Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:54

Həqiqətən də Allah qayıdır


Kənan Hacı bu məqaləsi ilə yazıçı Zümrüd Yağmurun "Allah qayıdır?!" romanının ("Qanun" nəşr.) "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.

HƏQİQƏTƏN DƏ ALLAH QAYIDIR!

“Azadlıq Radiosu”nun Oxu zalında lap son dövrdə yaranan romanların müzakirəsi artıq bir ənənə halını alıb və bu ənənənin yaranması həm də ədəbi tənqidi ölü nöqtədən dirçəltmək və onu ədəbi mühitin lokomotivinə çevirmək qəsdindədir.

Tənqid üçün əsas iki şey lazımdır: sərbəst tribuna və ədəbiyyat haqqında müstəqil fikri olan şəxsiyyət.

Sərbəst tribuna var, müstəqil fikri olan şəxsiyyətlər (tənqidçilər) də artıq tədricən yetişir və çox maraqlıdır ki, hal-hazırda ədəbi tənqidin ən maraqlı nümunələrini professional tənqidçilər deyil, elə yazarların özləri yaradır.

Son illərdə Qan Turalı, Həmid Herisçi, Rasim Qaraca, Nərmin Kamal və digər gənc

"Damarda qanı donduran bu səhnələrin zərif bir qadının qələmindən çıxdığına inana bilmirsən. Düşünürsən ki, buna ürək dözməz, enerji tükənər. Amma əsərin son səhifəsinə qədər yazıçı öz “qəddarlığından” əl çəkmir və sanki oxucuya öz taleyində yaşadığı bu acı həqiqətlərə rəğmən susqunluğuna görə divan tutur".
yazarlar samballı ədəbi tənqidi yazılarla ədəbi mühitə yaxşı mənada təsir edə bildilər.

Onlar stereotip tənqidin sınırlarını aşdılar və ədəbi tənqidə əhatəlilik, miqyaslı düşüncə tərzi gətirdilər.

Zümrüd Yağmurun “Allah qayıdır?!” romanı haqqında yazmaq niyyətim həm də yuxarıdakı fikirlərimə vəsilə oldu.

Romanı oxuyub bitirdikdən sonra iş elə gətirdi ki, “Allah qayıdır?!” romanının “Əli və Nino” kitab mağazasında təqdimatının aparıcılığı da mənim qismətimə düşdü.

Müəllifə deyəcək sözlərim çox olsa da mən o tədbirdə yalnız aparıcılıq edə bildim. İndi madəm ki, imkan var, niyə də təəssüratlarımı bölüşməyim?

Nəsr müstəvisi üzərində Zamanın Oxucuyla oynadığı son vaxt kəsyində şahmat taxtası qəfil çevrildi, ortada fiqur qalmadı; şah taxtından düşdü, vəzir-vəkil də qəzəbli və iddiası yerə-göyə sığmayan piyadaların tapdağı altında qaldı.

Zümrüd xanımın romanı da belə bir qarışıq vaxtda yarandı.

Bu yazı üzərində işləyərkən Tolstoyun “Dirilmə”sini mütaliə edirdim, çar Rusiyası dövründə insanların hansı məşəqqətlərdən keçərək fiziki varlıqlarını qoruyub saxlamasını yazıçı böyük ürək ağrısıyla qələmə alıb.

Zadəgan silkinə mənsub insanlarla rus kəndlisi arasındakı dərin sinfi, sosial ziddiyyət insan faciəsinin əsasını qoyur.

“Dirilmə”nin yazıldığı vaxtdan bir əsrdən artıq vaxt keçib, bəşəriyyət böyük bir tərəqqi yolu keçib, amma yenə də hökmdar və rəiyyət arasında uçurum öz dərinliyini mühafizə etməkdədir. “Allah qayıdır?!” romanında da müəllifin əsas məqsədi haqq və ədalətin təntənəsinə öz töhfəsini verməkdir.

Amma haçansa Yer üzündə haqq və ədalət tam mənada bərpa olunacaqmı?!..

Əvvəla, mütaliə müddətindən keçən bu bir neçə ay ərzində yadımdan çıxan bəzi məqamları xatırlamaq üçün kitaba yenidən nəzər salmaq zərurəti yarandıqda, mən qeydlər aparmaqdan qəsdən vaz keçdim. Niyə?

Çünki romanda o qədər tükürpədici təsvirlər var ki, sadəcə, o səhifələri təkrar oxumaq mənim üçün əsl məşəqqətdir.

O yerdə ki, “qəhrəmanlıq səfildi”, o yerdə ki, “hər şey alınıb satılırdı”, o yerdə ki, harınlamış məxluqlar “Allahın cənnətindən də gözəl cənnət yaratmaq” iştahı ilə qəbristanlıqları yerlə-yeksan edirdilər, o yerdə Şər Allahlıq taxtına çıxmışdı.

Damarda qanı donduran bu səhnələrin zərif bir qadının qələmindən çıxdığına inana bilmirsən. Düşünürsən ki, buna ürək dözməz, enerji tükənər.

Amma əsərin son səhifəsinə qədər yazıçı öz “qəddarlığından” əl çəkmir və sanki oxucuya öz taleyində yaşadığı bu acı həqiqətlərə rəğmən susqunluğuna görə divan tutur.

İşıq və qaranlıq. Əslində bu iki söz bəsit anlamda bir-birilə ziddiyyət təşkil edir.

İşıqda qaranlıq, qaranlıqda işığın varlığı absurd görünə biləcək qədər sadəlövhlük kimi də qəbul edilə bilər.

