Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:21

2 aprel məhbusları


«Ağcabədi rayonunda Məmməd Əmin Rəsulzadənin büstünü torpaq altından çıxarıb ictimaiyyətə göstərdiyimizə görə indi bizdən qisas alırlar».

Müxalifətin İctimai Palatasının 2 aprel aksiyasına görə barəsində iki aylıq həbs qərarı seçilən Müsavat partiyası gənclər təşkilatının sədr müavini Rüfət Hacıbəylinin atası İbrahim kişi oğlunun həbsini bu cür qiymətləndirir.

İbrahim Hacıbəyli
deyir ki, ürəyindəki xəstəliyə, çəkisinin azlığına və boyunun balacalığına görə hərbi xidmətə yararsız övladının polis maşınını əzməkdə ittiham edilib 2 aylıq həbsə atılması siyasi sifarişdən başqa bir şey deyil.

İbrahim Hacıbəyli deyir ki, ailəsi M.Ə.Rəsulzadənin torpağa basdırılmış büstünü aşkarlamaqla həm də rayondakı Rəsulzadə prospektinin adının Heydər Əliyevin adına dəyişdirilməsinin qarşısını alıb.

«RÜFƏT BİZİM ASLANIMIZDIR»


«Ona görə də bizim ailədən qisas alırlar. Bu, siyasi sifarişdir, özü də lap yuxarıdan gələn sifarişdir. Amma Rüfəti tutmaqla bizi heç kim sındıra bilməyəcək. Rüfət bizim aslanımızdır».

Rüfət Hacıbəyli
Rüfət Hacıbəylinin vəkili Elçin Namazovun deməsinə görə Rüfət də həbsini aksiyalarda "İlham istefa!" şüarı səsləndirməsi ilə əlaqələndirir.

«YOLDAŞIM DÜZ YOLDADIR»


«Üç azyaşlı uşaq, mən də işləmirəm, təbii ki, Şahinsiz çətindir».

2 aprel mitinqindən bir gün qabaq saxlanılan və barəsində 1 aylıq həbs qərarı verilən AXCP üzvü Şahin Həsənlinin həyat yoldaşı Zülfiyyə Həsənli deyir ki, həbs ona və üç azyaşlı uşaqlarına çətinlik yaratsa da yoldaşı düz yoldadır. Dediyinə görə, 12 yaşlı oğlu hələ də atasının həbsindən xəbərsizdir.

«Bircə 10 yaşlı qızım atasının həbsindən xəbərdardır. O da boynu bükük, atası yanında olmayan uşaq necə olmalıdır? Oğlum liseydə oxuyur, dərsləri ağırdır, ona görə ona deməmişik».

Şahin Həsənli saxlanarkən cibindən 5 ədəd patron tapıldığı bildirilir.

«AİLƏMİZDƏ ƏN ZƏİF TURALDIR, ONDAN BİR AZ NARAHATIQ»


Tural Abbaslı
Müsavat partiyası gənclər təşkilatının sədri Tural Abbaslının qardaşı Teymur Abbaslı deyir ki, o, qardaşının aksiyalarda polis tərəfindən neçə dəfə saxlanmasının hesabını itirib. Deyir amma birinci dəfədir ki, qardaşı barəsində 2 aylıq həbs qərarı verilib.
«Ailəmizdə fiziki baxımdan ən zəif Turaldır, ondan bir az narahatıq. Amma əqidə baxımından tutulmasının bizə heç bir problemi yoxdur»

«BABƏK HƏSƏNOV ONA VERİLMƏLİ OLAN EVİ 10 İLDİR ALA BİLMİR»

Barəsində iki aylıq həbs qərarı seçilən AXCP üzvü Babək Həsənovun üç azyaşlı övladı isə hər gün atalarının yolunu gözləyir. Qardaşı Cavid Həsənovun AzadlıqRadiosuna dediyinə görə, Babək Həsənovun ən kiçik övladı 7 aylıqdır.

Qardaşının deməsinə görə, Babək Həsənov 10 il orduda xidmət edib, Qarabağ uğrunda gedən döyüşlərdə iki dəfə ağır yaralanıb. Hərbi xidmətdən sonra Bakıya gələn Babək Həsənov elə gəldiyi gündən də kirayədə yaşayır.

«Hərbi xidmətdən gələndən sonra evi olmadığına görə, onu Nəriman rayonunda polis şöbəsində qeydiyyatda saxladılar».

Cavid Həsənov deyir ki, qardaşı 2 aprel aksiyasında saxlansa da bir neçə saatdan sonra sərbəst buraxılıb, amma aprelin 6-da onu hansısa sənədə imza atmaq üçün yenidən polisə dəvət ediblər və barəsində 2 aylıq həbs qərarı verilib.

