Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:54

Süleyman Sani Axundov "Qaraca qız" ("Qorxulu nağıllar" silsiləsindən)


Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisa ilə yaşayırdı.

Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə vətənlərini buraxıb buraya gəlmişdilər.

Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırırdı, Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpo vaxtından "Qaraca qız" deyib əzizlədiyinə görə əsil adı unudulub, hər kəs onu bu adla çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız uşağı ikən qızlarla oynamağı sevməzdi; həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar, çunki o çox cürətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini tutardı. Hər zaman anası onun nadincliyindən qonşulara şikayət edib deyərdi:

- Qaraca qızı su batırmaz, od yandırmaz,
Bununla belə Qaraca qız çox rəhmdil və səxavətli qız idi. Hər nə əlinə
düşsəydi, yoldaşları ilə bölüşərdi.
Usta Zeynal yaşadığı şəhərdə tez-tez zəlzələ olardı. Bir qış həmin şəhərdə
böyük zəlzələ olub çox ev uçurtdu. Zəlzələ gecə yarısı, xalq şirin yuxuda ikan
ittifaq düşdüyünə görə çox adam çökmüş evlərin altında qalıb tələf oldu. Səhər
açıldıqda ətrafdan xalq tökülüb şəhərə köməyə gəldi. Adamlar dəstə-dəstə olub
əllərində kürək, bel, külüng uçuqları qazımağa başladılar. Ata oğulu, oğul ananı,
qardaş bacını səsləyə-səsləyə daş-torpağı ayırırdılar. Bir dəstə də Usta Zeynalın
evini qazıyırdı. Əvvəlcə Şərəfnisanın, bunun dalınca Usta Zeynalın meyidi çıxdı.
Bir azda qazıyandan sonra bir deşik açıldı. Buradan çılpaq bir balaca qız çıxdı. Bu
qız həmin Qaraca qız idi.

O, ata-anasının meyitlərini görüb ağlamağa başladı. Hər kəs öz qohuməqrəbasını
aramağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi.
Zəlzələdən iki gün qabaq, bir dəstə qaraçı bu şəhərin kənarında çadır qurub
düşmüşdü. O dəstədən bir qaraçı arvadının Qaraca qıza yazığı gəlib çadırlarına
apardı və orada ona yemək və paltar verib, ocağın qırağında oturtdu. Qaraçılar Qaraca qızın yetim qalmağını və onun heç bir kəsi olmayıb qərib olduğunu bilib, öz yanlarında saxlamağa məcbur qaldılar.

Qaraca qızı qızlığa götürən qaraçı arvadı Yasəmən iyirmi yaşında, gözəl,
yumşaq təbiətli, şad ürəkli bir qadın idi. Xasiyyətinin yaxşılığına görə Yasəməni
hamı sevərdi; amma onun əri Yusifi heç kes sevməzdi, çnüki o, çox bədxasiyyət,
tündməcaz, zalım bir şəxs idi. Yasəmən qaval çalıb oxumaq və oynamaq ilə pul
qazanıb dəstəyə çox mənfəət verərdi. Onun əri Yusif də qapı-qapı gəzib ayı
oynadardı.

Yasəmən Qaraca qızı çadıra gətirən zaman, Yusif orada yox idi, çünki dəstənin
bir hissəsi onunla bərabər səhər tezdən buradan çıxıb yola düşmüşdü. Yerdə qalanı
da getməyə yığışırdı. Yasəmən ərindən çox qorxurdu, çünki bilmirdi ki, o, Qaraca
qızı qəbul edəcək, ya yox. Bunun üçün Yasəmən iztirabda idi.
Qaraçı dəstəsinin yerdə qalanı da yola düşdü. Yasəmənin iztirabı bihudə
deyilmiş, çünki geridə qalmış dəstə gəlib yoldaşlarına çatdıqda Yusif bu işdən
xəbər tutub çox acıqlandı və bir kəndə çatan kimi Qaraca qızı orada qoyub
gedəcəyini söylədi. Yasəmən ərinə yalvardı ki, belə iş etməsin, lakin Yusif onu
dinləmək belə istəmədi... Qaraca qız isə ürəyində bu işə şad idi, o, Yusifdən
qorxurdu və qorxmağa da haqlı idi; Yusifin heybətli sifəti, hələ qara və pırtlaq
gözləri nəinki uşağı, hətta böyük adamı da qorxuya salırdı. Yasəmən ərinin
tamahkarlığını bilirdi, ona görə Qaraca qızın gələcəkdə onlara böyük mənfəət
verəcəyini söylədi.

- Yusif, bilirsənmi mən nə fikirdəyəm? Mən Qaraca qıza mahnı oxumaq, özüm
kimi oynamaq öyrədəcəyəm və üst-başını bəzəyib kəndlərdə, şəhərlərdə
oynadacağam, sənin üçün pul yığacağam.
Bu fikri Yusif bəyənib, Qaraca qızın dəstədə qalmasına razı oldu.

* * *

Qaraçıların məişətini Qaraca qız çox bəyənirdi və bu gün burada, sabah bir təzə
yerdə, çay qırağında, meşə kənarında, mənzil edib çadır qurmaq, nağıl söyləmək -
bunların hamısı Qaraca qıza çox xoş gəlirdi. Əvvəl vaxtlar Qaraca qız Yusifin
ayısından qorxurdu. Amma sonralar öyrəşib onunla çox dost olmuşdu. Ayı da
onunla oynamağı sevirdi.

