.

- Düşün! – təkrar elədi.

- Bir rusdan ötrü bizi maşından düşürürsən! - Faiq nifrətlə dedi, onun sözü bir dəfə dediyini bilirdi, mübahisə eləmədi. – Bu sənə baha başa gələcək!

Qapını hirslə çırpıb düşdülər, dayanacağa qaça-qaça getdilər.

O da düşdü, asta addımlarla, tələsmədən dayanacağa tərəf gedirdi.

Gəlib çatdı, yağışın altında dayanmışdı, saçlarıyla, üz-gözüylə axan yağış suyuna, islanmasına əhmiyət vermirdi. Saçlarından üz-gözünə, boyun-boğazına soyuq yağış suyu axırdı.

« Səni maşından rusa görə yox, oğurluq elədiyinə görə düşürdüblər! – dedi. – Yolumuz ayrıldı. Qarşıma çıxmayın. Məsləhət görmürəm».

Geri döndü, maşına minənə kimi tamam islandı, dəsmalla saçlarını quruladı.

Paltarları tez qurusun deyə matoru işə salıb, maşının sobasını yandırdı, başını sükanın üstünə qoyub, qabaq şüşələri döyəcləyən gümüşü yağışa, sular axan şosse yoluna baxırdı.

Getməliydi, bu yağışı, payızı yaşamaq əzab idi, lap elə bu payız çıxıb getməliydi. Döyüşçü evinə dönər, nağıl da nikbin sonluqla bitərdi.

Maşını döndərdi, şəhərə doğru istiqamət götürdü.

Gəlib Svetanı dükanda görəndə gözlərinə inanmadı. Qız dünən onunla vidalaşmış, bilet də aldığını demişdi.

Elə isə niyə getməmişdi? Sveta özünə məxsus şirin təbəssümü ilə gülümsəyirdi.

Qızın getməməsi ürəyincə idi, sevinirdi, ancaq səbəbini bilmək istəyirdi. Qızsa gülümsəyir, deyirdi ki, səni tək qoymaq istəmədim, qorxdum mənsiz keçinə bilməyəsən.

Qəribə qızdı, evlənmək təklif eləyirlər, razılaşır, di gəl, son anda fikrini dəyişir. Get, ailə qur, ərin, uşağın olsun.

Elə bilirsən həmişə belə cavan, gözəl qalacaqsan? Sanki qız onun ürəyindən keçənləri duydu, dünən dazbaşlar gəlmişdi, dedi, səni öldürəcəkləri ilə hədələyirdilər.

Sveta xalis qızıl parçasıydı! Getməyib, çətin günlərdə onunla birlikdə olmaq istəyib və bundan ötrü irəlidə gözləyən səadətinə yox deyib.

Dazbaşlar çoxdandı ondan pul istəyirdilər, deyirdilər, bizə aylıq verməlisən, yoxsa öldürəcəyik.

Qayıdıb maşına qaçdı, Sveta üçün aldığı gülləri gətirib qıza verdi, qucaqlayıb qızğınlıqla öpməyə başladı.

Elə bil indi anlamışdı qızı nə qədər sevdiyini, qızın ona nə qədər doğma, əziz olduğunu! Gözucu baxıb Nadyanın qaşqabağını tökdüyünü gördü, yanaqları allanmışdı.

Bu qızın işi oyundu, ərə getmişdi, bir qızı da var idi, ancaq onu qısqanırdı.

Pəncərə qabağında oturmuş yaşlı qadını göstərib: Sizin yerlərdəndi, dedi, bazarın girəcəyində satmaq üçün ayaqqabı istəyir.

Qadına qəlb ağrısı ilə baxırdı, bu yaşda nə işi vardı burda? Evladı, nəvəsi yox idimi? Niyə buraxmışdılar, niyə qoymuşdular bu yaşda Vətəndən, doğma elindən didərgin düşsün?

Lap verdilər, gündə iki-üç cüt ayaqqabı sata, ya satmaya, nə qazanacaqdı? Heç avtobus, çörək puluna çatmazdı.

- Haralısan, xala? – soruşdu.

- Lənkəranlıyam, - qadının gözləri canlandı, deməsəydi də aydındı, cənub ləhcəsiylə danışırdı.

Lənkəranı və dənizi gördüyü o bürkülü yay gününü xatırlayırdı.

Dənizin sahilindəki kiçik cənub şəhəri yaşıllıqlar və çiçəklər içində itmişdi.

Şəhər yay sevincləri içində ilğımlanırdı, dəniz isə onu lap heyran eləmişdi, mavi sular üfüqlərə qovuşur, ləpələr qumlu sahilləri yuyur, ağ köpüklü dalğalar bir-birlərini qovur, ağappaq qağayılar ağ dalğalara toxunaraq qıy vurub uçurdular.

Qəlbindən keçənləri qadından soruşmağa üzü gəlmədi. Soruşa bilmədi ki, axın başlayıb, bizlər gəldik, siz də başlayıbsız gəlməyə.

Bəs o yerləri kimə tapşırırsız? Bu yad şəhərdə qürbətçilik, Vətən həsrətı sıxmayacaqmı sizi?

Vətən üçün sümükləriniz sızlamayacaqmı?

Qadına dedi ki, istədiyi qədər ayaqqabı apara bilər, qadın da ayaqqabıları seçib götürür, sözlərin sonluğunu uzadaraq şirin ləhcəsiylə ona təşəkkür eləyirdi.

On cüt muxtəlif ölçüdə ayaqqabı götürdü, dedi, satılanların pulunu gətirib verəcək, yenilərini aparacaq.

Bazar yaxınlıqdaydı, qadına gedib gəlmək çətin olmayacaqdı.

Qadın getdi və çox keçmədən əlində bir tay ayaqqabı canı höyüllü qayıdıb gəldi. Həyəcanlıydı, nəsə ciddi bir iş olmuşdu.

Ayaqqabını qızlara uzadıb, dilini bilib-bilməmələrinin fərqınə varmadan öz ləhcəsiylə:

- Bunun qırx biri va…ar? – səsini uzadaraq soruşdu.

- Yox, - Sveta başını yırğaladı, qız tazərbaycanca əməlli başlı danışa bilməsə də, deyilənləri anlayırdı.

Qadının gözlərindəki ümid qığılcımları söndü, sifətinə ümidsizlik dolu bir ifadə çökdü, əlini dizinə vurub:

- Vay nənə…ə! – dedi.

Bu ikicə kəlmə sözdəki sonsuz təəssüf, kədər var idi onu sarsıtdı.

Qadın yəqin ayaqqabıya alıcı tapıbmış, satmaq üzrəymiş, ancaq müştəri başqa ölçüdə ayaqqabı istəyib və qazanacağı beş-on manatın əldən çıxması idi onu belə yanğı ilə dilləndirən.

