Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:22

«Mən həmişə azad şair olmuşam…»


Ramiz Rövşən 60 yaşında
Ramiz Rövşən 60 yaşında

«Məni sevənlərdən ötrü 23 yaşımda qala bilmərəm» deyən şair Ramiz Rövşən 60 yaşını haqladı. Dekabrın 15-də Yazıçılar Bİrliyində onun təbrikinə gələnlər həm bu yuvarlaq rəqəm, həm də onun illərdi sorağı gələn və nəhayət çap olunan «Nəfəs – kitablar kitabı»na görə təbrik etdilər.


Şairliklə yanaşı arada ssenari yazan və Kinostudiyada baş redaktor işləyən Ramiz Rövşən dedi ki, kinonu da şeir qədər sevir. Amma, bununla belə, kinoya ona görə gəlib ki, şeiri ona köynək almaq üçün vasitə olmasın: «Mən həmişə azad şair olmuşam…»


Ramiz Rövşən deyir ki, 1990-cı ildən o yaradıcılığa, şerə-sözə az vaxt ayırıb. Amma, indi daha çox yazmaq istəyir. Həm də bu qənaətdədir ki, ömrünün qalanını da yalnız yaradıcılığa sərf etsin.


Çoxdandı Yazıçılar Birliyində belə qələbəliyin olmadığını qurumun sədri Anar da söylədi. Dekabrın 15-də burda doğrudan da iynə atsan yerə düşməzdi. Kimi xatirəsini bölüşür, kimi Ramiz Rövşəni şeirinin izahını açmağa çalışırdı.


Yazıçı Seyran Səxavət sözü zarafata saldı: «Hər kəsin kəndində seyid olar. O, kimin qabağına çıxsa işi düzəlməz. Ramiz Rövşən otuz ildir ki, Azərbaycan şeirinin seyididir. Otuz ildir heç kimin işi düzəlmir».


Sabir Rüstəmxanlı: «Ramizin bir misrası var: «Dağlar uca boydu, boyuna qurban». Ramiz Rövşən sözü mahiyyətinə, Füzuli sehrinə qaytaran şairdir».


Millət vəkili Pənah Hüseynə görə isə Ramiz Rövşənlə bir dövrdə yaşamaq xoşbəxtlikdir. Vaqif Səmədoğlu deyir ki, Ramiz Rövşən daim püskürən səmimiyyət, dostluq və poeziya vulkanıdır.


Ramiz Rövşən onu sevənlərə bir yarpaq şeir ərmağan etdi. Bu məclisi də öz sözü ilə başa vurdu…


Bulud kimi ölmək bir yaz yağışında.


Ümid kimi ölmək bir qız baxışında.


Bir yel qanadında yarpaq kimi ölmək.


Bir qəbir altında torpaq kimi ölmək


Bir gül kimi ölmək bir güldan içində,


Bir bülbül kimi ölmək hicran içində.


Bir səs kimi ölmək bir kar qulağında,


Bir söz kimi ölmək bir lal dodağında.


Gündən-günə ölmək, dönə-dönə ölmək.


Öldükcə dirilmək, sonra yenə ölmək…


XS
SM
MD
LG