Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:27

Nizami Gəncəvi. Leyli və Məcnun (43)


əvvəli

MƏCNUNUN NOFƏLƏ ACIQLANMASI


Bir gün ikilikdə oturmuşdular,
Yenə məclis açıb keyf qurmuşdular.
Məcnun zəmanəyə nifrət deyirdi,
Şerlər qoşaraq qəmlər yeyirdi:
"Ey mənim ahımdan xəbərsiz duran,
Aldadıb külümü göyə sovuran,
Yüz dostluq vədəsi verdinsə də sən,
Yarım dostluğa da vəfa etmirsən.
Gəl öz başındakı xəyalı unut,
Sən mənim sözümü, ilticamı tut.
Məni ağ yalanlar felinə verdin,
Yenə kimsəsizlik əlinə verdin.
Söz verdik dostluğa, səmimiyyətə,
Indi göz yumursan sən bu niyyətə.
Səndən mən eşitdim yüz dil yarası,
Görmədim bir dərman, bir dərd çarası.
Səbrim tükənmişdir, şaşqınam bu dəm,
Dadıma yetməsən əldən gedərəm.
Əvvəl bir yazığın dərdinə qalmaq,
Sonra öz sözünün ziddinə olmaq
Bil ki, böyüklükdən uzaqdır, məncə,
Dostluğun vəfası budurmu, səncə?
Vəfasız bir vədi vermə insana,
Layiq görməyirəm mən bunu sana.
Köməksiz, arxasız, qərib bir quşam,
Dirilik suyundan uzaq uçmuşam.
Xərabə bir kəndə xəzinə vermək,
Susuza su vermək şərt olsun gərək.
Bil ki, müşkülümü tez düzəltməsən,
Yenidən divanə olacağam mən.
Gəlməsə sevgilim-bəxtiyarlığım,
Bil ki, məhv olacaq bütün varlığım".

davamı
XS
SM
MD
LG