Qadına gözləməyi tapşırıb, qonşu dükana qaçdı, həmən ayaqqabının qırx bir ölçüdə olanından bir cütünü alıb gətirdi və ayaqqabını verəndə sanki qadının lampasına neft tökdülər.

Sifəti, gözləri işıqlandı, dua eləyə-eləyə getdi, uçmağa qanadı yox idi.

Maqnitafonu qoşdu, Səkinə ürəkdən, yana-yana oxuyurdu, səsindəki həsrət, yanğı heç kimdə yox idi. «Yenə başladı ağlamağa», - Nadya istehza ilə dedi, Svetayla açıq-aşkar öpüşməsi qızı hövsələdən çıxartmışdı.

O isə anlatmağa çalışırdı, ağlamır, oxuyur, musiqi xalqın tarixidi, deyirdi, səsidi, yaşam mücadiləsidi, gen, qan yaddaşıdı.

Onun oxuduqları mənim xalqımın tarixidi. Nadya isə çiyinlərini çəkir, istehza ilə gülümsəyirdi.

Yəni sən özün bilərsən, mənsə bu fikirdəyəm ki, ağlayır. Nadyanın qafqazlılardan xoşu gəlmirdi, açıq deməsə də, hərəkətləri ilə biruzə verirdi.

O, universtiteti Leninqradda bitirmişdi, 22 nəfərdilər, 20-si rus, biri gürcü, bir də o. Bircə dəfə də olsun aralarında ayrı-seçkilik olmamışdı.

Vətəndə olanda da, bura gələndən sonra da, hər ad günündə düz 21 dənə açıqlama, teleqrama, məktub alırdı, ölkənin hər yerinə səpələnmiş dostları onu təbrik eləyirdilər.

Təbriklərin tez, ya gec gələni olurdu, ancaq düz 21 dənə gəlməliydi, yaddan çıxartmır, unutmurdular.

O da kimin nə vaxt ad günü olduğunu qeyd eləmişdi, harda olsa tələbə dostlarını təbrik eləyirdi. Mehriban, şən qızlardı, oğlanlar da sevinclərini, kədərlərini, axırıncı qəpiklərini bölürdülər.

Kimin ağ, kimin qara olmasının fərqındə olan yox idi. Nə oldu bu adamlara? Sevinc, fərəh dolu o günlər uzaqda idi.

Qüssələndi, Svetaya dedi, hazırlaş, çıxırıq.

Qız etiraz eləmədi, arxadakı otağa keçib paltarlarını dəyişdi. Güzgünün qabağında dayanıb saçlarını darayırdı, gözəl saçları vardı, qızılı rəngli yumşaq, ətirli saçları günəbaxan saçaqlarını xatırladırdı.

Birdən qızcığaz yadına düşdü, Svetanı dükanda görüb hər nəyi unutmuşdu.

- Qızın hanı? – Nadyadan soruşdu.

- Ərim apardı, - hələ də Nadyanın qaşqabağı açılmamışdı.

- Bayaq vermək yadımdan çıxdı, - cibindən balaca pələng balasını çıxardıb Nadyaya verdi, əlini vurdunmu, pələng başını oynadır, sağa-sola boylanırdı. – Mənim adımdan bağışlarsan.

- Nahaq əziyyət çəkibsən, - səsində adamı dalayan istehza var idi, sanki demək istəyirdi ki, səndən nəsə almağı xahiş eləyən olmayıb.

Yağış güclənmişdi, dükanın qabağında saxladığı maşına minib gözləməyə başladı. Sveta qaça-qaça gəldi, maşının yanında ayaq saxladı, geri dönüb dükana qaçdı.

Gülləri unudubmuş, götürüb qayıtdı, bəxtiyarcasına gülümsəyirdi, qız adamları, yaşamağı sevirdi. İçəri keçən kimi də qəh-qəhə ilə güldü.

Gölün sahilindəki «Aynur» restoranına getdilər.

Burda Azərbaycan yeməkləri verirdilər, musiqiçilər də arada Azərbaycan mahnıları oxuyurdular, ancaq oxumasaydılar yaxşıydı, mahnıları yamsılayır, qol-qabırğasını qırırdılar.

Pəncərə qabağında oturmuşdular, yağış inadla şüşələrə çırpılır, gölün üzərinə çökmüş qatı duman gölu görməyə imkan vermirdi, Bu yağışın sonu olacaqdımı, bu duman çəkiləcəkdimi?

- Sizdə payız necə də cansıxıcı olur, - fikirli halda dedi.

- Rusiyanın payızı gözəl olur! – Sveta onunla razılaşmadı. – Puşkin də ən çox payızı sevirmiş.

- Hə, bilirəm, - dedi. – Başa düşmürəm, yağışın nəyinə vurulubmuş? Nə görübmüş payızda?

- Gecələri uzun olur, yəqin ona görə, - qızın gözləri dəlicəsinə işıldadı, ürəkdən güldü.

Sevdiyinlə olanda əlbəttə gecələr uzun olsa yaxşdı, tək, tənha olanda isə lənətə gəlmiş gecələr qurtarmır, uzanır, zülmət, yağışın boğuq, aramsız tappıltıları adama əzab verir, səhər açılmır. Allah, Allah, sanki təbiətə yox, onun ömrünə payız gəlmişdi, sanki ömrünün qürub çağıydı.

Nə fəsildi bu, yarpaqlar, otlar gözünün qabağındaca saralır, solur, ağaclar ölür. Hava tutqun, səma qurğuşun rəngində, yağış da göz açmağa imkan vermir, sanki bir ağırlıq enir çiyinlərinə, di gəl, payızı sevənlər də tapılır.

Biri də elə Puşkin. Sveta deyirdi ki, Levitanın payız rəsmlərini görməyibsən, ordakı payız rənglərini görsəydin, payızı sevərdin.

İşə bax, kədərlə düşünürdü, payızı görür, yaşayır, sevə bilmir, ancaq rəsmlərə baxsaymış, ordakı rəngləri görsəymiş, payızı sevəcəkmiş.

Musiqiçilər rəqs havası çalanda Sevta ayağa qalxıb onun qolundan yapışdı, yuxarı başdakı meydançaya doğru gedirdilər.

İşıqlar sayrışır, lak çəkilmiş stolların süni parıltısı göz qamaşdırır, yerə döşənmiş xalıların üzərindəki xırda, göyümtül güllər evlərinin üstündəki çəmənlikdə bitən göy çiçəkləri xatırladırdı.

Qızlar, oğlanlar sayrışan işıqlar içində süzür, yırğalanırdılar.

Çöldə külək yağışı şüşələrə çırpıb uğuldayır, yağış dumanı pəncərələrin önündən dalğa-dalğa keçib gedirdi, sanki erkən yazda külək mavi, mapmavi səmada bəmbəyaz buludları qovurdu.