Yasəmən Qaraca qızı ərinə söz verdiyi kimi, yaxşı geyindirib oxumaq və
oynamaq öyrətmişdi. Tamaşaçılar Qaraca qızın gözel səsinə və oynamasına
təəccüb edib heyrətdə qalırdılar. Qaraca qız balaca qavalını açıb tamaşaçılara tərəf
tutanda, dərhal onun içi pul ilə dolurdu. Bu isə Yasəməni artıq şad edirdi. Yusif bu
barədə arvadından və Qaraca qızdan razı idisə də, yenə xasiyyətinin pisliyindən hər
ikisini çox incidərdi.
Qaraca qızın təbiətində inadcıllıq vardı. Bu xasiyyətinə görə Yusifdən nə qədər
kötək yeyirdisə də, yenə tərsliyindən əl götürməzdi. Qaraca qız, ancaq Yasəmənin
sözündən çıxmazdı, çünki Yasəmən onunla mehriban dolanırdı. Yusif Qaraca qızın
tərsliyinə təəccüb edib arvadına deyərdi:
- Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır,
amma bu balacalıqda qızın əlində aciz qalmışam.
Yasəmən ona belə cavab verərdi:
- Bunun səbəbi odur ki, ayı heyvandır, bu isə insandır. Heyvanla edilən
rəftar insanla edilməz. Heyvana yoğun çubuq lazımsa, insana mehriban rəftar,
mülayim söz lazımdır.
Yusif arvadının bu dogru sözünə inanmayıb deyərdı:
- Yox, bu səbəb deyildir, sən olmasan, mən onu iki günün ərzində mum
kimi edərəm.
Ərlə arvadın arasında olan belə söhbətin nəticəsi o olardı ki, Yusif Qaraca qızı
daha da artıq kötəklərdi. Qaraca qız bu zülmdən xilas olmaq üçün neçə dəfə
qaçmaq fikrinə düşmüşsə də, lakin qaçmağa heç vəhclə imkan tapa bilməmişdi.

* * *

İki ildən artıq idi ki, Qaraca qız qaraçı dəstəsində yaşayıb, mahnı oxumağı və
oynamağı ilə ətrafda məşhur olmuşdu. Yusif Qaraca qızı çox incidəndə Yasəmən
onu qorxudub deyərdi:
- Bu zavallı qıza nə çox əziyyət verirsən. Axır təngə gəlib qaçar və sənin də
əlin belə böyük mənfəətdən çıxar.
Bu sözlər həmişə Yusifə təsir edib, Qaraca qızı döyməkdən bir müddət
çəkinərdi.

