Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:24

Nizami Gəncəvi. Leyli və Məcnun (75)


əvvəli

ZEYDİN, İBN-SƏLAMIN ÖLÜM XƏBƏRİNİ
GƏTİRMƏSİ


Bu gözəl dastanı bizə nəql edən,
O iliyə qədər çürümüş bədən
Dedi ki: canandan uzaq düşən Zeyd,
Qəlbinin başında min ağrı, min qeyd,
Səbr ilə udardı bu ağır dərdi,
Yazıq su yerinə qanlar içərdi.
Onun bu sirrinə bələd qohumlar
Bir çarə tapmağı vermişdi qərar.
Zorla alınmışdı o sevdiyi yar,
Zeydə yoldaşları kömək durdular.
Səbriylə gəldi Zeyd o dərdə üstün,
İşinin düyümü açıldı bir gün.
Aşkar olmasa da, gizli, bir təhər
Zeyd ilə o Zeynəb görüşürdülər.
O, canan yanına getdikcə az-az,
Qəlbin aynasından silinirdi pas.
O təzə qönçəylə görüşən zaman
Açıb söyləyirdi dərdini pünhan.
Mehribanlıq dolu şirin dodaqlar
Gizli nəvazişlər elərdi izhar.
Elin qaydasına uyğunlaşaraq,
Quruca hal-əhval sorardı ancaq.
Könüllər pak idi, saflıq duyardı,
Ortada həyalı baxışlar vardı.
Çarə tapmışdısa Zeyd öz dərdinə,
Məcnunun qeydinə qalırdı yenə.
Məcnunun dərdinə qalıb ürəklə,
Çarə axtarardı min bir diləklə.
Öz dərdi başından aşıb daşardı,
Lakin Məcnun üçün çox çalışardı.
Elə iş gördü ki, durduqca cahan,
Afərin söyləyər hər xatırlayan.
Səndən də yaxşılıq qalsa yadigar,
O camal sənin də üzündə parlar,
Bir çox sifətlər var insanda hələ,
Almasan yaxşıdır onları dilə.
Pis sözü ağzına alınca insan,
Qarnında öldürsə yaxşıdır, inan.
Bu dünya dolanıb, döndükcə ruzgar,
Qoy səndən yaxşı söz qalsın yadigar.
Səndən də, məndən də nə qalsa ancaq,
Bil ki, kəndxudaya qismət olacaq,
Köçdü Ibn-Səlam, getdi dünyadan.
O quş bu qəfəsdən qurtaran zaman
Zeyd baş götürüb, yola çıxdı tək,
Məcnunun yanına gəldi sevincək,
Ölümün verdiyi acı qədəhdən
Məcnuna tez xəbər yetirdi həmən
"Arzu karvanıyın o yol vuranı
Sənin sağlığına tapşırdı canı.
Artıq ölüb getdi bil Ibn-Səlam,
Ömrə sən layiqsən, sən yaşa müdam"
Məcnun bu löqməni ağzına aldı.
Fələyin dövrünə bir nəzər saldı
Bir fəryad qopardı, nərə çəkərək
Çəkdiyi nərədən titrədi fələk.
Gah rəqsə gətirdi onu həyəcan,
Gah da öz şəklini gördü məzardan.
Sevindi bu işə o bir cəhətdən
Gülün ətəyindən kəsildi tikən.
O biri cəhətdən duyurdu ürək:
Rəqibi öldüsə, o da öləcək
Odur ki, gülməyib, ağladı dərhal,
Ağlamaq əmr etdi bu dəmdə kamal.
Ağlayıb, ağlayıb, ağrılar uddu,
Sonra Zeydə baxıb, acığı tutdu:
"Sən, ey ürəyində bir nalə, min qəm,
Baş ağrımı çəkmiş vəfalı həmdəm!
Könüldə bir mətləb ummuşam səndən,
Qulaq as, bu sirri açıq deyim mən:
Bu günki varağı sən açıq, aydın
Oxuyub, ortada xəta buraxdın.
Dedin ki: filankəs dünyadan getdi,
Sənə öz canını sadağa etdi.
Sevsəydin dostluğun düz peymanını,
Deyərdin "Leyliyə verdi canını".
Ona qismət olan bir tikə, inan,
Mənim boğazımdan keçməz heç zaman",
Zeyd ona dedi ki: "Ay canım, burax;
Leylini sevmisən sən ondan qabaq.
O bərabər olan iki nəqşdən,
Birini əksiltdin öz əlinlə sən.
Aradaki fərqi sildin ortadan,
Varağın birindən qoymadın nişan.
Madam ki, nə mənlik, nə də sənlik var,
İkilik rəqəmi mənasız olar.
Mən də qaydalara aldanıb bu dəm,
Mənə yaraşmayan bir söz demişəm.
Yaxşı düşmədisə söhbətim, sözüm,
Mən gedə bilərəm, incimə, gözüm!"
Məcnun bu cavaba asdıqca qulaq,
Zeydi qucaqlayıb dedi: - Sözə bax!
Dedi: "Ey müsahib, dilinə əhsən!
Ən xoş nəsimlərin ən gözəlisən!
Nə gözəl danışdın, nə xoş söylədin,
Mənə layıq oldu cavabın sənin.
Nə gözəl, nə dürüst cavabların var,
Bax belə danışar həmdərd olanlar!
Cahanda hal əhli olsa bir nəfər,
Onunla danışmaq dünyaya dəgər.
Mən əhd etmişəm ki, nə qədər sağam,
Səninlə daima dost olacağam.
Nə qədər ömrüm var, səninlə varam,
Neyləsən yolundan baş qaçırmaram.
Daima dərs alıb dediklərindən,
Səndən sirr saxlasam, kafir olum mən".
Məcnunun qəlbində ayrılıq dərdi,
Əmr tək Zeyd ilə ömür sürərdi,
Aradan bir həftə gəlib ötüşdü
Bir gün ayrılığa bəhanə düşdü.
Məcnun yuvasına yollandı yenə,
Zeyd də qayıdıb getdi evinə.

davamı
XS
SM
MD
LG