Sveta ona sığınmışdı, saçlarından çöl yoncası qoxusuna bənzər bir qoxu gəlirdi.

Yerlərinə qayıtdılar, restorana oynaq rəqs təranələri yayıldı, diksindi, inanmazdı, ağlına da gəlməzdi ki, uzun illər keçəndən sonra, həm də Vətəndən uzaqda bu havanı eşidəcək. «Qurutdu» havasıydı, atası toylarda oynardı.

Hər çalan çala bilməzdi, atası bunu bilirdi, yalnız ustad çalğıçılar toyda olanda ortalığa girər, «Mənim havamı çalın!» deyərdi. Bu rəqsi oynamaq hər adamın işi deyildi, musiqi ara verdimi, oynayan hansı vəziyyətdəydisə, o vəziyyətdə də yerindəcə donub qalırdı.

Kaset qoymuşdular, maqnitafon səsgücləndiricilərə qoşulmuşdu, yoxsa restoranın alababat çalğıçıları bu havanı çala bilməzdilər.

Uzun, qarabəniz, qayışbaldır bir oğlan düşmüşdü ortalığa.

Sanki ətrafında heç kim yox idi, bir musiqiydi, bir də o. Musiqiylə yanırdı, barmaqlarının ucundan, titrəyən saçlarından, çiyinlərindən, dalğın baxışlarından belə musiqi süzülür, axırdı.

Oynayır, sanki bu rəqslə sözünü deyir, qəlbini boşaldırdı. Vətən həsrəti, Vətəndəki payız toylarının ab-havası dolaşırdı oğlanın başı üzərində.

Millətindən asılı olmayaraq restoranda olanlar hamısı nəfəslərini içlərinə çəkib oğlana tamaşa eləyirdilər.

Musiqi ara verən kimi də, oğlan heç kimlə vidalaşmadan çıxıb getdi, restorandakılar onu sürəkli alqışlarla yola saldılar.

İstədi oğlanın arxasınca qaçsın, çağırıb soruşsun, kimsən, hansı eldən, obadansan?

Qardaş, sən niyə gəlibsən, Vətəndə sənədəmi bir parça çörək tapılmadı? Vaz keçdi, qəhərlənmişdi, ağlayacağından ehtiyat edirdi.

- Sənə nə oldu? – Sveta soruşdu.

- Heç, - dedi.

- Tutuldun axı…

- O mənim yerlim idi… - qırıq-qırıq dedi.

Fikrini yayındırmaq üçün başını pəncərəyə tərəf döndərdi və dərhal da restoranda rəqs eləyən oğlanı gördü.

Dayanacaqda dayanıb avtobus gözləməmişdi, yağış döyəcləyən səkiylə gedirdi, sanki payızın, yağışın acığına başını dik tutmuşdu.

Yağış dumanı arxasında görünməz olana kimi oğlanın arxasınca baxdı.

Artıq axşam düşürdü, yeməkpaylayanı çağırıb hesabı verdi və restorandan çıxdılar. Çölə çıxanda yağışın nisbətən sakitləşdiyini gördülər. Bayaq olduğu kimi hiddətlə uğuldayıb çırpılmır, aramla yağırdı. Qıza onunla getməyi təklif elədi, qız bir söz demədən razılaşdı.

- Sveta, - dedi, səsində sonsuz kədər var idi. – Səni hansısa vağzaldan yola salacağım gün həyatımda ən ağır gün olacaq.

- Hökməndi yola salasan?

- Həyatdı, nə bilmək olar…

Maşını dayanacaqda qoyub evə piyada getdilər, yağışdan qorunmurdular. Qəlbində bahar hərarəti olanlara payız neyləyəcəkdi? Həyətə keçəndə astadan zümzümə elədi.

- Bu gecə, uzun gecə.

- Bu gecə, bizim gecə! – Sveta dedi və səssizcə güldü.

Bu gecə uzun gecəydi, onlarsa vaxtın necə keçdiyini hiss eləmirdilər. Nə yağış, nə payız qüssəsi gecənin sevincini azaltmırdı.

***

Səhər işə gedəndə rabitə şöbəsinin qabağında maşını saxladı, bu gün Uralda olan Valyanın ad günüydü, açıqlama göndərməli, təbrik eləməliydi.

Qəribə qızdı, lağ eləyirdi, sizlərə ərə getmək xətadı, deyirdi, bir düjün uşağınız olmasını istəyirsiniz. Özününsə ərə getməyi beş il deyildi, artıq üç uşağı vardı.

Sveta onun tələbə dostlarını ad günlərində təbrik elədiyini bilirdi, bu gün də Valyanı təbrik eləyəcəyini öyrəndikdə:

- Onunladamı romanın olub? – deyə soruşdu.

- Roman olmayıb, - dedi, - hekayəlik işimiz isə şübhəsiz olub.

- Şorgöz! – qız məzəmmətlə dedi.

İçəri keçib üzərində yasəmən çiçəkləri olan açıqlama aldı və arxasını yazdı. «Valya, təbrik edirəm! Ad günün mübarək! Balalarına, ərinə məndən salam söylə!

Valya, əzizim, heç bilirsən necə darıxıram sənin üçün, heç bilirsən səni necə sevirəm! Öpürəm!» Sonra nə fikirləşdisə, qəlbindən keçənləri belə açıq yazdığına görə özünü qınadı, birdən açıqlama ərinin əlinə düşdü, deməzdimi bu necə təbrikdir?

Bu kimdir belə? Sonuncu cümləni pozdu, ancaq tezcə də əlavə elədi. «Öpürəm! Dönə-dönə öpürəm!»

Bu gün yağmırdı, tutqun, buludlu havaydı, havadan yenə də yağış qoxusu gəlirdi.

Beşinci ildi Moskvadaydı, beşinci Moskva payızını yaşayırdı, ancaq heç zaman payız onu belə darıxdırmamışdı. İranla sərhəd açılanda Tehrana, qohumlarının yanına getməsini xatırlayırdı.

Onda da payız idi, tüstülü, tutqun, tez-tez payız yağışları yağan Tehranda darıxırdı.

Yağışı da yağış deyildi, yağır, ancaq havadan islanan torpaq, yağış qoxusu yox, mazut, his qoxusu gəlirdi. Bir axşam qohumu kaset gətirdi, qürbətdə olan İran sənətçilərinin kaseti idi.

Gözlərində qəlb göynədən kədər olan sənətçi qız ağrılı, yanğılı səslə farsca oxuyurdu. Sözlərini başa düşməsə də, səsindəki qüssə onu qəhərləndirmişdi. Qohumu mahnının sözlərini onun üçün çevirdi.

Deyir, bura bahar gəlib, ancaq qürbət elin baharı da payızdır.