Yayın orta ayı idi. Gütıün istisindən insanlar, heyvanlar və quşlar kölgə yer və
sərin su arayırdı. Qaraçı dəstəsi bir dağ üzərindən axan çayın kənarında çadırlarını
qurub mənzil etmişdi.
Günorta vaxtı idi. Qaraçılar hərəsi bir işə məşğul idi. Yusif ayısını götürüb
yaxın kəndə getmişdi. Yasəmən çayın qırağında su qızrıdıb paltar yuyurdu. Qaraca
qız da çayda çimirdi. Çay dağ döşündən gəldiyinə görə xeyli iti və xarıldayaxarıldaya
axırdı; amma suyu az olduğundan Qaraca qız üçün qorxusu yox idi.
Yasəmən paltarı yuyub kollarm üstünə qurmaq üçün sərmişdi. Özü də başını
yumaq fikri ilə qara, uzun saçlarını hörükdən açıb döşünə tökdü. Yasəmən Qaraca
qızı səslədi ki, gəlib onun başına su töksün. Qaraca qız iki arşın ucalıqdan tökülən
şəlalənin altında durub çimdiyinə görə Yasəmənin səsini eşitmədi. Bir azdan sonra
Yasəmən yenə Qaraca qızı çağırdı. Bu dəfə də cavab almadı. Yasəmən saçlarını
döşündən yığıb belinə atdı. Bu halda qulağına çay tərəfindən sel gurultusu gəldi.
Bunu eşitcək Yasəmən dik atılıb çaya tərəf yüyürdü. O vaxt Qaraca qız şəlalənin
altında idi. Yasəmən çayın yuxarısından daşları və kolları yumalaya-yumalaya,
gurultu və nərilti ilə gələn seli görüb var gücü ilə qışqırdı: - Qızım, tez ol qaç, sel
gəlir.
Qaraca qız Yasəmənin səsini eşidib, şalələnin altından çıxdı, ancaq bir neçə
addım atmamışdı ki, sel onun üstünü cəllad kimi aldı. Yasəmən işi belə gördükdə
alıcı quş kimi özünü çaya atdı. Yasəmən özünü Qaraca qıza yetirincə sel qızı
götürdü və bir neçə saniyə suda itirdi. Bir azdan sonra qızın başı göründü.
Yasəmən özü də bir neçə dəfə suya batıb çıxandan sonra, üzüb Qaraca qıza çatdı
və saçlarından tutub çiyninə atdı. Hərçəndi Yasəmən çox üzücü idi. Amma bu iti
axan, daşları və boyük kolları yumalayan seldə üzmək mümkün deyildi. Qaraçılar
Yasəmənin qışqırığını eşidib köməyə töküldülər. Sel getdikcə artırdı. Axırda sel
bunları bir böyük daşa çırpdı. Qaraca qız Yasəmənin əlindən çıxıb daşın üstündə
qaldı. Amma Yasəməni sel götürüb üzüaşağı axıtdı. Qaraçılar çaya tökülüb hər
ikisini sudan çıxartdılar. Onların ikisi də bihuş qalıb yerə sərilmişdi, üzlərinin rəngi
ölü rəngi kimi idi. Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini huşa gətirdilər.
Qaraca qızın bədəni daşlara dəyib bir neçə yerdən qaral mışdı, amma qorxusu yox idi. Zavallı Yasəmənə gəldikdə başı bir neçə yerdən yaralanmışdı. Lakin rəhmdil arvad özünə gələn kimi yaralarını unudub, tez zəif səslə Qaraca qızı soruşdu. Qaraçılardan biri Qaraca qızı qucağına götürüb Yasəmənə göstərdi.
- Bax, Yasəmən, budur, Qaraca qız sağdır. Arxayın ol.
Yasəmən bir qədər ona baxdı, sonra yenə bihuş olub gözləri yumuldu. Qaraçılar
Yasəmənin yaralarını bağlayıb, Qaraca qız ilə bir yerdə çadırlarına apardılar və hər
ikisinə yer salıb rahat etdilər.
Axşam çağı Yusif gəlib evə çıxdı və yoldaşlarından bu xəbəri eşidib çox
qəzəbləndi və dedi:
- Mən bilirdim ki, bu uçuqdan çıxmış qız axırda bizim başımıza bir bəla
gətirəcəkdir.
Qaraçılar Yusifi sakit edib dedilər:
- Qorxma, heç bir şey olmaz. İndi onlara rahatlıq lazımdır, durum bayıra
çıxaq, səs-küy olmasın. Burada yalnız Yasəmənin dostu Hüsniyyə qalar, ona
qulluq edər.
Qaraçıların hamısı Yusif ilə bərabər bayıra çıxdılar. Çadırda ancaq Hüsniyyə
qaldı.
Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yaxın yuxuya getdi.
Amma Yasəmən qızdırma içində bir dəqiqə rahat olmadı. Vəfalı Hüsniyyə
rəfiqəsinin yanını kəsdirib sübhə qədər gözlərini yummadı. Yasəmənin qızdırması
getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı.
Yazıq Yasəmən qızdırmanın təsirindən tora düşmüş quş kimi yerində
çapalayırdı. Onun gozləri həmişə yumulu idi.
Gecə yağış yağdığına görə səhərin havası çox saf və təmiz idi. Dünənki bəlanı
törədən çaylağın suyu indi enib əvvəlki həddinə düşmüşdü. Onun həzin şırıltısı,
quşların cəh-cəh və nəğməsinə qarışmışdı. Qaraca qızın sevgili şəlaləsi günəşin
qırmızı şöləsindən parlayırdı. Axırda Yasəmən gözlərini açdı. Biçarənin lalə kimi
yanaqları solub zanbağ rənginə dönmüşdü. Yasəmən Hüsniyyəni tanıdı. Zəif səslə
ona dedi:
- Hüsniyyə, Yusif haradadır?
- Bayırdadır, bacım, çağırımmı?
- Çağır, hamını çağır... ölürəm...
- Qorxma, bacım, ölməzsən. Bu gün haradan olmuş olsa, sənin üçün həkim
tapıb gətirəcəyəm.

Bunu deyib Hüsniyyə bayıra çıxdı və bir azdan sonra Yusif başqa qaraçılarla
bərabər içəri girdi. Qaraçılar Yasəmənə ürək verirdilər. Yasəmən dedi:
- Yox, əzizlərim, mən ölürəm... Yusif, əlini mənə ver... Vəsiyyətimə qulaq
as... Əmələ gətirməyə söz ver...
Bir az dayanıb yenə təzədən başladı:
- Yusif, budur dörd ildir ki, sənə arvadam. Bu vaxta kimi səndən döyüşdən,
söyüşdən başqa bir şey görmədim. Cavan ömrümü çürütdün... Mənə min cür zülm
və cəfa etdin, bunların hamısını bağışlayıram. Ancaq son mənə söz ver ki, bundan
sonra Qaraca qızla mehriban rəftar edib onu incitməyəcəksən...
Yasəmən səsini kəsdi, çadırda bir müddət sakitlik oldu. Sonra Yusif dedi:
- Yoldaşlarımın qarşısında vəsiyyətini əmələ getirməyə söz verirəm.
Yasəmənin üzündə şadlıq zühur etdi və Hüsniyyəyə dedi:
- Bacım, Qaraca qızı sənə tapşırıram. Ondan muğayat ol. Ah, gözlərimə
qaranlıq çökür... Məni boğurlar... Yusif... Hüsniyyə... Qaraca qız... – deyə
Yasəmən sayıqlaya-sayıqlaya vəfat etdi.

