Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:28

Astarada şikayətçilərlə prezidentin arasına polis girdi…


İş adamı Vidadi Mirzəyev deyir ki, Astarada fövqəladə vəziyyətdir
İş adamı Vidadi Mirzəyev deyir ki, Astarada fövqəladə vəziyyətdir
Aprelin 15-də səhər saatlarında Astara şəhərinin Nizami, Azərbaycan, Qum küçələri və H.Əliyev prospekti polislərlə əhatə olunmuşdu. Məktəblərdə dərslər dayandırılmış, mağazalar bağlanmışdı. İdarə və müəssisələrdə də iş getmirdi. Astara gömrükxanası işləmirdi. Aldığımız məlumata görə, İran gömrükxanasında da ehtiyat tədbirləri görülüb. Gömrükxanada olan adamları ərazidən uzaqlaşdırıblar.

PREZİDENTLƏ GÖRÜŞƏ QABAQCADAN SİYAHIYA SALINMIŞ ADAMLARI BURAXIBLAR

Bakı-Astara yoluna minik maşınımızı buraxmadılar. Astara şəhərinin mərkəzinə piyada getməli olduq. Bakı-Astara yolunda hər yüz metrdən bir dayanan polislər bizdən hara getdiyimizi soruşurdular. Heydər Əliyev Mərkəzinə az qalmış bizi saxladılar və geri qayıtmağımızı tələb etdilər. Jurnalist vəsiqəmizi göstərsək də, buna əhəmiyyət verilmədi. Bizə dedilər ki, prezident İ.Əliyev yeni tikilmiş mərkəzin açılışında iştirak edəcək. Buna görə də oraya heç kim buraxılmır. Həmin istiqamətdə bir neçə polis kordonu qurulmuşdu. Yolun kənarında da durmağa icazə verilmirdi. Etiraz edənləri polis maşınına mindirib aparırdılar.

Astaraya 7-8 rayonun polis işçiləri cəlb olunub. Prezidentlə görüşə qabaqcadan siyahıya salınmış «etibarlı» adamları buraxıblar.

«ASTARADA FÖVQƏLADƏ VƏZİYYƏTDİR»

Məktəblərdə dərslər dayandırılmış, mağazalar bağlanmışdı
Adının çəkilməsini istəməyən bir polis işçisinin dediyinə görə, 3 gündür ki, yollardadırlar. Maşında gecələyirlər, paltarları çirk içindədir. O deyir ki, mühafizənin gücləndirilməsinə səbəb terrordan ehtiyatlanmalarıdır. Astara İran sərhədində yerləşir. Hər cür təhlükə ola bilər. İş adamı Vidadi Mirzəyev deyir ki, Astarada fövqəladə vəziyyətdir.

«KİMDƏN QORXURLAR?»


Prezidentə şikayət etmək istəyən bir qrup Astara sakinini sıxışdırıb şəhər 1 saylı orta məktəbin həyətinə saldılar. Əlavə polis dəstələri çağırıldı. Qarabağ döyüşlərində 2 oğlunu itirən Astara rayon sakini Şaumyar Abdullayev prezidentlə görüşmək istədiyini, ona şikayəti olduğunu söyləsə də, onun qolundan tutub ərazidən uzaqlaşdırdılar. Ş.Abdullayev AzadlıqRadiosuna bildirdi ki, maddi durumu yaxşı deyil:

«Xəstəxanada müalicə olunmaq üçün məndən pul istəyirlər. Bu barədə etdiyim şikayətlər də cavabsız qalır. Bu prezidenti xalqdan nə üçün gizlədirlər. Başa düşmək olmur. Kimdən qorxurlar?».

«BURADAN PREZİDENT KEÇƏCƏK»


Sabiq polis işçisi Fətulla Qurbanov deyir ki, təsadüfən dostunun yanına gəlib, indi geri qayıda bilmir:

Küçədən keçməyə imkan vermirlər.
«Küçədən keçməyə imkan vermirlər. Polislər deyir ki, olmaz, buradan prezident keçəcək. Biz haçandan prezident üçün arzuolunmaz adamlar olmuşuq. Bizim hüquqlarımızı nə üçün pozurlar? Mən inanmıram ki, prezident belə göstəriş versin».

Astara rayonun Ərçivan kənd sakini Hacı Fayıq Cəfərov maşınla yola çıxmaq istəyib, polislər qoymayıb. Ona görə piyada yola çıxmalı olub. Polis maşınına minib:

«Maşında məndən soruşdular ki, hara gedirsən. Mən dedim ki, rayon mərkəzinə. Dedilər ora olmaz. Apardılar polis şöbəsinə. Rayon polis şöbəsinin rəisi ilə görüşdən sonra məni buraxdılar».

«PREZİDENTƏ ŞİKAYƏT ETMƏK OLMAZ»

Prezidentə şikayət etmək istəyən şəhər sakini Fəridə İbayeva da polis kordonunu yara bilmədiyini söylədi:

«Həyat yoldaşım rəhmətə gedib. Ailədə üç nəfərik, hamısı da işsiz. Bununla bağlı icra hakimiyyəti başçısının yanında olmuşam, mənə deyir ki, hara şikayətə gedirsən get. Prezidentə şikayət etmək istəyirəm, deyirlər ki, olmaz».

Prezident İ.Əliyev yeni inşa edilmiş H.Əliyev Mərkəzinin, Gənclər evinin, Astara-Şahağacı yolunun, Qaz kompressorun açılışında iştirak edib. Bundan başqa, Astara Su Elektrik Stansiyasının təməl qoyma mərasiminə də qatılıb.
XS
SM
MD
LG