Lakin bu iki, az qala antoqonist ziddiyət təşkil edən anlamın haralardasa birgə məna kəsb etdiyi yolu tapana qədər yetərincə əzaba qatlaşmalısan. Zümrüd xanımın romanında qaranlıqla işıq çarpışır, təbii, sonda işıq qalib gəlir, amma işığın qaranlığı yarıb keçməsi də baltalanmış insan ömürləriylə müşayiət olunur.

Nə vaxtsa oxuduğum bir ifadəni buradaca xatırlatmaq fikirmcə, yerinə düşər: “İstədiyin kimi yaşaya bilmirsənsə, heç olmasa bacardığın kimi yaşa.”

Amma məsələ burasındadır ki, əsərdə təsvir olunan mühitdə insanlara bacardıqları kimi də yaşamağa imkan vermirlər.

Onlar olduqca qəddar bir rejimin qurbanlarıdırlar.

Bu yazıda sitat gətirmə “əməliyyat”ından vaz keçməklə qısaca onu deyə bilərik ki, əsər ədalətsiz bir cəmiyyətdə yaşayan insanların acı talelərindən bəhs edir.

Bu cəmiyyətdə sümükləri qəbirdən çıxarılmış qızcığazın valideyninin keçirdiyi dəhşətli əzablar bir kimsənin umurunda deyil.

Romanda Allahsızlığın canlı heykəli Şeyx obrazıdır, din naziri olan bu şəyatin cildli məxluq hansısa məmurla Krala məbəd tikmək yarışına girib və bu yarışda qalib olmaqdan ötrü hətta “Allahı çarmıxa çəkməyə” belə hazırdır.
Azərbaycan nəsrində Şeyx obrazının bu müstəvidə işlənməsi ilk dəfədir.

Sözsüz, müəllifin təxəyyülü həyati həqiqətlərdən qidalanır.

Xaricilər məbəd üçün tikiləcək yeri qazarkən insan sümüklərinə rast gəlib bu işdən vaz keçdikləri halda özümüzünkülər qəbristanı goreşən kimi altını üstünə çevirirlər.

Bu məmləkətdə insanlar öz ölülərini bir dəfə deyil, iki dəfə dəfn etmək məcburiyyətində qalırlar.

Bütün bu bəşəri cinayətlərin baisi Kral və onun canavar xislətli məmurlarıdırlar.
Görürsən ki, dəhşətli biganəlik alaq otu kimi insanların içində kök atıb. Əsəri mütaliə etdikcə Dantenin cəhənnəm mənzərələrini xatırlayırsan.

Amma nə yaxşı ki, müəllifin qaldırdığı böyük miqyaslı problemlərin nə sosial, nə də bədii baxımdan həllində məhdud əyalət çərçivəsi və əlamətləri yoxdur.

Birbaşa mənada da əsərdəki hadisələr şəhərdə baş verir və bu şəhər öz sakinlərinin Allahsızlığından əziyyət çəkir.

Romanın adındaki nidadan əvvəlki sual işarəsi bir növ qırmağa sancılan soxulcanı xatırladır(ifadə bir qədər kobud səslənsə də hesab edirəm ki, heç də uğursuz müqayisə deyil), oxucu məhz bu durğu işarəsindən tilova düşür.

Zümrüd Yağmur
Əsərə ad seçməkdən tutmuş oxucuya ötürülən obrazlı informasiya dalğasının hansı tezlikdə uğur qazanıb-qazanmamasına qədər bütün nəsnələr məhz o nidadan əvvəlki sualdan başlayır, sona doğru start götürür.

Zümrüd Yağmur elmi və bədii yaradıcılıqla paralel məşğul olsa da elmi düşüncə stereotipi xanım yazarın təhkiyə üslubuna zərrəcə xələl gətirmir.

Yəni əsəri oxuyanda onun alim deyil, yazıçı tərəfindən yazıldığına əmin olursan.

Əsər boyu Sözün hansısa məqamda axsadığını, hansısa sözün qulağını cırmaqladığını sezməzsən. Bu onu göstərir ki, yazar öz əsəri üzərində zərgər həssaslığı ilə işləyib.

Əsərdə fəlsəfi fikirlər, psixoloji notlar çoxluq təşkil edir, bu, müəllif ideyasının oxucuya çatdırılamsına xidmət edir, amma bəzi səhifələrdə mətləb həddən artıq uzadılır ki, bu da oxucunu yorur.

Hadisələrin nəqli zamanı tez-tez haşiyələr çıxılır, baxırsan ki, bu mahiyyətcə bir-birinin təkrarıdır. İndiki dövrün insanı lakonizmi, konkretliyi çox xoşlayır, Dostoyevski, Tolstoy dövrünün asudəliyi qaçaraq zamanla əvəzlənib və oxucunun kitabdan uzaq düşdüyü bu qarışıq əyyamda sözü maksimum kəsə yolla oxucuya çatdırmaq daha səmərəli və faydalı olardı.

Allahdan uzaq düşmüş insanların nə vaxtsa Allaha qayıtması fürsətini qaçırmaması üçün onlar hökmən inanmalıdırlar ki, həqiqətən də “Allah qayıdır!”

Həmçinin oxu
Zümrüd Yağmur "Allah qayıdır?!" (Romandan parça)
Cavanşir Yusifli. Əsl hadisə xarabazarlığı
Nərmin Kamal. Yaşadığımız ölkə haqqında öfkə
Tehran Əlişanoğlu. Qrotesklə illüstrələr arasında
XS
SM
MD
LG