* * *

Yasəmənin vəfatından sonra Yusif bir müddət verdiyi əhdə vəfa etdi; lakin
sonralar təbiətində olan pis sifətləri yenə aşkar olmağa başlandı. Hüsniyyə
bacardığı qədər Qaraca qızı Yusifin zülmündən mühafizə edirdi. Ancaq iş orasında
idi ki, Yusif Yasəmənin vəfatından sonra Qaraca qızla pul qazanmaq üçün hər gün
səhər mənzildən çıxıb bır də axşam qayıdırdı. Hüsniyyə zavallı yetimin üzünə
baxdıqda sualsız da anlayırdı ki, o biçarə, Yusifdən nə qədər zülm və əziyyətlər
çəkir.
Axır vaxtlar Yusif bir pis əmələ də mürtəkib olmuşdur: belə ki, əlinə düşən
pulu içkiyə verib tez-tez məst oturdu.
Yusifin belə vaxtlarında Qaraca qızın günü daha da qara olurdu.
Bir dəfə Yusif və Qaraca qız yol ilə gedirdilər. Bunlar bir dəstə atlı cavan
oğlanlara rast gəldilər. Bu cavanlar şəhərə toya gedirdilər. Onlar Yusifgilə təklif
etdilər ki, bir az çalıb oxusunlar. Yusif razı oldu. Qaraca qızın oxuyub oynamağı
cavanlara xoş gəldi. Onlar bir-birinin bəhsinə Qaraca qızın qavalını ağ və qara pul
ilə doldurdular.

- Sağ ol, çox yaşa, Qaraca qız, - deyə cavanlar atlarını sürdülər.
Yusif sevincək Qaraca qızdan pulları alıb cibinə tökdü və dedi:
- Gəl, qızım, sən ayı ilə o kolluqda otur, dincini al, mən də gedim o görünən
kənddən çörək və sənin üçün də fındıq, kişmiş alım.
Bu sözdən Qaraca qız əsla şad olmadı, çünki bilirdi ki, oraya içməyə gedir.
Amma bununla belə bir söz demədi.
Onlar yoldan kənara çıxıb kolluğa tərəf üz qoydular. Yusif bir böyük kol seçib
ayını oraya bağladı və Qaraca qıza dedi:
- Ağıllı qızım, burada otur, bu saat gələcəyəm.
Yusif getdi. Qaraca qız da kölgədə uzandı və bir azdan sonra şirin yuxuya
getdi. Ayı bir müddət sakit uzandı. Sonra durub zəncirini dartmağa başladı. Kolun
budağı ayının gücünə davam etməyib qopdu. Ayı özünü asudə görüb bir müddət
kolluqda gəzdi, sonra üzünü meşəyə tərəf tutub getdi.
Yusif iki saatdan çox idi ki, kəndə getmişdi. Qaraca qız yuxudan hələ
oyanmamışdı. Axırda Yusif sərxoş halda, o tərəf-bu tərəfə yırğalana-yırğalana
gəlib çıxdı. Qaraca qızı yatmış görüb və ayını bağladığı yerdə tapmayıb, ayağı ilə
qızı elə bərk vurdu ki, biçarə dik atıldı.
- De görüm, ayı hanı? Mürtəd qızı mürtəd.
Qaraca qızın qorxudan dili tutulub cavab verə bilmədi.
- Hələ dayan, qoy ayını tapım, sənin payını sonra verəcəyəm.
Yusif kola diqqətlə baxıb gördü ki, ayını bağladığı budaq qopub və özü də
yoxdur. Bundan anladı ki, ayını oğurlamamışlar, özü kolu qoparıb meşəyə
qaçmışdır.
- Düş qabağıma, ayı meşəyə qaçmışdır, gedək tapaq.
Qaraca qız titrəyə-titrəyə yola düşdü. Yusif yol uzunu gah Qaraca qızı söyüb
qorxudurdu, gah da öz-özünə danışırdı. Onlar meşəni xeyli dolandılar, amma
ayıdan bir əsər görmədilər. Birdən Qaraca qızın qulağına ayının bağırtısı geldi.
- Eşidirsənmi, əmi, bu tərəfdən ayının bağırtısı gəlir.
- Heç zad eşitmirəm, yalan deyirsən.
- Bax, bax, yenə bağırır.
Bu dəfə Yusifin özü də eşitdi:
- Doğru deyirsən, bağıran ayıdır.
Hər ikisi səs gələn tərəfə üz qoydular. Ancaq səs meşəyə düşdüyünə görə
ayının yeri yaxın görünürdü, amma həqiqətdə xeyli uzaq idi. Axırda gəlib ayını
tapdılar. Ayı zənciriylə ağaca dolaşıb dartınır və bağırırdı. Yusif ona çatan kimi hirsindən və acığından ayını azad etmədən əvvəl, əlindəki ağac ilə onu döyməyə başladı. Ayının bağırtısı meşəni başına götürmüşdü.

