Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:04

Nizami Gəncəvi. Leyli və Məcnun (46)


əvvəli

NOFƏLİN İKİNCİ MÜHARİBƏSİ


Bu söz gövhərini tapıb kəşf edən
Dastan qapısını açır sinədən:
Nofəlin başına toplaşan ordu
Heyrətə salmışdı böyük bir yurdu.
Nərədən torpağın bağrı söküldü,
Buqəbis zirvəsi yerə töküldü.
Onun nərəsindən titrəyən düşmən
Döyüş meydanında səf çəkdi həmən.
Qəbilə başçısı donuxub qaldı,
Nofəl ordusunun seyrinə daldı.
Gördü ki, nizələr almış hər yeri,
Ordu bulud kimi tutmuş göyləri
Təbil nərələri gəldikcə bəzən
Ölünün qəlbi də qopur yerindən.
Nofəl ordusunu görəndə düşmən,
Nə hərbə meyl etdi, nə qaçdı hərbdən.
Hücuma girişdi "bəxtə-bəxt" deyə,
Atını səyirtdi müharibəyə.
Ordular gəldikcə orda baş-başa,
Endi şimşək kimi qılınclar başa.
Qumları sel kimi apardıqca qan,
Əqiq göyərirdi sarı qumlardan,
Ürəklər yoruldu ciyər yarmaqdan.
Qılınclar utandı baş qoparmaqdan.
Nofəl qılınc çəkib qalxan tutaraq,
Hər hücum başında yıxırdı bir dağ.
Əъdahalar kimi qızıb meydanda,
Bir nəfəs kəsirdi o hər bir anda.
Şir kimi getdikcə Nofəl irəli,
Oxlara dönmüşdü sərt kirpikləri.
Hirsdən çatıldıqca qəzəbli qaşlar,
Toppuz zərbəsindən uçurdu başlar.
Gürzlü çomağını endirən zaman
Elburs dağı da uçardı, inan.
Hər kəsə bir qılınc vursaydı Nofəl,
Onu varaq kimi doğrardı əl-əl.
Məcnun da həvəslə hərbə gedirdi,
O həlak olmağa çox səy edirdi.
Döyüş meydanları qızışdığı vaxt
Tabut taxtasına dönmüşdü hər taxt.
Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxardar onların əli.
Nifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdən doğar.
O gün nofəlçilər qalib gəldilər,
Onların bəxtinə açıldı səhər.
Düşmən cəbhəsini yarıb sökdülər,
Baş-başa, leş-leşə vurub tökdülər.
Can verib öldükcə yaralananlar,
Ah çəkib sönürdü darda qalanlar.
Əsib kükrədikcə ölüm ruzgarı,
Leyligil tərəfin ağsaqqalları
Aman istədilər igid Nofəldən,
Yalvarıb dedilər: "Düşmüşük əldən.
Çəkmə qılıncını gəl indən belə,
Hamını ölmüş bil, əsir zənn elə.
Bizi qırmağından bir fayda varmı?
Igid basdığını boğazlayarmı?
Iki-üç nəfərik, olmuşu unut,
Əlinə ox alma, əlimizdən tut.
Gəl bu qiyaməti əlindən burax,
Qiyamət günü var... o dünyaya bax.
Düşmən silahlansa qarşında əgər,
Sən də qılınc vurub qüvvəni göstər.
Lakin, silah töksə qarşında düşmən,
O miskin düşmənlə gəl vuruşma sən.
Artıq tutmayırıq üzünə qalxan,
Gəl bağışla bizi sən, ey qəhrəman!
Qılıncla, nizəylə dindirmə bizi,
Görürsən qalxansız əllərimizi".
Nofəl bu naləni dinləyib o dəm,
Keçmiş günahlara çəkdi bir qələm.
Əmr etdi: "Gəlini gətirin ki, mən
Xoşluqla əl çəkim bu qəbilədən".
Leylinin atası, ürəyi qəmli,
Torpağa üz qoydu gözləri nəmli.
Yalvardı Nofələ: "Ey böyük insan,
Güvənir tacına bu Ərəbistan.
Dərdli bir qocayam, ürəyimdə qəm,
Səndən uzaq olsun, yaman gündəyəm.
Qorxaraq ərəbin tənələrindən,
Əcəm ləqəbini gəzdirirəm mən.
Başımın dərdinə, sövdasına bax,
Bəxtimdən görürəm mən bunu ancaq,
Xəcalət çəkirəm bu günahımdan,
Civə tək ərimək istərdim, inan.
Qızımı qarşına gətirsəm də, bil,
Quluna versəm də, əskiklik deyil.
Yenə fəxr edərəm, gəl inan ki, sən,
Boyun qaçırmaram sənin hökmündən.
Çöldə od yandırıb ocaq da çatsan,
Qızımı ud kimi oda da atsan,
Ya quyu dibinə tullasan onu.
Ya da qılınc çəkib vursan boynunu,
Bil ki, ağ olmaram üzünə yenə,
Can-başla hazıram hər bir əmrinə.
Baharda bir təzə gül olsam da mən,
Boyun qaçırmaram sənin əmrindən.
Ancaq, o dəliyə layiq deyil qız,
Dəliyə bir zəncir yaraşır yalnız.
Ay üzlü bir qıza sərsəm yararmı?
Çör-çöpün yanında od qalanarmı?
O, gicdir, mərd deyil, yoxdur sənəti,
Nə dünyası vardır, nə axirəti.
Dağları, daşları gəzir o sərsəm,
Inan, divanədir, dəlidir desəm.
