Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:06

ABŞ insan haqları hesabatı: Azərbaycanın azadlıqları az qala mümkünsüz edən qanunları


Söyüdlü kəndində sakinlərlə polis arasında qarşıdurma
Söyüdlü kəndində sakinlərlə polis arasında qarşıdurma

ABŞ Dövlət Departamenti aprelin 22-də 2023-cü il üçün dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı açıqlayıb.

Hesabatın Azərbaycana aid bölümündə sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan, bunun nəticəsində demək olar bütün erməni əhalinin bölgəni tərk etməsindən, məhbuslara qarşı pis rəftardan, ifadə və media azadlıqlarının sərt məhdudlaşdırılmasından, adamların öz hökumətlərini azad və ədalətli seçki yolu ilə dəyişə bilməməsindən bəhs olunur.

Sənəddə vurğulanır ki, Azərbaycan hökuməti insan haqları pozuntularını törədən məmurların cəzalandırılması üçün inandırıcı addımlar atmayıb. Eyni zamanda 2020 və 2022-ci illərdə Azərbaycan ordusu tərəfindən törədildiyi iddia edilən hadisələrin araşdırılması barədə heç bir hesabat verilməyib.

Hesabatda qeyd edilir ki, Azərbaycanda qanunsuz həbslər, məhbusların elementar hüquqlarının pozulması, onlara qarşı pis rəftar, hüquq-mühafizə orqanlarında korrupsiya və cəzasızlıq sistemli və endemik şəkildə davam edir.

Bu da qeyd olunur ki, Azərbaycanda rəsmi zaminlik sistemi mövcud olsa da, ötən il ərzində bu sistemdən istifadə edilməklə həbsdən azad edilən olmayıb.

Şübhə doğuran ittihamlarla həbslər

Hesabatda deyilir ki, Azərbaycanda şübhə doğuran ittihamlarla həbslər praktikasından geniş istifadə olunur. Qeyd olunur ki, söhbət ilk növbədə polisə müqavimət, qanunsuz narkotik maddə və silah saxlanması, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlardan gedir.

Hesabatda vurğulanır ki, hakimlərin və prokurorların prezident administrasiyasından və Ədliyyə Nazirliyindən verilən göstərişlərlə işlədiklərinə dair inandırıcı məlumatlar mövcuddur.

Bu da qeyd olunur ki, konstitusiyaya görə prokurorlar və vəkillərin statusları bərabər olsa da, hakimlər vəsatətlərə münasibətdə daha çox prokurorların mövqelərinə üstünlük verirlər. Hesabatda habelə saxta şahidlərdən geniş istifadə edildiyi qeyd olunur.

Dövlət Departamentinin hesabatında QHT-lərin məlumatına istinadən Azərbaycanda dekabrın 1-ə olan məlumata görə 254 siyasi məhbusun olduğu qeyd edilir.

Azadlıqların faktiki qadağanı

Sənəddə vurğulanır ki, hökumətin xaricdə yaşayan şəxslərə qarşı zorakılığına və ya zorakılıqla təhdid etməsinə dair inandırıcı iddialar mövcuddur.

Bu da qeyd olunur ki, insan haqları qrupları hakimiyyətin xaricdə yaşayan fəalların sosial mediada təhdid olunması üçün “pullu trollar” saxladığını iddia edirlər.

Hesabatda deyilir ki, Azərbaycan qanunları mətbuat və media da daxil ifadə azadlığına təminat versə də, hökumət bu hüquqları bir qayda olaraq pozur.

Bu da bildirilir ki, hökumət jurnalistlərin azad fəaliyyətini məhdudlaşdırır. Jurnalistlərin, blogerlərin, habelə ölkədə və xaricdə olan fəalların, onların qohumlarının üzərinə təzyiqləri ilə özünə qarşı tənqidlərin qarşısını almağa çalışır.

Hesabatda vurğulanır ki, il ərzində hökuməti tənqid edən beynəlxalq və müstəqil internet saytlarının bloklanması davam edib.

Hesabatda deyilir ki, hökumətin yaratdığı şəraiti faktiki olaraq sərbəst toplaşma azadlığının qadağanı kimi qiymətləndirmək olar.

QHT-lərin işini mümkünsüz edən qanunlar

Sənəddə vurğulanır ki, qanunlar habelə ölkədəki QHT-lərin fəaliyyətini son dərəcə məhdudlaşdırıb.

Hakimiyyət qanunlardan istifadə edərək QHT-lərin fəaliyyətinə dair cinayət işləri açır. Vurğulanır ki, belə bir şəraitdə çox az QHT fəaliyyət göstərə bilir.

Hesabata görə Azərbaycanda QHT-lərin qrant almasını tənzimləyən qanunlar elə şəkildə yazılıb ki, faktiki olaraq bunun alınmasını mümkünsüz edir.

Qanunlar Ədliyyə Nazirliyinə QHT-lərin fəaliyyətinə monitorinq səlahiyyəti verir.

Hesabatda deyilir ki, Azərbaycanda filial açmaq istəyən xarici QHT-lərə ağır şərtlər qoyulur, onlardan “Azərbaycan xalqının milli və mədəni dəyərlərinə” dəstək verəcəklərinin, dini və siyasi təbliğatda iştirak etməyəcəklərinin nümayiş etdirilməsi tələb olunur.

Xəstələri qapılarda süründürən 'göndəriş sistemi': Türkiyədə şəxsiyyət vəsiqəsini göstərmək bəs edir
Gözlə

No media source currently available

0:00 0:10:17 0:00

Aşağı və yüksək səviyyəli korrupsiya

Hesabatın korrupsiya ilə mübarizə ilə bağlı hissəsində deyilir ki, Azərbaycan hökuməti “aşağı səviyyəli” korrupsiya ilə əlaqədar müəyyən irəliləyiş əldə etsə də, korrupsiyanın ən yüksək səviyyəli rəsmilər səviyyəsində davam etdiyinə dair məlumatlar var.

Sənəddə vurğulanır ki, bir sıra yüksək vəzifəli rəsmilər barəsində açılmış cinayət işləri istintaq mərhələsində qalır.

Azərbaycan hökuməti hələ ki, bu hesabatla bağlı münasibət bildirməyib.

Amma hakimiyyət bir qayda olaraq insan haqları ilə bağlı hesabatlardakı tənqidləri qəbul etmir, onları böhtan və qərəz adlandırır.

Rəsmilər iddia edirlər ki, ölkədə heç kəs siyasi və peşə fəaliyyətinə, habelə azadlıq və hüquqlarından istifadəyə görə təqib olunmur. Onlar bildirirlər ki, həbs və saxlanmalar konkret qanun pozuntularına görə baş verir.

Azərbaycan ölkədə siyasi məhbusların olmasına dair iddiaları rədd edir.

XS
SM
MD
LG