Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:59

Azərbaycanda seçki ovqatı hiss olunurmu?


Azərbaycan seçki dövrünə yaxınlaşır. Amma seçki ovqatı yoxdur
Azərbaycan seçki dövrünə yaxınlaşır. Amma seçki ovqatı yoxdur

Son vaxtlar daha çox geosiyasi mövzular siyasi gündəmdə olsa da zaman tədricən seçki problemlərini də aktuallaşdırır. Düzdür, nə yerli müxalifətin fəaliyyətində, nə də qəzetlərdə seçki mövzusu hələ ki özünü tam şəkildə büruzə vermir, arabir sadəcə Seçki Məcəlləsi ilə bağlı aparılan müzakirələr diqqətə gətirilir. Gürcüstanda və Ermənistandakı siyasi fəallıq fonunda bu, bir qədər qəribə görünür. Amma əksər yerli müşahidəçilərin fikri budur ki, bu il keçiriləcək növbəti prezident seçkisi çox da qabarıq fonda cərəyan etməyəcək.


Bunu müxalifətin 2003-cü ildəki məğlubiyyəti ilə izah edənlər də var. 2003-cü ildən sonra 2005-ci ilin parlament seçkisi olmuşdu. Bu hesabla son beş ildə iki seçki keçirilsə də ölkə növbəti seçkinin sanki yaxınlaşdığını hiss etmir. Bunun əsas səbəbi nədir? Müxalifət zəifdir, yoxsa siyasi qadağalar güclüdür? İnsanları siyasi fəallıqdan nə çəkindirir? Bütün bu suallara birmənalı cavab vermək olmur. Bəlkə də ən doğru cavab budur ki, bu amillərin hər biri mövcuddur.



Siyasi institut kimi müxalifət sözsüz ki, zəifdir. Amma müxalifəti zəiflədilmiş institut adlandırmaq daha düzgün olardı. Çox düşündürücü faktdır ki, indi şəhərin mərkəzində təkcə bir partiyanın-hakim Yeni Azərbaycan Partiyasının qərargahı var.


Müxalifət getdikcə yaddaşlarda «xatirə müxalifəti» kimi qalır, insanlar sadəcə xatırlayırlar ki, nə vaxtsa belə partiyalar və liderlər olub. Amma bu yaddaş da zəifləyir. Bütün bu detalları dərk edən yerli müşahidəçilər növbəti seçkinin nəticəsinin artıq bəlli olduğundan danışırlar
1998-ci ildə AMİP-in, 2003-cü ildə Müsavat Partiyasının, 2005-ci ildə isə AXCP-nin qərargahı əlindən alındı. Bu partiyalardan birinin-AXCP-nin hələ də qərargahı yoxdur. Bütün bunları texniki problem də adlandırmaq olar. Amma onların siyasi və psixoloji təsirini də inkar etmək mümkün deyil. İnsanlar bir yerə toplaşa və siyasi problemləri müzakirə edə bilmirlər.

Elə buradaca sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətləri də qeyd etmək yerinə düşər. 2003-cü ildən bu günə qədər demək olar ki, bu hüquq gözlənilmir. İndi sərbəst toplaşmaq haqqında qanuna düzəlişlərin olacağı ehtimal edilir. Amma məsələ yubanmırmı? Artıq prezident seçkisinə bir neçə ay qalıb. Partiyalar nəinki əhali ilə, hətta öz üzvləri ilə görüşlər keçirə bilmirlər. Rayonlarda belə görüşlər keçirməyə imkan verilmir. Seçki dövründə şəraitin bir neçə günlüyə dəyişməsi heç nəyə təsir etməyəcək. Müxalifət getdikcə yaddaşlarda «xatirə müxalifəti» kimi qalır, insanlar sadəcə xatırlayırlar ki, nə vaxtsa belə partiyalar və liderlər olub. Amma bu yaddaş da zəifləyir. Bütün bu detalları dərk edən yerli müşahidəçilər növbəti seçkinin nəticəsinin artıq bəlli olduğundan danışırlar. Təbii ki, müxalifət bununla razılaşmır. Onlar bu vaxta qədər keçirilən bütün seçkiləri udduqlarını bildirirlər. Həm də müxalifətçilər belə bir sual verirlər ki, əgər müxalifətin dayaqları zəifdirsə, insanlar arasında müxalif ruh yoxdursa, onda niyə hakimiyyət gündən-günə qadağaları sərtləşdirir? Haqlı sualdır. Qadağalar həqiqətən də sərtləşir. Çox güman ki, öz potensialına və siyasi gücünə əmin olan hakimiyyət belə etməzdi. Hətta perspektivdə qadağaların daha sərt olacağını güman edənlər də var. Sonuncuya sübut kimi jurnalistlərə qarşı davranışı misal gətirmək olar. Əvvəllər jurnalistlər daha çox şərəf və ləyaqətin təhqiri maddəsinə görə ittiham edilirdilərsə, indi tamamilə başqa maddələrdən istifadə edilir və cəzalar öz sərtliyi ilə fərqlənir. Faktiki olaraq təkpartiyalı siyasi sistemə yuvarlanan Azərbaycanda hazırda bir neçə jurnalist həbsdədir.


Sadalanan amillərə görə müxalifətin növbəti seçkidə iştirak etməyəcəyini söyləyənlər də var. Amma bunlar fərziyyədir. Böyük ehtimalla müxalifət seçkidə iştirak edəcək. Düzdür, bunun əleyhinə olanlar da var. Amma son nəticədə müxalifətin seçkidə iştirak edəcəyini güman etmək daha düzgündür. Hakimiyyət əvvəlki illərdə olduğu kimi ənənəvi müxalifətin seçkidə iştirakına bir o qədər də əhəmiyyət vermir. Bunu hakim partiyanın siyasi orbitində olan çoxlu sayda xırda partiyaların mövcudluğu ilə izah etmək olar. Ənənəvi müxalifətin yoxluğunu bu partiyalarla kompensasiya etmək mümkündür. Görünür, ənənəvi müxalifətin özü də bunu hiss edir. Elə bu səbəbdən də seçkiləri boykot etmək haqqında təkliflər çox zəif eşidilir.


Bir sözlə, Azərbaycan seçki dövrünə yaxınlaşır. Amma seçki ovqatı yoxdur.


Seçki ovqatını gündəlik məişət qayğıları üstələyib. İnsanları seçkiyə səfərbər etməli olan müxalifətin isə nə düşündüyünü heç kim bilmir.


XS
SM
MD
LG