Axırda ayı dartınıb xaltanı başından çıxartdı və ildırım kimi özünü Yusifın üstünə
atdı. Bir dəqiqə keçmədi ki, qızmış ayı sahibini parçaladı. Qaraca qız bunu
gördükdə dəhşətli bir hal ilə qaçmağa başladı. Ancaq qorxudan özünü itirib, yol
əvəzinə meşənin ortasına tərəf qaçdı. Bir azdan sonra ayı Yusifin meyidini buraxıb
Qaraca qızın dalınca düşdü. Bunu gördükdə zavallı qızın bədəninə titrəmə düşdü
və var gücü ilə qaçmağa başladı. (Getdikcə ayı Qaraca qıza yaxınlaşırdı. Bu halda
Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. Qaraca qız dərədən endikdə ayı
özünü ona çatdırdı. Ancaq ayı enişi aşağı qaça bilmədiyindən dərənin içinə
yumbalandı. Qaraca qız fürsət tapıb özünü dərənin döşündəki mağaraya saldı. Bu
mağaranın ağzı enli idi, amma içəri getdikcə daralırdı. Ayı dərənin dibinə kimi
yumbalandı. Sonra ayağa qalxıb, üzüyuxarı dırmaşmağa başladı. Bəllidir ki, ayının
dal ayaqları qısa olduğu üçün enişi pis enir, yoxuşu isə asan dırmaşa bilir. Ayı
axtarıb mağaranı taparaq içəriyə soxuldu. Qaraca qız sürünə-sürünə özünü
mağaranın dar yerinə yetirdi. Ayı isə dar yerə soxula bilmədi. Bir az donquldanıb
mağaranın ağzında yatdı. Qaraca qız tərpənməyə də qorxurdu. Ancaq onun
qorxusu nahaq idi, çünki indi ayının hirsi yatmışdı, ona dəyməzdi və bəlkə də,
onun orada olmasına şad olardı.
İki saatdan artıq idi ki, Qaraca qız mağaranın içində uzanıb qalmışdı. Biçarə qız
ayının qorxusundan özünü mağaranın deşiyinə elə pərçim etmişdi ki, tərpənməyə
də imkanı yox idi. Bir tərəfdən mağaranın içindəki havanın azlığı, digər tərəfdən də
ayının vahiməsi yazıq qızı bihuşluq halına salmışdı. Ayı isə fısıldaya-fısıldaya
yatmışdı. Birdən ayı oyanıb donquldanmağa başladı. Bu halda Qaraca qızın
qulağına çoxlu it səsi gəldi. Ayının da donqultusu artdı. Çox çəkmədi ki, itlər hürəhürə
mağaranm ağzını aldılar, ancaq cürət edib içəri girə bilmədilər. Bir azdan
sonra at üstündə ovçular qışqıra-qışqıra gəlib çıxdılar. Bunlar mağaranın içindən
ayının nəriltisini eşidib, tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. İtlərin
bir neçəsi cürətlənib mağaranın içərisinə soxuldu. Ancaq çox çəkmədi ki, yenə zingildəyə-zingildəyə geri qayıtdılar. Onlardan bir-ikisi yaralanmışdı. Bu halda ovçular bayırdan:

- Axtar bas, Xalı bas, Gümüş bas, - deyə qısqırtdılar. İtlər cürətlənib yenə
özlərini içəri soxdular və ayı ilə tutaşdılar. Ayı bir müddət onlar ilə boğuşandan
sonra mağaradan sıçrayıb çıxdı. Bu halda üç güllə birdən onun üzərinə açıldı.
Bunların zərbindən biçarə ayı boğanaqdan yıxılan ağac kimi, yerə sərildi.
Ovçuların biri:
- Afərin, mənim gülləm.
- Xeyr, Hüseynqulu ağa, səhv edirsən, ayını öldürən mənim gülləmdir.
- Bağışla, Səlim bəy, mən ayını başından atmışam, yəqin ki, onu yıxan
mənim gülləmdir.
- Səbir edin, əzizlərim. Bu saat məlum olar, - bunu deyib, əvvəlki adam
atdan düşdü və nökərlərin köməyilə ayının cəmdəyini o yan-bu yana çevirib
diqqətlə baxmağa başladı:
- Əzizlərim, heç bəhs etməyin, üçümüzün də gülləsi ayıya dəymişdir. Sonra
üzünü nokərlərinə tərəf tutub dedi:
- Cəld ayının dərisini soyun, Rəhim bəy, sənə demədimmi ki, ayısız bu
ovdan qayıtmayacağam. Elə öz meşəni tərif edib məni məsxərə edirdin ki, sizin
meşənizdə dovşan da tapılmaz. Bəs bu nədir?
Bu halda Rəhim bəy ayıya diqqət ilə baxıb dedi:
- Yenə də, Hüseynqulu ağa, öz fikrimdə möhkəm durmuşam. Bu ayı meşə
ayısı deyil. Əldə bəslənmiş ayıdır.
- Elə iş ola bilməz. Onu haradan bildin?
- Budur, bax, ayının boyun tüklərini zəncir aparmışdır. Səlim bəy, doğrumu
deyirəm?
Səlim bəy baxıb Rəhim bəyin sözünü təsdiq etdi. Bundan sonra bəylər qaqqıltı
ilə gülməyə başladılar. Hüsenqulu ağa əvvəl dostlarından sözünü zarafat hesab
etdi, amma sonra özü də diqqət ilə baxdıqda şəkkə düşdü. Bu halda ov tulalarına
qoşulmuş Qara köpək mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və yenə
içəridə hürüşmə başlandı. Bunu gördükdə Hüseynqulu ağa dedi:
- Deyəsən, mağarada yenə ayı var.
Bəylər tüfənglərini hazırlayıb mağaranın ağzını kəsdilər. Bu zaman qara köpək
Qaraca qızın ayağından tutub itlərin arasından sürüyə-sürüyə mağaradan bayıra
çıxartdı. Bəylər bunu gördükdə təəccüb edib heyrətdə qaldılar. Qara köpək Qaraca
qızı buraxdı, amma o, hərəkətsiz qalıb ayağa qalxmadı. Bəylər Qaraca qızın üstünü aldılar. O, zəif bir hal ilə gözlərini açdı; lakin harada olduğunu anlamadı. Hüsenqulu ağa ondan soruşdu:
- Qız, sən kimsən? Bu mağarada nə qayırırdın?
Qaraca qız cavab vermədi. Rəhim bəy dedi:
- Hüsenqulu ağa, gormürsənmi ki, qız hələ lazımınca özünə gəlməmişdir.
Nə sual edirsən. Mən əhvalatı onsuz da anlayıram. Qızın sifətindən və libasından
qaraçı qızı olduğunu duymursanmı? Bu ov etdiyimiz ayı da əldə bəslənmiş qaraçı
ayısıdır. Ancaq sahibi harada qalmış, burası mənim üçün aşkar deyildir.
Səlim bəy qıza diqqətlə baxıb dedi:
- Hə, bu qızı mən görmüşəm. Məşhur oxuyan və oynayan Qaraca qızdır,
sahibi də qaraçı Yusifdir. Üç ay bundan qabaq ona nə qədər pul və xələt vəd
etdimsə də, bu qızı mənə satmadı, indi yaxşı əlimə düşübdür. Siz öləsiniz gündə
qonaqlıq edib sizə böyük kef verəcəyəm.
Hüseynqulu ağa bunu eşitdikdə dedi:
- Demək, o kefi mən verə bilmərəm? Əslinə baxsan, qız mənə çatar, çünki
mənim köpəyim tapmışdır.
Bəylərin arasında bəhs düşdü. Səlim bəy dedi:
- Hüseynqulu ağa, özün yaxşıca bilirsən ki, arvadın Pəricahan xanım qaraçı
qızını evinə qoymaz, nə üçün bəhs edirsən?
- Nə üçün qoymur? Ev sahibi odur, yoxsa mən? Bundan əlavə qızı Piri
kişiyə verəcəyəm ki, o saxlasin.
Bəylər buna razı oldular. Hüseynqulu ağa qızı nökərlərinə tapşırdı. Bəylər yenə
ov etməyə başladılar, lakin dörd saata qədər meşəni dolanıb bir tülkü və üç
dovşandan başqa əllərinə bir ov keçirə bilmədilər. Ona görə ovu tərk edib yola
düşdülər.
Qaraca qız özünə gəlib yol uzunu başıa gələn əhvalatı alayarımçıq nağıl etdi.
Hüseynqulu ağa onun atasız yetim olduğunu eşidib dedi:
- Çox gözəl oldu, indü heç kəs qızı məndən ala bilməz.