Vətənın isə payızı da bahardır. Yadına saldıqca iranlı sənətçiyə haqq qazandırırdı.

Bura gələni bahar yaşamamışdı, ağacların tumurcuqladıqlarını, çiçəklərin açdığını, buzların əridiyini görmüşdü, ancaq baharı görüb duymamışdı.

İsti küləklərin əsdiyini, torpaqdan isti buğ qalxdığını, çöllərin həsrət və xəyal içində ilğımlandığını, dəniz kimi ləpələndiyini, mavi suların çağlayıb axdığını görməmişdi.

Küləklər sərt əsir, sular da acıqlı, qaşqabaqlı axırdı.

Dükana gəlib Nadyanın burda olduğunu gördülər, bir az quruluğu, ciddiliyi olsa da, işində məsuliyyətli idi, nə vaxtsa işə gecikməsini xatırlamırdı.

Bir azdan qadın da gəldi, üç cüt ayaqqabı satmışdı, satdıqlarının pulunu vermək istəyirdi, almadı, qoy səndə qalsın, dedi, pula ehtiyacın olar. Bundan sonra satdıqlarının pulunu gətirib verərsən.

Qadın yenə də ayaqqabı götürüb dua eləyə-eləyə getdi.

Beləcə qadın hər gün səhər tezdən gəlir, satılan ayaqqabıların pulunu verir, ayaqqabı, köynək götürüb gediriu.

Bir gün qadının həyacanlanmış halda gəldiyini gördü, sifətində qorxu, vahimə dolu bir ifadə dolaşır, dili söz tutmur, yalnız arada dazbaşların adını çəkirdi. Məlumdu, dazbaşlar indi də bu gücsüz, yaşlı qadına güclərini göstərirdilər.

Bazara doğru qaçdı, qadın da arxasınca gəlirdi.

Yeddi-səkkiz nəfərdilər, təkcə qadının yox, girəcəkdə şey satanların hamısının mallarını dağıdır, satanları ələ salır, döyürdülər.

- Dayanın! – çatan kimi basqınçıların üstünə qışqırdı.

- Sən kimsən? – dazbaşların başçısı Canavar ləqəblı oğlan istehza ilə soruşdu. Canavar onu tanıyırdı, kimliyini soruşmasaydı da olardı.

- Çıxın gedin! – cavab vermədən dedi. – Bir də sizi buralarda görməyim!

- Qara köpək! Bura bizim torpaqdı! – Canavarın səsində iliklərə işləyən kinayə vardı.

– Sən gəlib bizim torpaqda bizə əmr verirsən?

- Mən döyüşçüyəm! – Canavarın dediklərinə əhmiyyət vermirdi. – Getməsəniz, şil-küt olacaqsız!

- U…u!!! – Canavar əlini ağzına tutub uladı, canavar cildinə girib canavar kimi ulamaqla, dişlərini qıcırtmaqla ətrafdakıları qorxudur, onlarda vahimə yaradırdı. – Vurun bu döyüşçünü! Əzin, öldürün qara köpəyi!

Dazbaşlar onu mühasirəyə alıb üstünə atıldılar.

Zərrəcə də həyacanlanmamışdı, soyuqqanlıydı, zərbələrdən məharətlə qorunur, bütün nifrətini, qəzəbini toplayıb vururdu.

Çox keçmədən dazbaşlar əkildilər, qabaqda da Canavar qaçırdı, bir xeyli uzaqlaşandan sonra geri dönüb onu hədələdi: «Qara köpək! Hamınızı öldürəcəyəm! Hamınızı! Birinci də səndən başlayacağam!»

Onun sağ-salamat qayıtdığını görən qızlar sevindilər. Nadyadan fərqli olaraq Sveta azərbaycanca başa düşürdü, onun hara getdiyini bilmişdi. Nahaq onlara baş qoşursan, qız onu məzəmmətləyirdi.

Onlar çoxdu, sən təkbaşına bacarmazsan. İşin olmasın, nə deyirlərsə, verək.

Başını yırğalayır, kədərlə gülümsəyirdi, heç zaman elələrinin qarşısında alçalmaz, kiminsə qabağından qaçmazdı.

Təkcə dazbaşların yox, yerli əhalinin də onlara münasibəti yaxşı deyildi.

Üzərində daima narazı baxışları hiss eləyirdi, açıq-aşkar düşməncəsinə baxır, onunla danışmaq istəmir, hətta soruşulana cavab vermirdilər. Neyləmişdilər bu adamlara? Bu şəhər qarşısında günahları nəydi? Nadyadan soruşdu:

- Nədi bizim günahımız?

- Qarasız, bir də qafqazlı, - qız qızararaq dedi.

Bu da Nadya, barı düşünmür ki, çox yox, yarım əsr bundan əvvəl Bakı nefti, bakılılar olmasaydı, indi yer üzündə Moskva deyilən şəhər yox idi.

Axı bunları unutmaq olmazdı, həm də belə tezliklə. Nadya ona təskinlik verməyə çalışırdı, Rusiya təkcə dazbaşlardan, millətçilərdən ibarət deyil.

Heç də hamı onlar kimi düşünmür. Hamı onlar kimi düşünmür, o da kədərlə dedi, ancaq sən düşünürsən.

Bu gün müştəriləri çox idi, qızlar güclə çatdırırdılar, o da kömək eləyirdi. İş gününün axırına möhkəm yorulmuşdular, ayaq üstə güclə qalırdılar, ancaq heç biri yorğunluqdan şikayətlənmirdi.

Qızlara maaş təyin eləməmişdi, qazanc yetərincə oldumu, qızlar da yüksək aylıq alırdılar.

Buna görə də həvəslə işləyirdilər, ancaq dükan böyük idi, iki nəfər çatdırmırdı. Svetaya bir qız da tapmağı tapşırmışdı. «Cavan, gözəl qız olsun, eləmi? – qız ona sataşırdı. –

Sən də onunla romana qurşanasan, dükan yaddan çıxsın?» «Qocasını tap, - demişdi, - ancaq sonra işləyə bilmir deyə şikayətlənmə».

İşləri uğurlu olanda qeyd eləyirdilər, Nadya bir şüşə konyak, şokalad gətirdi, Sveta kofe dəmlədi. Kefləri kök halda içir, söhbət eləyirdilər.

Yalnız Nadyanın əri zəng eləyib Nadyanın niyə gecikdiyini soruşanda, vaxtın keçdiyini hiss eləyib ayağa qalxdılar.

Qızları evlərinə maşınla aparırdı, Nadyanın evi yaxınlıqdaydı, onu düşürəndən sonra Svetaya bu gecə də onunla getməyi təklif elədi, ancaq qız boyun qaçırdı.

