Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:17

Nizami Gəncəvi. Leyli və Məcnun (81)


əvvəli

LEYLİNİN QƏBRİ ÜZƏRİNDƏ
MƏCNUNUN ÖLMƏSİ


Məşhur söz ustası, o söz Loqmanı
Böylə tamamlayır bizim dastanı:
O xırmanı yanmış alışıb söndü,
Göz yaşından olan xırmana döndü.
Insafsız fələyin əl dəyirmanı
Üyüdüb apardı haman xırmanı.
Çünki, zəif düşdü get-gedə bədən,
Daha gücsüz oldu o əvvəlkindən.
Canı ayağından dodağa çatdı,
Günü axşam olub zülmətə batdı.
Sızlayıb ahları göyə yüksəldi,
Torpaq gəlininin yanına gəldi.
O hasarlı qəbrə üz qoyub yatdı,
Gəmisi bulanıq bir suya batdı.
Xəstə qarınca tək başı fırlandı,
Yaralı ilan tək qıvrılıb yandı.
Iki-üç beyt dedi qəmlə, möhnətlə,
Iki-üç göz yaşı, tökdü həsrətlə.
Sonra da göylərə tutub üzünü,
Əl açıb o zaman yumdu gözünü:
"Ey bütün aləmi qurub xəlq edən!
Səni əzizinə and verirəm mən,
Al dərdli canımı ya pərvərdigar!
Məni sevgilimin yanına apar!
Bu canı bərklikdən özün azad et,
Apar o dünyaya könlümü şad et".
Deyib bu sözləri, baş qoydu yerə,
Qəbri qucaqladı o birdən-birə.
Cananın qəbrini öpdükdən sonra,
Dost! - deyib, canını tapşırdı ona.
Keçdi bu körpüdən axır ki, o da,
Bu yoldan keçməyən varmı dünyada?
Elə bir yoldur ki son başı ədəm,
Onun bəlasına düşəcək aləm...
Belə uçurumu olan ruzgarda,
De, kimin həyatı qalmayır darda?
Deyin, tüstülənib yandıqca ruzgar,
Onda qovrulmayan bir yaramı var?
Hər yara üstündə qəm damğası var,
Zülmün dırnağıyla didilir onlar.
Ey çolaq eşşəyi bu dəyirmənin,
Üzün kəhrəbadan sarıdır sənin.
Uzaqlaş fırlanan bu dəyirmandan,
Çıxmaz azadlığa onunla insan.
Bir evdə olduqca sel təhlükəsi,
Qalx ki, yaxınlaşır o selin səsi.
Hələ sındırmamış körpünü fələk,
Dəvəni körpüdən kənara tez çək!
Dünyanın göbəyi yellə doludur,
Yel də ki, bir heçdir, heçlik yoludur.
Yelə bağlı olan bu diriliyə
Çox da bel bağlama dirilik deyə.
Tələs ki, rahatlıq getdi dünyadan,
Çox yavaş sürmə ki, getmişdir karvan.
Qan içən bu yeddi başlı əъdaha
Dövrəndə ilandır, açılmaz daha.
Özünə bir diqqət yetirsən əgər,
Bürümüş dövrəni bu əъdahalər.
Bu qoca dünyanı zənn etmə fağır,
Qarı görünsə də, bir əъdahadır.
Bu dünya oğrudur, köçünü tez çək,
Bu cığal oyunçu daş gizlədəcək.
Gəl əyri vurma ki, sən mümkün qədər,
Əyri zərbələrin özünə dəyər.
Qorxma öz könlünü elə abadan,
Yaqut ye, zərrəcə qorxma vəbadan.
Ağalıq atından aşağıya en,
Bir zəiflik göstər acizliyindən.
Taki əcəl şiri can alsa yenə,
Baxıb rəhmi gəlsin acizliyinə.
Təkəbbürlü gəzmə, bu işdən əl çək,
Bil ki, sənin yemin deyil bu çörək.
Torpaqdan məhəbbət kəsmək gəzirsən,
Deyəcəyəm deyib, heç dinməyirsən,
Sinə düyünləyən bu qıfıl ki, var,
Qızılı xəznənin qarnında saxlar.
Qıtlıqdan istərsən ölsün bu qarı
Taki sənə qalsın ev qızılları.
Gözə görünməmiş o bir hümadır,
Gözə göründümü, bir əъdahadır.
Düşəndə məhbəsə aqil bir adam
Baxıb yol axtarar qaçmağa müdam.
Dünya məhbəsində tutmusan qərar,
Sən ki, yol bilənsən, durma, yol axtar!
Bu işin dərmanı tapılar, şəksiz,
Bu yükün cövrünü çəkməliyik biz.
Gözündə işıq var, qəlbində qüvvət,
Boş ki, yaratmamış səni təbiət.
Özünü zənn etmə zəif bir çıraq,
Bil ki, zinət alır səndən yeddi bağ,
Fələyin üstündə vilayətin var,
Himayən altında durur varlıqlar.
Səcdə edənlərin Səlcuqisən sən119,
Bir də son vücudun mirası sənsən.
Fələk kimi olan boyuna bir bax,
Saxla qiymətini, vüqar qalacaq.
Sarılma torpağa, o, tozdur, inan!
Uyma təbiətə, od çıxır ondan,
Sən öz mərtəbəndə otursan əgər,
Bil, ucalar başın göylərə qədər.
Dağ kimi, qaçırma başını seldən,
Sillə yesən belə, üz döndərmə sən.
O nalını salan daşı al ələ,
Qaldır, öp: "Nə gözəl ləlsən" söylə.
Səninlə qaynayan sirkəni su tək,
Gözünü yumaraq içəsən gərək!
Bu yol, bir vəfayla başa vurular,
Ondan vəfa ilə qurtarmaq olar.
Çox içən adamlar bədxumar olar,
Yaxşı içənlər də xoşgüvar olar.
Axar sular kimi sən də sakit ax,
Axdığın yerlərdə xoşlansın torpaq.
Bil ki, su nohurdan içilsə əgər,
Sərin ola bilməz axar su qədər.
Varlıq dünyasıdır torpağın, gerçək,
Dünyaya pərəstiş etmə torpaq tək.
Dünya gedərgidir, dalınca getmə!
Qalmayacaq şeyə sitayiş etmə!

