Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:41

«Demokratiya Mifi. Fantaziya Pakistanı»


«Pakistanda nə demokratiya, nə də konstitusiyanın aliliyi heç vaxt mövcud olmayıb»
«Pakistanda nə demokratiya, nə də konstitusiyanın aliliyi heç vaxt mövcud olmayıb»

Noyabrın 26-da Amerikanın konservativ dərgisi olan «National Review» Stenli Kurtsun «Demokratiya Mifi. Fantaziya Pakistanı» başlıqlı məqaləsini dərc edib. Müəyyən mənada ABŞ-ın konservativ dairələrinin rəyini əks etdirən dərgidə müəllif Pakistandakı son siyasi prosesləri təhlil edir və ABŞ-dakı hakimiyyətin liberal opponentlərinin Müşərrəfi devirmək çağırışlarına cavab verir.


Stenli Kurts məqaləni aşağıdakı radikal fikirlərlə başlayır: « Pakistan demokratiya deyil. Pakistan heç vaxt demokratiya olmayıb». Müəllifin fikrincə Pakistanda qanunun aliliyi yoxdur və belə bir şəraitdə demokratik seçki proseduru gec-tez islamçı radikalları hakimiyyətə gətirəcək və ölkəni xaos burulğanına atacaq.


Nümunə kimi müəllif Pakistanın ən demokratik seçkiləri sayılan 70-ci il seçkilərini misal gətirir və qeyd edir ki, bu seçkilərin nəticəsində ölkədə vətəndaş müharibəsi düşmüşdü, Hindistanla müharibə başlamışdı və nəticədə ölkə Pakistan və Banqladeşə bölünmüşdü.


«Əgər Nəvaz Şərif və onun «demokratik» dostları hakimiyyəti götürsələr, bizə yazıqlar olsun. Əgər biz fırıldaqçıların sehrli «demokratiya» sözü ilə oynamasına aldanıb onlara hakimiyyəti gümüş nimçədə versək, bizə ayıb olsun»

Amerikada və Avropada Pakistandakı demokratiyanın bərpası ideyasının mediada ciddi müzakirə mövzusuna çevrilməsindən hiddətlənən müəllif Stenli Kurts yazır ki, «Pakistanda demokratiya və konstitusiya bərpa oluna bilməz, çünki nə demokratiya, nə də konstitusiyanın aliliyi orada heç vaxt mövcud olmayıb».


Müəllif qeyd edir ki, Pakistanın tarixində hakimiyyət dinc yolla heç vaxt əldən-ələ ötürülməyib. Hər bir seçilmiş hakimiyyət ya qovulub, ya da devrilib və seçkilərin əksəriyyəti Pakistanın xüsusi xidmət orqanları tərəfindən saxtalaşdırılıb. Yalnız bir prezident-Zulfuqar Ali Bhutto öz seçildiyi müddəti hakimiyyətdə tam başa vurmuşdur, lakin o da ikinci dövrdə hərbçilər tərəfindən devrilmişdi.


«New York Times»da çıxmış məqaləni misal çəkən Stenli Kurts yazır ki, qəzet ABŞ hökumətinə təklif edir ki, Müşərrəflə bütün əlaqələr kəsilsin və Amerika Pakistanın keçmiş baş nazirləri Benazir Bhutto ilə Nəvaz Şərifin iri koalisiyasına dəstək versin. Müəllif yazır ki, Amerikadakı liberallar Müşərrəfi yıxmaq üçün hətta Pakistandakı islamçıları belə siyasi prosesə qoşmağın tərəfdarıdırlar və bu zaman unudulur ki, nə islamçılar, nə də Pakistandakı mühitin demokratiya ilə heç bir əlaqəsi yoxdur.


«New York Times»da təriflənən Nəvaz Şərifin siyasi karyerasına toxunan müəllif yazır ki, 1999-cu ildə devriləndən sonra Nəvaz Şərif Səudiyyə Ərəbistanına sığınmışdı və o, Pakistanın əsas siyasətçiləri arasında siyasi İslamla ən çox müsbət münasibəti olan fiqurdur.


Müəllif yazır ki, Nəvaz Şərif diktator Ziya-ül-Həqqin protejesi idi ki, bu şəxs də Pakistan hökumətinə və ordusuna siyasi İslamı gətirən ilk Pakistan siyasətçisidir. Müəllif qeyd edir ki, nə Nəvaz Şərif, nə də Benazir Bhutto Ziya-ül-Həqqin islamçı islahatlarının ləğv edilməsi istiqamətində bir addım belə olsun atmayıblar və əslində 1999-cu ildə Nəvaz Şərif devriləndə o, şəriətin Pakistan konstitusiyasına salınmasının bir addımlığında idi, belə ki, bu qanun artıq parlamentin birinci palatasında təsdiq olunmuşdu.


Müşərrəfin mediaya basqılarını və Ali Məhkəməni sıxışdırmasını şərh edən müəllif yazır ki, eyni istiqamətli basqılar Nəvaz Şərifin hakimiyyəti dönəmində daha güclü şəkildə aparılıb. Belə ki, Nəvaz Şərif müxalif mediada vergi yoxlamalarına başlamışdı. Müəllif yazır ki, Pakistanda vergiləri «əhalinin cəmi bir faizi ödəyir və bu məbləğin də tən yarısı elə vergi yığanlar tərəfindən mənimsənilir və bu səbəbdən istənilən vergi yoxlaması «həbs» sözünün sinonimidir». Müəllif yazır ki, bu metodların da işləmədiyi hallarda Nəvaz Şərifin ikinci hakimiyyət dönəmində jurnalistlər açıq şəkildə həbs olunur və döyülürdülər.


Parlament deputatlarının yalnız partiya xətti ilə səs verə bilməsi məhdudiyyətinin tətbiqi, arzuedilməz hakimlərin işdən çıxarılması da Nəvaz Şərifin hakimiyyəti dövründə baş vermiş faktlardandır. Sonuncu fakt kimi müəllif Nəvaz Şərifin hakimiyyəti dövründə Ali Məhkəmə baş nazirin səlahiyyətlərini məhdudlaşdırmaq istəyərkən sonuncunun tərəfdarlarının hücum edib Ali Məhkəmədəki avadanlığı sındırıb dağıtmasını nümunə göstərir.


Müəllif Nəvaz Şərifin demokratiya ritorikası ilə oynayıb hakimiyyəti ələ keçirmək cəhdlərini ABŞ üçün zərərli sayır və yazır: «Əgər Nəvaz Şərif və onun «demokratik» dostları hakimiyyəti götürsələr, bizə yazıqlar olsun. Əgər biz fırıldaqçıların sehrli «demokratiya» sözü ilə oynamasına aldanıb onlara hakimiyyəti gümüş nimçədə versək, bizə ayıb olsun».


XS
SM
MD
LG