* * *

Axşam vaxtı Hüseynqulu ağa öz dostları Rəhim bəy və Səlim bəy ilə bərabər
evlərinə gəldilər. İtlərin hürməyi, ovçuların səsləri, nökər və mehtərlərin qışqırığı
bir-birinə qarışmışdı. Ağca xanım bu səs küyə mürəbbiyəsindən izinsiz bayıra çıxdı. Kənarda durmuş Qaraca qızı görüb ona yaxınlaşdı. Qaraca qız və Ağca xanım nəzərlərini bir-birinə salıb bir müddət diqqətlə baxışdılar. Bu iki uşağın arasında böyük fərq vardı: Birinin ata-anası bəyzadə, o birisininki isə yoxsul idi. Biri zəif, zərif, hər bir işdə özgəyə möhtac olduğu halda, o biri polad kimi sağlam bədənli, az yaşında çox görümş, öz zəhmətilə məişət edən bir uşaq idi. Birinin baxışı sanki özgələri köməyə, o birinin nəzəri isə hamını qovğaya çağırırdı.

Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini
sıxdı. Ağca xanım bu sıxmağa davam etməyib qışqırdı, sonra güldü.
Bir az çəkmədi ki, şirin söhbətə başladılar. Bu vaxt Hüseynqulu ağa Qaraca qızı
unudub otaqda bəylər ilə ov bəhsinə girişmişdi. Ağca xanım ilə Qaraca qızın
söhbəti çox çəkmədi. Pəricahan xanım otağından həyətə endi və qızını Qaraca qız
ilə söhbət edən görüb çox bərk acıqlandı və mürəbbiyəsini çağırıb dedi:
- Nə üçün öz vəzifənizi unudursunuz, xanım? Baxın, tərbiyə verdiyiniz qız
kiminlə dostluq etmişdir. Otağına aparın. Bu gecə şamsız qalacaqdır.
Mürəbbiyə, gözü yaşlı Ağca xanımın əlindən tutub otağına apardı. Qaraca qıza
da Pəricahan xanım - dalımca gəl, qaraçı qızı, - deyib Hüseynqulu ağanın otağına
apardı və rişxənd ilə dedi:
- Bu şahzadə qızım haradan tapıb gətirmisən. Qızın ilə tanış olub çox şirin
söhbət edirdilər.
Hüseynqulu ağa əhvalatı ona nağıl edib dedi:
- Pəricahan, qızına yazığın gəlsin, gör yoldaşsızlıq, onu nə hala salmışdır.
Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, bədəni bərkisin, kefi açılsın.
Bu qız qaraçı qızı deyildir və olsa da nə eybi vardır.
Xanımın yanında qaravaşı olmazmı?! Mürəbbiyəsi yanında olacaqdır.
Bir pis iş edərlərsə, tərbiyə edib qoymaz.
Bu sözlər Pəricahan xanıma əsla təsir etmədi:
- Sən mənə söz vermişdin ki, tərbiyə məsələsinə qarışmayacaqsan. İndi nə
üçün sözündə davam etmirsən? Bu qız buradan gedəsidir, artıq söz lazım deyil.
- Xeyr, bu qız burada qalasıdır, - deyə Hüseynqulu səsini ucaltdı.
- Sənə deyirəm, bu qız bu saat buradan gedəsidir. Yoxsa, mən burada
qalmaram, - deyə Pəricahan xanım qəzəbləndi.

