Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:59

Avropa Şurasının yay sessiyasından nə gözləyək?


Avropa Şurasının arsenalında iki mexanizm qalıb…
Avropa Şurasının arsenalında iki mexanizm qalıb…
Azərbaycandakı ictimai və siyasi vəziyyət elə hala gəlib ki, proseslərə daxili təsir mexanizmləri kifayət qədər tükənib – siyasət və media sözün əsl mənasında, böhran keçirir. Siyasi partiyaların fəaliyyəti yox dərəcəsindədir. Ancaq seçki dövründə fəallığın zəruri olduğunu bəhanə gətirən ünvansız partiyalar proseslərə hətta bəyanat formasında da münasibət bildirmirlər.

Cəmiyyət baş verən hadisələrə tam etinasız və biganədir. İnsanlar hətta bahalaşma ilə bağlı mitinqlərə və siyasi tədbirlərə belə qatılmırlar. Bu cür tədbirlər keçirən bəzi partiyalar onları dayandırmaq məcburiyyətində qaldılar. Müşahidəçilər siyasi apatiyanın bu qədər yüksək olduğu dövrü xatırlamırlar. Meydanda tək qalan və hər tərəfdən sıxışdırılan ancaq mətbuatdır. Yeddi jurnalistin həbsindən, iki qəzetin bağlanmasından və 24-ə yaxın jurnalistin siyasi sığınacaq üçün müraciət etməsindən sonra mətbuat da şokdan ayrıla bilmir. Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının mətbuatla bağlı keçirdiyi tədbirdə bu böhran nəinki gündəliyə gətirilmədi, hətta qeyd olunan jurnalistlər və mətbuat nümayəndələri tədbirə belə dəvət olunmadılar. Bu hadisədən sonra böhranın daxili resurslar hesabına aradan qaldırılacağına ümidlər tamamilə azaldı.


İndi hamı Avropa Şurasının yay sessiyasındakı dinləmələrin nəticəsini gözləyir. Sessiyada da Azərbaycandakı vəziyyət gündəliyə salınmadı, onun ancaq komitələrdə müzakirəsinə qərar verildi. Sessiyadan əvvəl 100–ə yaxın adam Avropa Şurasının baş katibinə Azərbaycandakı vəziyyətlə, xüsusilə də söz azadlığı və mətbuatla bağlı durumla əlaqədar müraciət etmişdi. Bu müraciət həm də ona görə meydana çıxmışdı ki, Terri Devis məsələyə ancaq birbaşa müraciətlərin olacağı təqdirdə baxılacağını bildirmişdi.


Amma etiraf etmək lazımdır ki, Andreas Qross kimi fədakar insanlardan sonra Avropa Şurasının missiyası da daha proseslərə əvvəlki kimi təsir etmək iqtidarında deyil. Bunun bir səbəbi beynəlxalq siyasətdə də idealist insanların azalmasıdırsa, digər səbəbi də Azərbaycan hökumətinin etinasızlıq potensialının artmasıdır. Neft bumu yaşayan, geopolitikanın tükənməz imkanlarından bəhrələnən Azərbaycan daha demokratiyanın vəziyyəti ilə bağlı səslənən iradlara həssaslığını itirib. Avropa Şurasının da arsenalındakı təsir mexanizmləri tükənməz deyil. İki mexanizm qalıb: Azərbaycan nümayəndə heyətinin mandatlarını dondurmaq və Azərbaycanı Şuradan xaric etmək.


Amma Avropa Şurası bu iki mexanizmə hələ ki əl atmaq fikrində deyil.


Azərbaycan öz öhdəliklərini yerinə yetirməkdə davam etdiyini israr edir.


Burada özünəməxsus çaşdırıcı addımdan da istifadə olunur. İnsanlar qeyri – siyasi maddələrlə təqib olunurlar və ilk baxışda belə təəssürat yaranır ki, ölkədə siyasi məhbus yoxdur. Hətta jurnalistlər də daha əvvəlki kimi böhtan maddələri ilə deyil, daha ağır maddələrlə ittiham olunurlar. Sonuncu ona görə edilir ki, ölkədə diffamasiya haqqında qanunun qəbul edilməsi barədə tələblər səngimir. Hakimiyyət də nümayiş etdirmək istəyir ki, bu maddə, necə deyərlər, «ölü maddə»dir, praktikada tətbiq olunmur. İstisna deyil ki, gec–tez diffamasiya haqqında qanun qəbul ediləcək.


Amma bu perspektiv jurnalistləri bir o qədər də sevindirmir. Məsələ bundadır ki, bundan sonra jurnalistlər daha ağır maddələrlə məsuliyyətə cəlb oluna bilərlər. İndi iyul ayında, jurnalistika günündə həbs edilmiş jurnalistlərin əfvi gözlənilir. Amma bu məsələ Avropa Şurasındakı dinləmələrdən də asılıdır. Belə fikirlər səslənir ki, Avropa Şurasının payız sessiyasına qədər vaxt alan Azərbaycan hakimiyyəti bu addımı atmayacaq və deməli, jurnalistlər də həbsdə qalacaq. Avropa Şurası isə tələsmir. Hətta onları belə bir fakt da tələsdirmir ki, bir ildən sonra Azərbaycanda prezident seçkisi keçirilməlidir. Demokratik seçkiləri azad mətbuatsız, siyasi partiyalarsız, qeyri– hökumət təşkilatları olmadan necə təsəvvür etmək olar? Bu sualın cavabını heç kim bilmir. Avropa Şurası isə susmaqda davam edir.


XS
SM
MD
LG