Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:26

Nizami Gəncəvi. Leyli və Məcnun (52)


əvvəli

LEYLİNİN İBN-SƏLAMA VERİLMƏSİ


Bir xəbər tutunca tez Ibn-Səlam
Tələsdi vədəyə versin sərəncam.
Şahlıq cəlalilə, dəbdəbəsilə
Keçirmək istədi Leylini ələ.
Çoxlu xəzinəylə elçi gəldilər.
Xalvarla qənd gəldi, batmanla ənbər.
Nafə müşkü ilə mədən ləlləri
Bəzədi büsbütün qumlu çölləri.
Geyinsin, bəzənsin deyə o dilbər,
İpəklə yükləndi gələn dəvələr.
Atlardan "ərəbi", "bəxti", "təkavər"94
Gətirdi ağıla sığmayan qədər
İnsan döyüşdürən qızıllar ki, var,
Qum kimi dağıdıb səpirdi onlar.
Qızılı qum kimi səpdikcə yenə,
Sanki qum tökürdü düşmən gözünə.
Nəydi o səxavət, nəydi o rəftar!
O böyük calala heyran qaldılar.
İki gün dincəldi o yol yorğunu,
Elçini çağırıb öyrətdi onu.
Elçinin cadulu bir dili vardı,
Daşı xəcalətdən yumuşaldardı.
Sözü Isa kimi can təzələrdi,
Ölülər yenidən dilə gələrdi.
Alıb Rum elindən, Çindən, Məkkədən,
Peşkəşlər gətirdi nadir şeylərdən.
Elçi xəzinəylə düşdü yollara,
Hamsını çatdırdı xəzinədara.
Öz şirin dilinin açarı ilə
Gizlin xəzinəni o açdı belə:
- Aslan ürəklidir bizim qəhrəman,
Ərəbin fəxridir, şənidir, inan.
Nəsəb sahibidir, adlı-sanlıdır,
Böyükdür, nəcibdir o çox şanlıdır.
Siz qan istəsəniz, qum kimi tökər.
Davadan-dalaşdan azad olaraq,
Onunla səadət taparsan ancaq.
Elçi bu sözləri dediyi zaman
Qızcığın atası qalmışdı heyran.
Sonra, məsələnin əslinə yetdi,
Qəbul etdiyini etiraf etdi,
Bu işi qızına o rəva gördü
Ayı əъdəhanın ağzına verdi.
Sabah günəş doğub şölə salanda,
Cəmşidin camını ələ alanda
Bəylik xələtini rus oğlu aldı,
Ərəb damadının çiyninə saldı
Gəlinin atası çıxdı eşiyə,
Çadırı bəzədi, bayramdır deyə.
O, qonaq çağırdı Ibn-Səlamı,
Şadlıq məclisində əyləşdi hamı.
O, keyf məclisini sevinclə qurdu,
Ona layiq olan bir zinət vurdu.
Ərəb qaydasınca onlar bir yerdə
Öncə sınan əhdi bağladı bir də.
Göylərə sovurdu pul tufanını
Süd həqqinə girov dedi canını.
Qızın otağında onlar bu səhər
Tünglərə nə qədər şəkər tökdülər.
O kiçik ağızlı, qaragün sənəm
Ətir yandırırdı ud kimi o dəm.
Ətir dağıdırdı ah çəkən qəlbi,
Göz yaşı tökürdü gülablar kimi.
Ləli od verirdi, bulağı da su,95
O, ənlik qayırır, gülab yayır bu.
Yarı çatmışdısa bu gün murada,
Muradsız qalmışdı özü dünyada.
Ağıza çatarkən düşüb sındı cam,
Qoğalı bişmişkən dönüb oldu xam.
Qaydadır, ayağa batar hər tikan,
Od ağız yandırar ağıza qoysan.
Kim ki, müxalifət göstərə bir az,
Heç kimin əmrinə o qulaq asmaz.
Öz qəbiləsinə asi olan şəxs
Onunla bir yerdə yaşaya bilməz.
Barmağın birini çalarsa ilan,
Barmaq kəsilməsə zəhərlənər can.
Təbə can dərmanı olmuş məhəbbət,
Ölümə səbəbdir hər müxəlifət.
Ruhu şənləndirən Leyli ki, vardı,
Ixtilaf üzündən canlar alardı.
Şahlıq çırağından alışıb yanan,
Çıraqla gəzirdi onu hər zaman.

davamı
XS
SM
MD
LG