Pis-pis adamlarla oturub durur,
Mənim adıma da min ləkə vurur.
Mərdə təmiz bir ad candan əfzəldir,
Ləkəli qalmaqdan ölüm gözəldir.
Ərəb torpağında küləklər belə
Qızımı salmışdır ağıza, dilə.
Leylinin adını o, dilə saldı,
Balam bu dünyadan min töhmət aldı.
Məcnuna tapşırsan cilovumu sən,
Mənə güləcəkdir hər yoldan ötən.
Bir nəhəng ağzında qəhr olub ölmək
Alçaq bir ömürdən xoş olsun gərək.
Bədnam olmağımı qoyma, amandır!
Qiyamət günü var... o, imtahandır.
Indi bu naləmə, dərdimə çatsan,
Dünyada xoşbəxt ol, sevin hər zaman.
Yoxsa, and içirəm bir allaha mən,
Əlimi çəkərəm ətəklərindən,
Ay üzlü balamın vurub boynunu,
Itin qabağına ataram onu.
Taki bu qeyrəti çəkməyim bir də,
Ölüb, öldürməyim durduğum yerdə.
Qoy mənə yer üzü lənətlər desin,
Qızımı divdənsə köpəklər yesin.
Insanı dinləsə azğın bir quduz,
Onun məlhəmi var, keçər, qorxusuz.
Lakin dil yarası ürəkdən getməz,
Ona min məlhəm də bir əsər etməz".
Nofəl dinlədikcə rəngi saraldı,
Söz tapa bilməyib cavabsız qaldı.
Qoca danışdıqca açıq, mərdana,
Nofəl yumşalaraq: "Qalx-dedi ona.
Bu gün bir sərkərdə olsam belə mən
Xoşluqla istərdim qızını səndən.
Indi ki, vermirsən, canın sağ olsun,
Mən zalım deyiləm, üzün ağ olsun.
Quru bir çörəklə, şor bir halvadan
Pisdir zorla gələn bir arvad, inan.
Dualar ardınca dolaşıram mən,
Belə cəfalardan bezaram, bilsən".
Nofələ dil açdı yaxın adamlar,
Dedilər: "Qocanın nə günahı var?
Məcnun xoş gəlməsin gözünə sənin,
Mənliyi alçaqdır o divanənin.
Bir qadın doğrudan sevsə də onu,
Fəlakət törədər bu eşqin sonu.
Havalı yaşayan sərsəm bir insan.
Nə xeyrə, nə şərə yarayar, inan.
Ona neyləsən də ağıla gəlməz,
Yoxdur iradəsi, durub dincəlməz.
Dünən biz onunçun döyüşən zaman
Qələbə istərdi düşmənə hər an.
Oxlara gərmişdik biz sinəmizi,
O da oxlayırdı bir yandan bizi.
Bu iş ağıllının işi deyildir,
Ona ağlamaq da, gülmək də birdir.
Bu gün yetirsək də canana onu,
Açıq görünür ki, matəmdir sonu.
Düz ölçüb biçməsən bu işi, ey mərd,
Biz zərər çəkirik, siz də xəcalət.
Adımız, sanımız bizə əfzəldir,
Bu işdən əl çəkmək daha gözəldir".
Nofəlin qəzəbi soyuyub söndü,
Qoşuna əmr edib, geriyə döndü.
Məcnun yaralandı bu bəd xəbərdən,
Min tikan sancıldı qəlbinə birdən.
"Ah, - dedi, - çatmışdı visal üçün vaxt,
Öldü, oyanmadı, oyanmadı baxt.
Bəxtimin vəfası olsaydı mana,
Özüm tək olardı dostum mərdana".
Gözündə yaş seli, qəlbində vulkan,
Nofəlin yanına gəldi pərişan.
Dedi: "Ey dostluğa qadirəm deyən,
Söz verib, sonradan sözünü yeyən,
Mənim ki, üzümə gülürdü səhər,
Rəvamı qəlbimdə sönsün ümidlər.
Nə üçün buraxdın ovumu əldən,
Biz ki, əl vermişdik, unutdunmu sən?
Susuzdum, apardın sən "Fərat" deyə,
İçməmiş odlara tapşırdın niyə?
Şəkərdən bir şirin şərbət qayırdın,
Ondan da içməmiş məni ayırdın.
Qarşıma açdınsa şirin süfrəni,
Sonra milçək kimi qovladın məni.
İpin ki, ucunda bu düyün vardı,
Ona dəyməsəydin yaxşı olardı".
Deyib bu sözləri getdi çaparaq,
Atının nalından odlar qoparaq.
Ona çox dedilər, çox yalvardılar
Ki: "Sənə bundan da yaxşı bir nigar -
Hörmətli, hünərli, dövlətli, mallı,
Bir gümüş sinəli; günəş camallı,
Işinə yarayan bir qız taparıq,
Bu yeri axtarıb soraqlaşarıq,
Ta işin onunla tamam düzəlsin,
Dövlət də qapına qayıdıb gəlsin".
Çox umud verdilər aşiqə bir-bir,
Könlünün düyümü açılmadı bir.
O çıxdı ortadan iz azdıraraq,
Qəlbi bulud kimi tutuldu ancaq.
Göz yaşı tökürdü o qəlbi xəstə,
O tiryək səpirdi zəhərin üstə..
Artıq öz mülkünə qayıtdı Nofəl,
Yetişcək yurduna hər şeydən əvvəl
Çağırtdı o cəfa görmüş Məcnunu
Ki, ürək verərək dincəltsin onu.
Axtaran çox oldu, tapan olmadı,
Artıq siyahidən silindi adı.
Bildilər, nə imiş bu səssiz gediş,
Onun tənəsinə səbəb nə imiş...

davamı
XS
SM
MD
LG