* * *

Məcnun ki, dünyadan heçliyə vardı,
Dünya töhmətindən canı qurtardı.
Gəlin beşiyinə qoydu özünü,
O yuxuya gedib yumdu gözünü.
Bu fani dünyada öldü möhnətdən,
Köçüb o dünyaya, qurtardı dərddən.
Torpaqlar onu da qoynuna aldı,
Bir ay, bəlkə bir il o halda qaldı.
Qəbrin dövrəsində bir böyük dəstə
Vəhşi dayanmışdı gözü yol üstə.
Şah kimi yatmışdı sarayında tək,
Vəhşilər baxırdı keşik çəkərək
O hasarlı səhni bürüyüb onlar,
Yuva düzəltmişdi orda heyvanlar.
Baxıb vəhşilərə, can qorxusundan
O qəbrin yanına gəlməzdi insan.
Uzaqdan baxanlar görərdilər ki,
Vəhşilər qaynaşır arılar təki.
Zənn edirdilər ki, o qərib xəstə
Yenə də əyləşmiş o qəbrin üstə.
Qılınc vuranlar da hər axşam, səhər
Şahın sarayına keşik çəkirlər,
Bilməyirdilər ki, şah qəbrə varmış,
Tacla kəmərini külək aparmış.
Məcnun - o canını eşqə xərc edən,
Dürrünü torpağa basdırıb gedən
Məhv oldu fələyin zəlzələsindən,
Çürüyüb torpağa qarışdı bədən,
Onun canındakı nişanələrdən
Quruca bir sümük qalmışdı, bilsən!
Vəhşi heyvanlar da gəlib bir kərə.
Yaxın durmazdılar o sümüklərə.
Nə qədər hərəmi güddü vəhşilər,
Ayaq da basmadı ora bir nəfər,
Ölünü insanlar anıb, yad edər,
Yoxdur vəhşilərdə belə bir hünər.
Bir il bu qaydayla keçdi, əlqərəz,
Dağıldı vəhşilər istər-istəməz.
Bəzisi iy alıb, üz qoydu dağa,
Bəzisi də ölüb getdi torpağa.
Xəznə tilsimini qapanda dövran,
Xəznə qıfılı da çürüdü pasdan.
Bu halı görüncə yol adamları,
Qeyidsiz gəldilər hərəmə sarı,
Gördülər ki, yatır orda bir insan,
Sümüklər qalmışdır onun canından.
Bir vəfa gözüylə seyr edib onu,
Tezcə tanıdılar kim olduğunu.
O zaman yayıldı bu səs hər yana,
Yayıldı bu xəbər Ərəbistana.
Toplaşdı qohumlar, qəlbi yananlar,
Başına dərd gəlmiş qəmgin insanlar.
Baxdıqca meyidə, nalə çəkdilər,
Şivən qopardaraq, qan yaş tökdülər.
Gövhərini saçmış o qalıb-bədən
Bir ağ sədəf kimi düşmüşdü, bilsən!
Qızılla sildilər sədəf tozunu,
Yenə də sürtdülər ənbərlə onu.
Onun mişk kimi saçları vardı,
O öz nəfəsindən ətir saçardı.
Bu məzar ağlatdı hər yaslı qəlbi,
Axdı göz yaşları yağışlar kimi.
Bu göz yaşlarıyla yuyub Məcnunu,
Torpaqdan torpağa qoydular onu.
Daxmanın yanını açıb, müxtəsər,
Leylinin yanında dəfn eylədilər.
Şahı apardılar bir meyxanəyə,
Saqiyə verdilər, sərxoşdur, deyə.
Qiyamətə qədər yatdılar rahət,
Qalxdı yollarından dərdlə məlamət.
Sağkən vermişdilər bir əhdə qərar;
Ölüb bir beşikdə qoşa yatdılar...
Zaman dolaşdıqca hər iki qəbrə
Tikdilər ordaca bir daş məqbərə.
Hüsnünə bağ-bostan həsəd aparan
O türbə səcdəgah oldu çox zaman.
Bütün xəstələrə şəfa verərdi,
Cəfadan qurtarıb səfa verərdi.
Istəyi yerinə çatmasa əgər,
Geri qayıtmazdı ordan bir nəfər
Ey allah! Aləmdən o iki insan
Ismətlə, paklıqla uçduqlarından,
Kəsmə sən onlardan öz ülfətini,
Bağışla onlara öz rəhmətini!
Bizim də növbəmiz yetişən zaman
Sən özün bilərsən, böyük yaradan!

davamı
XS
SM
MD
LG