- Yox, anam inciyir. Onsuz da məndən narazıdı. Deyir, vaxtkən özünə ömür-gün yoldaşı tap. O səninlə evlənməyəcək, gün keçirir.

- Bilmirəm, - köks ötürərək dedi, - bəlkə də.. Olsun, gedək.

Maşını döndərib, Svetanın yaşadığı mikrorayonlara doğru istiqamət götürdü.

Yağış yağmağa başlamışdı, küçələrdə sıxlıq idi, yağışın uğultusu belə maşın siqnallarını, yaş şosseyle sürüşən təkər səslərini boğa bilmirdi.

Yağışın, dumanın arxasından maşınlar çıxır, sağa-sola şütüyürdülər. Gəlirdilər, gedirdilər, axının sonu yox idi.

Svetanı evlərinin qabağında düşürtdü. Qız onu öpdü, güzgüyə baxıb saçlarını qaydaya saldı və düşdü.

İslanmasın deyə evə doğru iti addımlarla gedirdi, qızılı saçları titrəyir, çiyinlərini döyəcləyirdi. Başını sükan üstə qoyub baxırdı.

Qız yağışın içiylə keçib getdikcə, uzaqlaşdıqca ona elə gəlirdi dünya boşalır, lap elə mahnıda olduğu kimi.

Qız dalan qapısını açdı, ancaq içəri keçmədi, əli qapının dəstəyində geri döndü, maşının getmədiyini görüb qaça-qaça gəldi.

Qapını açıb oturdu, saçlarından onun üz-gözünə su damcıları sıçradı.

- Nə yaxşı getməyibsən! – qız həyəcanlanmışdı, səsi titrəyirdi.

- Ürəyimə dammışdı ki, qayıdacaqsan.

Sevinci sonsuz idi, yağış suları axan küçələri əvvəlki sıxıntı ilə keçib getmirdi. Yağmur da, gecə də, tutqun şəfəqlə işıldayan şosse yolları da ancaq sevinc gətirirdi.

Qarşıdan gələn, keçib gedən maşınların yanıb sönən işıqları sayrışan uılduzları, ilıq bahar gecələrini xatırladırdı ona.

Meyvə dükanlarının sıra ilə düzüldüyü küçədən keçəndə maşını saxladı, düşüb portağal, naringi, limon aldı, konyak isə evdə vardı. Şeyləri arxaya qoyub, qızdan soruşdu:

- Sənə bir şey alımmı?

- Gül al, - qız dedi.

- Bağışla, - günahkarcasına gülümsədi, qızın gülləri sevdiyini bilirdi, ancaq almır, yadına salınmasını gözləyir.

Gül də aldı və bu gecə evdə çobanyastığı, limon, naringi qoxusu dolaşır, bu qoxuların hesabına Vətən ab-havasıyla nəfəs alırdı.

Kənddəki evlərinin həyətində bir heyva ağacı var idi, payızda heyvalar sapsarı saralıb yetişəndə anası dərib sandığa yığardı.

Hər sandığın qapağını açanda evə heyva qoxusu yayılardı. Sandıqda heyvalar axır çərşənbə bayramına kimi elə qalardı, elə bilərdin ağacdan bu gün dəribsən.

Yataqda qıza dedi:

- Sveta, sənə nağıl danışımmı?

- Nağıl? – qız heyrətlə səslənib güldü.

- Hə.

- Danış.

- Bu böyüklər üçün nağıldı, - danışırdı, qız səsini çıxarmadan qulaq asırdı və o danışdıqca qız qüssələnirdi. – İndi də, müqəddəs Azərbaycanın o uzaq, ucqar dağ kəndində ana gündə üç dəfə namaz qılır, - deyirdi. – Namaz üstə əlini göyə açıb Allaha yalvarır, ey uca Rəbbim, balamı qoru, deyir.

- Sənin anandı? – Sveta ağlayırdı.

- Mənim nağılımdı, - dedi.

***

Səhər tezdən işə gedirdilər, yağış kesmiş, göyün üzü açılmışdı.

Kasetləri yığdığı qutunu axtarırdı, bir gözü yolda olduğundan istədiyi kaseti gec tapdı, maqnitafona qoyub düyməni basdı. Songül Karlı şirin, həzin səslə oxuyurdu.

Sağım yalan, solum yalan,
Gedən yalan, gələn yalan,
Gördüm, baxdım, dünya yalan!

Düyməni basıb maqnitafonu söndürdü, payız, qürbətçilik kədəri azlıq eləyirdi, bu mahnı qəlbini lap alt-üst elədi, onu kökündən silkələdi. Qız halını duydu.

- Sənə nə olub, darıxırsan? – soruşdu.

- Hə, - dedi.

- Vətən üçün?

- Bilmirəm, - boğuq səslə dedi.

Bu gün də Soçidə yaşayan Tanyanın ad günü idi. Rabitə şöbəsinin qabağından keçəndə maşını saxladı, Tanyanı təbrik eləmək lazım idi.

Sveta onun hara getdiyini öyrənib soruşdu, onunla necə, hekayəlikmi işin olub? Yox, dedi, onunla işimiz romanlıq idi.

Beləydi, Tanya gözəl olduğu qədər də özünə güvənən, inanan, cəsarətli, ehtiraslı qız idi. Hansı oğlandan xoşu gəldi, oğlanın nə vaxt yaxınlaşacağını gözləməzdi, özü yaxınlaşacaqdı.

Xoşu gəlməyən oğlanlar neyləsələr də, Tanyanın həndəvərinə belə fırlana bilməzdilər, bir dəfə yox dedi, qurtardı.

Eyni yataqxanada qalırdılar, aşağıdakı qatda qızlar, yuxarıda isə onlar. Gecə yarısı bir də görürdün onu silkələyib oyadır.

Qızı məzəmmətləyirdi. Dəlisən, burda hamısı oğlanlardı. Kimə deyirsən, Tanya bildiyini eləyirdi.

Bir dəfə Vitya adlı qrup yoldaşı ona şikayətləndi: «Bu qız məni zorladı, əməlli başlı zorladı».

«Nə itiribsən? – dostu Saşa Vityaya lağ elədi. – Nəyə heyfin gəlir? Bakirəliyini pozublar?»

«Ninanın üzünə necə baxacağam?» - Vitya sakitləşmirdi. Nina da onlarla bir qrupda oxuyurdu və Vitya Ninanı dəlicəsinə sevirdi.

«Dərd eləmə, - Saşa gülə-gülə ona təskinlik verirdi. – O qız az qala qrupdakı bütün oğlanları dediyin cür eləyib. Şəxsən məni bir neçə dəfə!»

Açıqlama alıb arxasını yazdı, əvvəlcə Tanyanı təbrik elədi. Sonra isə Tanyaya demək istədiyi sözləri yazdı. «Tanya, darıxmışam sizin üçün!