«OĞLUM SİYASİ ƏQİDƏSİNƏ GÖRƏ HƏBS EDİLİB»

Sahib Kərimov
AXCP sədrinin müşaviri Sahib Kərimovun atası Fərman Kərimov da oğlunun siyasi əqidəsinə görə saxlandığını deyir və oğlunun heç bir cinayətə yol vermədiyini bildirir. Sahib Kərimovun da üç azyaşlı uşağı var.

2 APREL AKSİYASINA GÖRƏ SAXLANAN YAP-ÇI

2 aprel aksiyasına görə barəsində 2 aylıq həbs qərarı verilənlər təkcə müxalifətçilər deyil. Onların arasında Yeni Azərbaycan Partiyasının (YAP) bir üzvü də var. Bu 1985-ci il təvəllüdlü Ülvi Quliyevdir. Anası Zərnişan Quliyevanın «Media forum» saytına verdiyi məlumata görə, oğlu aprelin 2-də əsgər yoldaşları ilə kafedə olub. Amma yeyib içəndən sonra necə olubsa mitinqçilərə qoşulub. Həmin gün 2-3 saat polisdə saxlansa da sonradan sərbəst buraxılan Ülvi Quliyev aprelin 8-də yenidən Səbael polisinə çağırılıb və barəsində 2 aylıq həbs qərarı verilib.

«ADAMLARIN AKSİYALARA ÇIXMASI İŞSİZLİYİN NƏTİCƏSİDİR»


«Yoldaşım işsizlikdən dəfələrlə intihara əl atıb, hər gün evdə dava-dalaş idi. Üç uşağımız var, imkansızlıqdan birini anam rayona aparıb saxlayır, anam özü də ağırxəstədir«».

AXCP üzvü Arif Alışlının həyat yoldaşı Xuraman Alışlı deyir yoldaşı həbs ediləndən sonra dolanışıqları daha da çətinləşib. O, hesab edir ki, adamların aksiyalara çıxması işsizliyin nəticəsidir.

POTENSİAL SİYASI MƏHBUSLAR?

Fuad Qəhrəmanlı
2 aprel aksiyasına görə, 13 nəfər barəsində cinayət işi açılıb. Onlardan 12 nəfəri həbsdədir. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində isə polis nəzarətində olma qərarı verilib.

Barələrində 2 aylıq həbs qərarı seçilənlərin siyasi məhbus hesab oluna bilərlərmi? İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı hesab edir ki, hələki saxlananları «siyasi məhbus» adlandıra bilmirlər.

«Amma iki aya saxlanmaları və onlardan bəzilərinin 5 günlük cəzası bitəndən sonra yenidən istintaqa cəlb edilmələri və barələrində 2 aylıq həbs qərarı verilməsi, bu, hardasa bizə əsas verir ki, biz onları potensial siyasi məhbus elan edək».

Səidə Qocamanlı hesab edir ki, məhkəmənin həmin şəxslər barəsində mənfi qərarı siyasi məhbus siyahısını uzada bilər. Hüquq müdafiəçisinə görə, öz fikrini sərbəst deməyə görə insanların həbsə atılması Azərbaycan üçün müsbət bir şey vəd eləmir. Səidə Qocamanlı deyir ki, hüquq müdafiəçiləri indi bütün işlərini həmin şəxslərin tezliklə azadlığa buraxılmasına yönəldiblər.

DAVAM EDİR 2 APREL...

Azər Rəşidoğlu
2 aprel aksiyasına görə 13 nəfərin həbs edilib, müxalif siyasi partiya rəhbərləri, sıravi partiya üzvləri, politoloqlar şahid qismində polisə çağırılıb. Az qala hər gün bu istintaqla bağlı yeni xəbərlər gəlir. «Tolerant» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu bunu cəmiyyətdə getdikcə artan narazılıqların qarşısının alınmasına hesablanmış addım sayır:

«Hakimiyyət baş verə biləcək narazılıqdan ehtiyat edir. Hansısa narazılıq edənin dərhal həbs ediləcəyini və təqiblərə məruz qalacağını nümayiş etdirir».

Azər Rəşidoğlu hesab edir ki, narazılıqlar daha da artars,a hakimiyyət hətta siyasi liderləri həbs etmək addımına belə gedə bilər. Amma ekspertə görə, insanların qorxu altında saxlanması bumeranq effekti də verə bilər. Bu baxımdan Azər Rəşidoğlu düşünür ki, hakimiyyət baş qaldıran narazılıqların qarşısını represiya, xof yolu ilə deyil, islahatlar yolu ilə alsa daha yaxşı olar.
XS
SM
MD
LG