Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:32

Nizami Gəncəvi. Leyli və Məcnun (79)


əvvəli

LEYLİNİN ÖLÜMÜNDƏN MƏCNUNUN
XƏBƏR TUTMASI


Bu məşhur dastanı yaradıb yazan
Yazmış səhifəyə belə bir fərman:
Ay batdı, dolanıb keçdikcə günlər,
Qəlbi qırıq Zeydə çatdı bu xəbər.
Ağlayıb könlünü açdı fəryada,
Deyin, ağlamayan varmı dünyada?
O, qara geyindi yası var kimi,
Ədalət axtaran adamlar kimi.
O qəbrin yanına yetişdi bir, bax,
Bahar buludu tək yaş axıdaraq,
Onun qan dalğalı qəbrinin üstə
Sorma nə haldaydı o qəlbi xəstə,
Sellər axıtdıqca o didəsindən,
Insanlar baş alıb qaçdı səsindən.
Ah çəkib, aləmə vəlvələ saldı,
Qəmindən fələyin üzü qaraldı.
O parlaq çıraqlı, gözəl məzarı,
Tərk edib üz qoydu çöllərə sarı.
O çırağı sönmüş qaranlıq gecə
O yoldan azmışı taparaq təkcə,
Onun qarşısında zar-zar ağladı,
O dağlanmış qəlbi yenə dağladı.
Cırıb üz-gözünü o birdən-birə,
Ah çəkib, başını vururdu yerə.
Məcnun öz dostunun baxıb rənginə,
Gördü bulud kimi tutulmuş yenə.
Dedi ki: "Qardaşım, nə olmuş, nə var?
Nədir nəfəsindən çıxan alovlar?
Nədən üz-gözünü dağıtmısan sən?
Nədən paltarını qara geymisən?"
Zeyd dedi: "Bəxtimiz gəlmişdir qara,
Işimiz çox yaman düşmüşdür dara.
Torpağın bağrından qara su çıxdı,
Ölüm qapımızın əlini sıxdı.
Dolu bağımızı döydüyü zaman
Töküldü yarpaqlar əsən ruzgardan.
O gözəllik ayı düşdü fələkdən,
Sərvimiz yıxıldı, boş qaldı çəmən.
Leyli, gözəl Leyli yerə gömüldü,
O sənin dərdinlə yaşayıb öldü".
Bu sözdən Məcnunun büküldü beli,
Sanki zəlzələdən tutuldu dili.
Ildırım vurmuş tək qaraldı haman,
Həm düşdü, həm yandı bu ildırımdan.
ёTaqətsiz yerində dayandı bir an,
Fələyə üz tutub dedi: "Ey dövran!
Nədir bu verdiyin insafsız qərar?
Bir zəifə qarşı bu qanunmu var?
Ota da ildırım yağdırarlarmı,
Bir qarışqa üçün bu zülm olarmı?!
Nə lazım ardınca min bir cəhənnəm.
Onu bir qığılcım yandırar bu dəm.
Sən cama görə də göz yaşı göndər,
Hər arzuya görə verilər sağər.
Mən bağrı yanmışın tutduğu çıraq
Bir yel silləsiylə qaralar ancaq,
Bu qılınc çəkməyin nə mənası var?
Məgər ağcaqanad əъdaha olar?"
Bütün fələklərə nifrət deyərək,
Qaçdı səhralara o vəhşilər tək.
Cırdı paltarını o min dəhşətlə,
Vəhşilər baxırdı ona heyrətlə.
Onun sellər kimi göz yaşı vardı,
Ona baxanlar da belə ağlardı.
Dalınca sürünüb Zeyd kölgə tək,
Onun kölgəsindən dilərdi kömək.
Qəlbində sızıltı, gözləri giryan.
Dağları daşları saldı ayaqdan.
Tab edə bilməyib bu intizara,
İstədi baş çəksin o dost məzara.
Zeydə: "O məzarı nişan ver" dedi.
Sonra yar qəbrində bitdi ot kimi.
O, sərxoşlar kimi başı havalı,
Özündə deyildi fikri, xəyalı.
Özü qəm yolçusu, yoldaşı ah-vay,
Rüsvaylar içində hamıdan rüsvay,
Saçları pərişan, başı dumanlı.
Yoldu saçlarını o qəm nişanlı.
O beli qırılmış şikəstə-qamət
Gecəsi bir məhşər günü qiyamət.
Uzaqdan o qərib məzarı görcək,
Düşdü torpaqlara nurdan kölgə tək.
O yerdə qıvrılıb bir ilan kimi,
Tikana sancılmış soğulcan kimi.
Xəzinə üstündə yatmış ilan tək,
O qərib türbəyə sarıldı bərk-bərk.
Gözündən lalə tək göz yaşı getdi,
Ondan ot üstündə lalələr bitdi.
Şam kimi əridib ciyər qanını,
Açdı alovlanmış qəm lisanını:
"Neyləyim, bir çarə tapmayıram mən,
Yanıb əriyirəm şam kimi dərddən.
Mənim Deyləm taclı sevgilim vardı,
Dünyada var-yoxum yalnız o yardı.
Bu Deyləm ayinli qoca şahənşah
Mizraqla yarımı apardı, eyvah!
Əlimdə tər-təzə bir gülüm vardı,
Onu da əcəlin yeli apardı.
Azadca bir sərvim vardı çəməndə,
Yıxıldı əcəlin yeli əsəndə.
Ağacda çiçəyim açıldığı vaxt
Saxlaya bilmədi o neməti baxt.
Ah, onun eşqiylə bir kiçik dəstə
Bənəfşə bitmişdi qəlbimin üstə.