Görüşək, bir yerə yığışaq bəlkə? Vətənə qayıtmaq istəyirəm. Bezdirdi məni sizin payızınız, yağışlarınız!

Belə də payız olar? Bu nə cür yağışdı?» Həmişə beləydi, yalnız yazıb qurtarandan sonra bunların təbrik üçün yazılan sözlər olmadığını dərk eləyirdi, ancaq pozmadı.

Tələbə dostuyla, şirin xatirələri ilə bağlı olan qızla öz fikirlərini, düşüncələrini ürəyi istəyən kimi bölüşürdü.

***

Evdən çıxıb maşını saxladığı dayanacağa doğru gedəndə yolun kənarındakı ağacların arasından bir dəstə çıxıb qabağını kəsdi.

Qabaqda dayanan Faiq idi, soyuq və iyrənc istehza ilə gülümsəyirdi. Faiqin hirslənib onu hədələdiyini zənn eləmişdi, bu isə bir bölük adam götürüb gəlmişdi.

Onu döymək, yada öldürmək istəyirdilər, hər halda salamlaşmağa gəlməmişdilər. Bu adam illər öncə Moskvaya gələndə cibində bir qəpik pulu, qalmağa yeri yox idi.

Bir parça çörək üçün nəyə desən gedərdi.

İmkan vermədi, qoymadı Faiqi çətinlik çəkməyə, bir il evində saxladı, cibinə pul qoyur, birlikdə yeyib içirdilər.

Sonra Faiq üçün bazarda yer aldı, maya verdi, ticarətə başladı, indi dükanları, bəs qədər pulu var idi.

- Bax belə, hesablaşmaq zamanı gəldi, - Faiqin hər sözü ürəyinə tikan kimi batırdı. – Sən məni alçaltdın, alçalmalısan.

- Mən səni yox, oğrunu alçaltdım. Adamlarını da götür, get. Gülərlər bizə.

- Sən əyiləcəksən! – Faiq onu eşitmirmiş kimi yaxınlaşırdı. – Alçalacaqsan! Ayaqlarıma döşənib üzr istəyəcəksən! Yoxsa, öləcəksən!

- Mən əyiləndə qazancın nə olacaq?

- Hər işdə qazanc güdülməz.

- Gedin! – qəlb ağrısı ilə deyirdi. Öz yerlisi, din, qan qardaşı ilə yad, yabançı şəhərin küçələrində vuruşacağını fikirləşmək ona ağır gəlirdi. – Məni öldürmək olar, ancaq əymək, sındırmaq yox. Cəfəng işdi!

Eyni anda üstünə atıldılar, o isə artıq hücumu dəf eləməyə hazırdı.

Belini şam ağacına söykəmişdi, hansı ölkənin olmasından asılı olmayaraq ağaclar adamlardan fərqli olaraq bircə dəfə də ona qarşı namərdlik eləməmişdilər, indi də şam ağacı onu qoruyurdu.

Xoş təsadüfdən ağacın qırılıb yerə düşmüş iri bir budağı əlinə keçdi və işi xeyli asanlaşdı, yoxsa bıçaqla, dəmir alətlərlə silahlanmış quldurlarla çətin olacaqdı.

Kimsəni yaxın buraxmırdı, budaq kimə dəyirdisə bir daha ona yaxın düşmürdü.

Sonda hamısı qaçdı, iki-üç budaq dəydiyindən qaça bilməyən Faiq isə yerdə qıvrılırdı.
Sənə nə lazım idi, soruşurdu, bunumu istəyirdin?

Xəbərdarlıq elədim, qarşıma çıxma, dedim. Sənsə çıxdın, hələ bir məni əymək, sındırmaq da istəyirdin.

Faiq yalvarırdı, öldürmə məni, duz-çörək kəsmişik, dost olmuşuq. Yadına düşmüşdü nəhayət.

Bəs, dostunun üstünə hər millətdən olan qatilləri, quldurları gətirəndə niyə bunlar yadına düşmürdü?

Qazanc güdmürdun, sadəcə olaraq əymək, sındırmaq istəyirdin, ya da öldürəcəkdin. Elə isə özün ölməlisən. Birdən ağlına gələn fikirdən ayaq üstəcə donub qaldı.

Yəqin bunun da anası var idi, gündə üç dəfə namaz üstə oğlunu qoruması üçün Allaha yalvarırdı.

Oğlunun ölümünü eşitsəydi necə olardı halı, nələr çəkərdi? Yaxasını cırar, saçını yolar, qarğıyardı oğlunun qatilini.

Faiqə bir-iki təpik vurub qovdu, Faiq axsaya-axsaya qaçırdı.

Bir xeyli uzaqlaşandan sonra dönüb yenə də onu hədələdi. Bunlara nə olmuşdu, yanında olanda sözlərini deyə bilmirdilər, yalnız uzaqlaşandan sonra dilləri açılırdı.

- Unutma! Günlərin birində düz alnının ortasından vurulacaqsan!

- Kimin harasından vurulacağı bilinməz, - özüylə danışırmış kimi deyirdi. – Bu taledi! Kimin ömrü harda bitəcək, kim nədən öləcək, öz əcəliyləmi, ya qəzadanmı, kimsə bilə bilməz!

Gözünün altı partlamış, alnı, üzü cızılmışdı, evə qayıdıb yuyundu, əzilən yerlərə yapışqan yapışdırdı, paltarlarını dəyişib çıxdı.

Dükanda qızlar onu heyrətlə qarşıladılar. Bu nədi, kimlə dalaşıbsan, Sveta həyacanla soruşdu, yenə dazbaşlarla rastlaşdın?

O da başıyla təsdiqləyirdi, hə, deyirdi, bu dəfə öz dazbaşlarımızdı. Qız inana bilmirdi.

- Sizdə də onlardan var? Pul istəyirdilər? – qız təşviş içindəydi.

- Yox, - dedi, - onlar qazanc güdmürlər. Sındırmaq istəyirdilər.

Qız bir şey anlamadı, içəri müştərilər girdi və bu cansıxıcı söhbətdən canı qurtardı. Nadyanın qızı burdaydı, anasının başı müştərilərə qarışdığından onun yanına gəldi. Məlum işdi, nağıl danışmalıydı onun üçün, ya da nəsə soruşacaqdı.

- Sizdə günəş doğur? – qızcığaz qəribə sual verirdi.

- Doğur.

- Dəniziniz var?

- Var.

- İstidi?

- Əvvəllər isti olurdu, - ağır-ağır dedi.

Qızcığaz ona təəcüblə baxırdı, o isə öz aləmindəydi. Qərarı qətiydi, qayıdacaqdı Vətənə. Deyəcəkdi, sizdən bircə xahişim var, imkan verin, Vətənin bir payızını yaşayım, vur-tut bircə payızını.