Səlim bəy fursəti fövtə verməyib dedi:
- Onda verin mən aparım.
Hüseynqulu ağa dedi:
- Səlim bəy, heç vaxt ona razı olmaram. Necə ki, sizə dəmişəm, elə də
edəcəyəm. Qaraca qız bağbanın Piri babanın yanında olacaqdır.
Pəricahan xanım dedi:
- Bu şərtə mən də razryam. Ancaq Ağca xanımla bilmərrə əlaqəsi
olmayacaqdır, çünki ondan pis xasiyyət götürər.
Bu şərtlə aparıb Qaraca qızı Piri kişiyə tapşırdılar. Piri kişinin daxması ağalığın
böyük meyvə bağının içində idi. Piri kişi yetmiş yaşında, yumşaq təbiətli bir qoca
idi. Heç bir kəsi yox idi, özü də Hüseynqulu ağanın rəiyyəti olub onun atası
zamanından bu bağa bağbanlıq edirdi. Piri kişi həmişə bağda ömür sürüb, işi
düşməsə ağalıq qapısına gəlməzdi.
Xidmətçilər Hüsejnqulu ağadan qorxub hüzurunda titrəyirdilər. Lakin Piri kişi
kimsədən qorxmazdı və bacardığı qədər qulluqçuları ağaların zülmündən mühafizə
edərdi. Ona görə onu başqa nökərlər sevərdi. Qaraca qızın saxlanmaq üçün Piri
kişiyə verilməsi onu çox şad etdi. Öz komasında Qaraca qız üçün yer hazırladı; onu
yedirib rahat etdi. Qaraca qız yatağına girib bir müddət yata bilmədi. Sonra Piri
kişidən soruşdu:
- Baba, o xanım, qızını nə üçün mənimlə oynamağa və söhbət etməyə
qoymur?
- Qızım, onlar bəydirlər, biz rəiyyət, onlar ağadırlar, biz nökər. Bizimlə
onların nə yoldaşlığı. Qızım, sən Ağca xanımı yaddan çıxar. O sənə yoldaş
deyildir.
Qaraca qız bu sozlərlə sakıt olmayıb duşunurdu:
- Mən Ağca xanıma nə etdim ki, anasının mənə acığı tutdu. Bu gecə ona
yemək verməyəcəklər. Yazıq ac qalacaqdır. Anam sağ olanda məni də naharsız
qoyardı, ancaq mən nadinclik edərdim. Bu heç-zad etməmişdı.
Qaraca qız fikrini bir yerə çıxarmamış yuxuya getdi. O gecəni həmin fikirlər
Ağca xanımı da sakit etmirdi. Nə anasının, nə mürəbbiyəsinin nəsihətini anlamırdı.
- Nə səbəbə mən o qızla oynayıb danışa bilmərəm. Mən bəy qızı olanda nə
olar. Məni nə üçün şamsız qoydular. Qaraca qız çox təəccüblü şeyler danışırdl. O deyirdi ki, sənə qaval çalmaq, oynamaq öyrədəcəyəm.
Ah, nə üçün anam məni qoymadı ki, onunla çoxluca danışam.
Ağca xanım yorğanı başına çəkib gizlincə ağlamağa başladı və bir azdan sonra
yuxuya getdi.

* * *

Piri kişi hələ uşaqlıqdan gün çıxmamış yuxudan durmağı adət etmişdi. İndi də
tezdən qalxıb ocağı qaladı, özü kimi ömrü keçmiş, hisdən qaralmış çaydanı su ilə
doldurub ocağa qoydu və daxmadan çıxdı ki, bağı dolansın.
Piri kişi bu bəslədiyi bağı çox sevirdi. Buradakı ağacların çoxunu özü öz əli ilə
əkib-becərmişdi. O ətrafda bitən bir meyvə ağacı yox idi ki, bağda olmasın.
Hüseynqulu ağanın bu bağı mülkədarlar arasında xeyli şöhrət qazanmışdı.
Hüseynqulu ağaya qonaq gələndə, o öz qonaqlarını bağına tamaşa etməyə aparardı.
Bağı oğrudan qorumağa Piri kişinin bircə köməkçisi vardı. O da Qaraca qızı
mağaradan çıxaran Qara köpək idi. Qara köpək çox heybətli və hünərli bir it idi.
Onun qorxusundan heç kəs bağa dolana bilməzdi. Bu köpəkdə bir qəribə hal vardı.
Hər kəs ki, Piri kişiyə düşmən idi, köpək onu sevməyib, yaxına qoymazdı. Piri kişi
bir yeni şəxs ilə tanış olanda, Qara köpək o adama quyruq bulayıb yaxınlaşsaydı,
Piri kişi onu özünə dost hesab edərdi. Əksinə, o adama dişlərini ağardıb
mırıldasaydı, onu özünə düşmən bilərdi. Qara köpəyin bu hissini Piri kişi dəfələrlə
imtahan etdiyi üçün belə deyərdi:
- Dost-düşmənimi Qara köpəklə tanıyıram.
Piri kişi Qara köpəyi heç vaxt zəncirləmirdi. Gecə və gündüz Qara köpək asudə
idi. Bununla belə Qara köpək bağdan kənara çıxmazdı. Ancaq bəzi vaxt
Hüseynqulu ağa ova getdikdə o da həvəslənib ov tulalarına qoşulardı; bu vaxt onu
geri qaytarmaq üçün gərək Piri kişi özü gələydi, yoxsa kimsəyə qulaq asmazdı.
Piri kişi komadan çıxdıqda qapını açıq qoymuşdu. Bu halda Qara köpək içəri
girib evdə bir adamı yatmış gördü. Qulaqlarını şəkləyib heybətli bir halət ilə ona
tərəf yönəldi. Sonra Qaraca qızı tanıyıb quyruğunu buladı və irəli gəlib yanında
uzandı. Əlini yalamağa başladı.