Onu da bir zalım qaparaq keçdi,
Mən əkib becərdim, özgəsi biçdi.
O reyhan üzlümün xəyaliylə mən
Qaçardım dünyanın hər nemətindən.
Bir oğru pusqudan ona əl atdı,
Qırıb reyhanımı, yol üstə atdı.
O qələ gözəlim belə bir yardı,
Mənim də qulluğum belə qurtardı".
Sonra yar qəbrinə qoyub başını,
Ah deyib, axıtdı o, göz yaşını.
"Sən, ey xəzan görmüş körpəcə gülüm!
Dünyanı görməmiş ölən sevgilim!
Ey xərabə qalan baği-gülüstan,
Bar verib, barını yeməyən canan!
Torpağın zülmünə dözürsənmi sən?
Bu dərə dibində söylə necəsən?
O qara xallardan varmı bir əsər?
Söylə, nə haldadır o ahu gözlər?
Necədir yaquta bənzər dodaqlar?
Ətirli saçların necədir, ey yar?
Nəqşini çəkirlər, de, hansı rəngdən.
Şamın hansı dərdlə əriyir, de sən!
Kimin gözlərinə gülürsən, canan?
De, kimin başına ətir saçırsan?
Sərvin hansı bağda tutmuşdur qərar?
Məclisin olmuşdur hansı laləzar?
Tikanlar içində necədir halın?
Necə mağarada keçir əhvalın?
Ilan məskənidir bu mağaralar,
Sən aysan! De burda nə məqsədin var?
Qəbriyin üstündə yanıram, canan117!
Sənsə mağaraya həmdəm olmusan.
Sən bir xəzinəydin, uddu torpaqlar,
Xəzinə olmasan, udmazdı, ey yar,
Hansı mağarada xəzinə ki, var,
Üstündə bir ilan qıvrılıb yatar.
Mən də ilan kimi küsüb yuvamdan,
Məzarın üstündə oldum pasiban.
Qum kimi tapdandım bir zaman gerçək.
İndi sakit oldum quyuda su tək.
Qismətin ay kimi qəribliksə, bil,
Ayın qəribliyi qəribə deyil.
Sən gizli olsan da zahirdə məndən,
Canın canımdadır, ayrılmaz səndən.
Uzaq düşdünsə də gözümdən, inan,
Könlümdən uzaqda deyilsən bir an.
Ortadan qalxdısa nəqşin, surətin,
Öz yerində qalmış qəmin, möhnətin.
Səninçin könlümü yelə verdim mən,
Xatirən çıxarmı heç xatirimdən!
Qəmin yolumdadır, toz-torpaq atmış,
İstəsən oyaq ol, istəsən yatmış.
Gedir sənin rəxşin məndən iləri118,
Çünki mən çolağam, ey gözəl pəri.
Behişt məclisinə qonaq düşübsən,
Canını qurtardın bu xərabədən.
Mən də çarə tapsam haman düyünə,
Yanına gələrəm bir neçə günə.
Qəbriyin başına dolandığımdan,
Əhdə vəfadaram hələ də, canan!
Nə zaman yanına düşsə bədənim,
Kəfənin batmasın qapıma mənim.
Yerin behişt olsun daima sənin.
Qoy allah hərəmi olsun məskənin.
Ruhiyin qəndili axıcılıqdan,
Ətrafa şölələr salsın hər zaman".
Deyib yığışdırdı əl-ayağını,
Hərlənib sındırdı öz qolbağını.
Başında bir dəstə heyvanlar yenə,
Üz qoydu öz doğma vilayətinə,
Sürüb dəvəsini yollar boyunca.
Hicran şerləri dedi doyunca...
Ayrılıq vəsfini alaraq dilə.
Vəfadan qoymadı bir kəlmə belə.
Boyadı qumları o göz yaşına,
Çırpdı öz başını çölün daşına.
Qığılcım saçmamış öz naləsindən,
Qoymadı yol üstə qalsın bir tikən.
Yollarda gördüyü bütün daşları
Boyadı al qana o göz yaşları.
Başından aşdıqca sövdalı dərdi,
Cananın qəbrini arzu edərdi.
Dağlardan sel kimi axıb gələrək,
Leylinin qəbrinə döşənərdi tək.
Başını məzara qoyub qalardı,
Torpaqdan minlərcə öpüş alardı.
Anıb o vəfalı can həmdəmini,
Məzara söylərdi könül qəmini.
O möhnət bağında tutduqca qərar,
Yanından getməzdi vəhşi heyvanlar.
Axan göz yaşları olduqca Zəmzəm,
Vəhşilər çəkmişdi ona bir hərəm.
Gözündən getməzdi onun heyvanlar,
Adam buraxmazdı yanına onlar.
Qorxaraq o vəhşi yırtıcılardan,
O yoldan keçməzdi bir nəfər insan.
Məcnun dost qəbrindən getməmiş hələ,
Məzara gəlməzdi qarınca belə.
Gündüzü bu sayaq olurdu gecə,
Ömrünü həvəslə verirdi heçə.
Neçə gün yaşadı vəhşilərlə tək,
Bu həyat ölümdən pis idi gerçək.
Gah canan qəbrinə səcdə edərdi,
Gah ceyran ardınca çölə gedərdi.
Qarışqa gözündə məskəni vardı
Qəbirdən-qəbirə addımlayardı.
Bu hicran qüvvədən saldı Məcnunu.
Nəhayət oxudu köç məktubunu...

davamı
XS
SM
MD
LG