Ondan sonra istəyirsiz öldürün, asın, kəsin, güllələyin.

Qoy payızda alov rənginə çalan fıstıq ağaclarını, kolların dibinə yaprıxmış sapsarı çöl otlarını, çöllərin üzəriylə sürünən payız dumanını, ara vermədən yağan isti payız yağışlarını bir də görüm, son dəfə.

Qız qolundan yapışıb silkələyirdi, verdiyi cavablar qızı qane eləməmişdi, qaşqabaqlıydı, nağılı danış, deyirdi.

- Hansı nağılı? – soruşdu.

- Döyüşçünün nağılını.

- Danışaram, - söz verdi, - vaxtımız var hələ.

- Birdən çatmadı? – qız qaşlarını çatmışdı.

- Nə? – xəyaldan ayrıldı.

- Vaxt.

- Çatar, - qızın yumşaq saçlarını sığallayırdı, - insan ömrü bir nağılı danışıb qurtarmaq
üçün hər halda bəs elər.

***

Dükana gələndə qızlar artıq burdaydılar. Sveta dedi ki, səni bir qız gözləyir. Qız ona tərəf gəlirdi, yanında kiçik bir oğlan uşağı var idi.

Bu qızı hardasa görmüşdü, ancaq ha fikirləşsə də, harda rastlaşdıqlarını xatırlaya bilmirdi.

- Tanımadın? – qız qızararaq soruşdu.

- Yox, - etiraf elədi.

- Lenayam, - qızın dodaqları əsdi, belə qarşılanacağını gözləmirdi.

- Le…ena?! – inamsızlıqla səsləndi. Özüydü ki, vardı. Arıqlamış, sirsifəti solmuşdu, gözlərinin dərinliyində xəfif kədər var idi. Qarşısında dayanan həmən o qız idi, tələbə yoldaşı. Baxışlarından od, yanaqlarından qan daman dəcəl, şıltaq Lena!

Qızı qucaqladı, bu görüşü gözləmirdi, gövrəlmişdi.

Lena ona sığınmışdı, göz yaşları içində deyirdi ki, əri onu atıb gedib, körpə uşaqla tək qalandan sonra çox axtarsa da, iş tapa bilməyib.

Nəyi varsa satıb, bilet alıb, onun yanına gəlib. «Yaxşı eləyib gəlibsən! – qıza təsəlli verirdi. – Afərin! Birlikdə işlərik, sənə qalmağa yer də taparıq. Ürəyini sıxma, çətin günlər arxada qaldı! Hər şey yaxşı olacaq»

Qızı sakitləşdirib pəncərə qabağındakı kresloda oturtdu, Nadya çay gətirdi. Anası kimi qıvrım saçları olan, anasının donunun ətəklərini buraxmayan oğlanın saçlarını sığalladı, aşağı əyilib nəvazişlə soruşdu.

- Adın nədi?

- Zamin, - oğlan çəkinə-çəkinə dedi.

- Necə? – səhv eşitdiyini zənn elədi.

- Zamin, - oğlan təkrar elədi, Lenanın yanaqları allandı, sanki gizlin sirrinin üstü açılmışdı.

Gövrəldi. Təkcə onun üçün doğma deyilmiş o illər, o uşaqlar. Onu da unutmayanlar, xatırlayanlar, adını yaşadanlar var imiş.

Svetanı çağırdı, onu sözsüz başa düşən qız Lenanı evlərinə aparmağa həvəslə razılıq verdi.

Dedi, anam Lenanı heç yerə buraxmayacaq, onsuz da mən çox vaxt gecələr evə getmirəm, arvad darıxır.

Maşının açarlarını Svetaya verdi, Lenaya dedi ki, yol gəlbisən, yorğun olarsan, get, yuyun, dincəl, qalan işlər haqda sabah danışarıq.

Axşama da hazırlaşın, gölün sahilindəki restorana gedəcəyik, bu görüşü qeyd eləməliyik.

Dükanda Nadya ilə ikisi qaldı, işi çox olsa da, Nadya çay dəmləyib gətirdi.

Onun fikirli, qayğılı olduğunu görüb bunu Lenanın gəlişi ilə bağlamışdı. «Fikir eləmə, - dedi, - bizimlə işlər. Kömək elərik». Başını qaldırıb, minnətdarlıq dolu baxışları ilə qızı süzdü.

- Qızın necədi? – soruşdu.

- Yaxşıdı, - ciddi, qaraqabaq idi, ancaq qızından söz düşdümü, gözlərində ilıq təbəssüm canlanırdı.

- Neyleyir evdə?

- Oynayır! - Nadya dedi və heç gözləmədiyi halda qəhqəhə ilə güldü. – Bir-iki dəfə bura gəlib, sizin musiqiyə qulaq asıb, indi hansı musqi çalınsa da, əllərini qaldırmır. Elə ki Azərbaycan musiqisi çalınır, saxlamaq olmur.

Bax belə Nadya. Sən qafqazlıları sevmirsən, musiqimizi bəyənmirsən. Qızın isə hələ kiçikdi, dünyanın ölkələrə, millətlərə bölünməsindən xəbərsizdi.

Hansı musiqini xoşlayırsa, hansı musiqi sümüklərinə düşürsə, onu da oynayır. Böyüyəndə necə olacaq? Nə biləsən, həyatı bilmək olur…

Nadya çayı kəklikotu ilə dəmləmişdi, rütubətli, soyuq payız qoxuları içində kəkotu qoxusu, doğma çöllərin ətri onu gövrəldirdi.

Yazın sonunda dağlardan əsən küləklər kəkotu, yovşan qoxusu gətirirdi, külək sakitləşəndən sonra belə uzun müddət bu qoxular çəkilmirdi, sanki dağlardan gələn kəkotu qoxusu daşlara, ağaclara, evlərə də hopurdu.

- Nadya, - dedi, - sənə nağıl danışımmı?

- Öz nağılını?

- Hə, - dedi.

- Bilirəm, - Nadya gülümsədi, - qızım danışıb. Sonunu bilmək istəyirəm, sonu necə olacaq?

- Döyüşçü öz toprağına qayıdacaq. Deyəcək, imkan verin Vətəndə bircə payız yaşayım! Dözə bilmədim rus payızına. Allah, Allah, bu payız didir məni, parçalıyır, sökür! Allahım, məni bu payızdan qoru!

- Allah səni insanlardan qorusun! – Nadya dedi və xaç çəkdi.

Nadya ixtisasca geoloqdu, müxtəlif ekspedisiyaların tərkibində Rusiyanı başdan-başa gəzmişdi. Sibirdən, Tayqadan danışmağı xoşlayırdı.