Bu vaxt Qaraca qız gözlərini açdı və hələ yuxulu olduğu üçün Qara kopəyi
tanımayıb qışqırdı. Bunun səsinə Piri kişi cəld içəri girib dedi:
- Qızım, nə üçün qışqırdın? Kimdən qorxdun?
- Baba, burada ayı var.
- Yox, qızım, Qara köpəkdir, qorxma, burada ayının nə işi var? - Sonra
Qara köpəyə: - Çəkil, - deyib onu bayıra qovladı.
- Yat, qızım, hələ tezdir.
- Yox, baba, daha yuxum gəlmir, mən həmişə tez dururam.
- Çox yaxşı edirsən, qızım, adam gərək səhər tezdən dura ki, bədəni sağlam
ola.
Qaraca qız paltarını geyib dedi:
- Baba, əl-üzümü harada yuyum?
- Budur, daxmamızın yanından su axır, get orada yu.
Qaraca qız üzünü yumağa getdi. Piri kişi də süfrəni salıb pendir, çörək və yağ
qoydu, sonra çaydandan iki fincan çay töküb süfrəyə qoydu. Bu vaxt Qaraca qız
üzünü yuyub içəri girdi.
- Al, qızım, üzünü sil, otur çay içək.
Piri kişi Qaraca qıza dəsmal verdi. Qaraca qız da əl-üzünü qurudub süfrəyə
oturdu, hər ikisi yeyib-içməyə məşğul oldular. Çaydan sonra Piri kişi Qaraca qıza
dedi:
- Dur, qızım, gün qızmamış həm bağımızı gəzək, həm də ağalar üçün
meyvə dərək.
Piri kişi özü bir səbət götürdü və Qaraca qıza da bir ceverən verdi. Evdən
bayıra çıxdıqda Qara köpək də onlara qarışdı. O, quyruğunu bulaya-bulaya Qaraca
qıza yanaşdı. Qaraca qız onun başını sığallayıb cəvərəni onun boynundan asdı.
Qara köpək başını bulayıb cəvərəni yerə saldı. Qaraca qız götürüb yenə boynuna
keçirdi. Qara köpək bu dəfə də başını əyib cəvərəni yerə saldı. Piri kişi dedi:
- Qızım, zəhmət çəkmə, Qara köpək azadəliyə öyrənmişdir, o, təlimə
yatmaz.
- Yox, baba, yatar, bir gör onu necə öyrədəcəyəm.
Bunu deyib Qaraca qız Qara köpəyin qabağına çöməldi və onun gözlərinə
baxarkən dedi:
- Qaraca köpəyim, ağıllı köpəyim, cəvərəni götür.
Qaraca qız cəvərəni yenə onun boynuna saldı. Bu dərə Qara köpək cəvərəni
yerə salmayıb Qaraca qızın üzünə baxa-baxa yanınca getdi. O da sevincək dedi:

- Afərin, Qaraca köpəyim! Baba, gördünmü?
- Görürəm, qızım, və çox da təəccüb edirəm. Qara köpək indiyə qədər
məndən başqasının əmrinə tabe olmamışdı. İndi isə hətta cəvərəni də aparır.
- Hələ bu nədir ki, baba, gor ona qədər öyrədəcəyəm. Mən qaraçı dəstəsində
olan zaman ayını, meymunu və qeyri heyvanları öyrədəndə görmüşəm, ancaq,
baba, heyvanı əzizləyə-əzizləyə öyrətməlidir, yoxsa, döymək ilə bir şey olmaz.
Amma qorxutmağın eybi yoxdur.

Bax, Yusif ayını doydü, o da onu parçaladı.

Piri kişi Qaraca qızın əhvalatını balaca eşitmişdi.

İndi isə Qaraca qızın kim olduğunu, bu vaxta qədər necə yaşadığını ona ətraflı
nağıl etdirdi. Qaraca qızın ürək yandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin
oldu və ürəyində bu yetim uşağa məhəbbəti artdı.
Səhərin saf və gözəl havası, kolların və meyvələrin ətri, quşların nəğmələri
insana zövq-səfa verirdi. Belə təbiət içində yaşamış Piri kişiyə baxanda adam onun
yetmiş yaşında olduğuna inanmırdı.

davamı
XS
SM
MD
LG