Sən Rusiyanın harasını görübsən ki, belə danışırsan, onu məzəmmətləyirdi. Bir görəydin Tayqa meşələri payızı necə qarşılayır?

Kareliya ağcaqayınları, Ural dağları bilirsənmı payızda necə olur?

O isə artıq Nadyaya qulaq asmırdı, yenidən xəyalə dalmışdı, bayaq qulaq asdığı mahnının sözləri qulaqlarında təkrar-təkrar səslənirdi.

Deyəsən elə beləydi ki, vardı, sağ da yalandı, sol da, gedən də, gələn də, dünya da.

Nadya televizoru açmışdı, xəbərləri verirdilər. Rusiyanın hansısa şəhərində terrorçular yaşayış evini partlatmışdılar, ölənlər, yaralanlar vardı. Aparıcının nə deyəcəyini gözləmədən Nadya öz qərarını verdi.

- Sizlərin işidi!

- Nədən bildin? – soruşdu.

- Başqa kim partladacaq? – Nadya etiraza yol verməyəcək tərzdə əminliklə dedi.

- Nadya, bəs mənim Vətənimdə minlərlə evləri, antik tikililəri, məscidləri partladanlar kimlərdi? Yüzlərlə kəndi, şəhəri yer üzündən silən, minlərlə günahsız insanları öldürən kimlərdi? Bir bina partalyıb, faciədi sizin üçün, bizim bu boyda faciəmizi niyə görmürsüz?

Əlini yelləyib susdu, özünü qınayırdı, döyüşçü özünü bu qızın qarşısında təmizə çıxardır, şikayətlənirdi. Bununla belə düşüncələrini, qəlbindən keçənləri qızla bölməyə ehtiyac duyurdu.

- Nadya, bizim yalnız bir günahımız var?

- Nədi? – Nadya səmimi soruşur, onu anladığını hiss elətdirmək istəyirdi.

- Türkük, bir də müsəlman.

Qız ona heyrətlə baxırdı, birdən tükürpərdən səslə qışqırdı:

- Zami...i…in!!!

Dönüb baxdı, dazbaşlar gəlirdi, qabaqda gələn Canavarın əlində avtomat var idi. Özünə gələnə kimi Nadya onun üstünə atıldı, dərhal da atəş səsləri eşidildi.

Şüşələr çiliklənib ətrafa sıçrayır, rəflərdən ayaqqabılar, köynəklər tökülürdü.

Nadyanın vurulduğunu başa düşdü, qaraları sevməyən, onlara münasibətini hər vasitə ilə hiss elətdirən rus qızı onu qorumaq üçün güllənin qabağına atılmış, özünü qurban vermişdi.

Dazbaşlar içəri girirdilər, ilk girənin Canavar olduğunu bildi, üstünə tökülən şeylərin altından kobud ayaqqabıları görünürdü.

Ani bir hərəkətlə köynəkləri, ayaqqabıları Canavarın üstünə atıb ayağa sıçradı, Canavarın qolundan yapışıb, avtomatı onun əlindən aldı. Arxası üstə döşəməyə uzanıb, insanlıq simasını itirmiş bu vəhşilərə, qatillərə atəş açırdı.

Güllə yağışına düşmüş Canavar sanki rəqs eləyirdi. Arxasınca gələnləri də sərrast atəşlə biçirdi, döyüşçüydü, gülləsi boşa çıxmırdı.

Basqınçıların heç birinin sağ qalmadığına əmin olandan sonra çölə qaçdı, öldürməyə gələnləri ölüm tapmışdı, dükanın qabağında bir-birlərinin üstünə yıxılmışdılar.

Geri dönüb Nadyanın yanına qayıtmaq istəyəndə sanki kürəyinə qızmar şiş batırdılar, atəş səslərini isə bir az gec eşitdi.

Dönüb baxdı, ona atəş açanın gül kolunun arxasında gizləndiyini gördü, payız günəşinin solğun şəfəqləri daz başında oynaşırdı.

Nişan almadan atəş açdı, bu da belə, onu öldürdü, ancaq özü də yaşaya bilmədi.

Səntirlədi, arxası üstə səkinin kənarındakı yaşıllığa uzandı. Başı üzərindəki Moskvanın buludlu, bomboz payız səmasına baxır, ağrılar içində qıvrılırdı.

Çox istədi, çalışdı, ancaq rus payızından qaça bilmədi, qayıda bilmədi Vətənə!

O Vətənə ki, anasından başqa orda heç kim onun yolunu gözləmirdi, orda heç kimə lazım deyildi.

Nadyanın fındıqburun qızı üzərinə əyilmişdi.

- Danış, - qız dedi.

- Nəyi? – ağrılar sözünü deməyə imkan vermirdi.

- Nağılı!

- Hə, - xatırladı, - bu böyüklər üçün nağıldı. Biri var idi, biri yox idi, bir döyüşçü var idi. Yox, mən bu nağılı sənə sona qədər danışa bilmədim. Vaxtım çatmadı. Bir insan ömrü bir nağılı sona çatdırmağa bəs eləmədi. Kiçik Zamin gəldi, böyük Zamin gedir.
Faiq deyən kimi oldu, ancaq cüzi fərqlə, alnından yox, kürəyindən vurdular. Anasını düşünürdü, necə olacaqdı, oğlunun ölüm xəbərini eşidəndə nələr çəkəcəkdi. Leninqrad universtitetini bitirən həmən uşaqlar da bundan sonra ad günlərində 21 yox, 20 açıqlama alacaqlar. Son dəfə öz doğma dilində anasını səslədi.

- Ana!

Hər şey bitdi.

Səs-küyə adamlar gəlirdilər, ona yaxınlaşmağa cürət eləyən yox idi. Bir rus qarısı keçmiş bakılılardan idi, döyüşçünün son nəfəsdə kimi çağırdığını anlamışdı.

Bunların hamısının anası var idi, hamısını ana doğmuşdu, bəs niyə bir-birlərini qırırdılar. Qarı səssizcə xaç çəkdi və ağladı.

Atəş səslərini eşidən qadın gəlib çatanda gördüyü mənzərədən sarsıldı.

Ona bu qədər yaxşılıqlar eləmiş oğlan dükanın qabağında, səkinin kənarındakı yaşıllıqda cansız halda uzanmışdı.

Uzanmışdı payız ab-havası dolaşan uzaq, yad rus şəhərində, gözlərində bomboz payız səması əks olunmuşdu.

Oğlan üçün dua eləyir, Tanrıya yalvarırdı, duaları oğlanı qoruya bilmədi.

Gözlərini qapamaq üçün oğlana yaxınlaşmaq istədi, ancaq qıçları əsdi, heysiz halda səkinin üstündə oturdu. Əllərini dizlərinə döyüb qəlb didən səslə:

- Vay nənə…ə!!! – dedi.
XS
SM
MD
LG