Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:14

Ermənistandakı Aİ müşahidəçilərinin ziddiyyətli bəyanatlarının söz-söhbəti kəsilmir


Avropa İttifaqının Ermənistandakı Missiyasının nümayəndələri sərhəddə (Arxiv fotosu)
Avropa İttifaqının Ermənistandakı Missiyasının nümayəndələri sərhəddə (Arxiv fotosu)

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının (EUMA) müşahidəçiləri avqustun 15-də onların məsuliyyəti zonasında Azərbaycan tərəfindən atəş açılmasının şahidi olduqlarını bildiriblər.

Məlumatda Azərbaycan silahlı qüvvələrinin konkret olaraq onları hədəflədiyi deyilmir.

Missiya bildirir ki, onun üzvlərindən xəsarət alan yoxdur.

Avqustun 15-də missiya Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan silahlı qüvvələrinin missiya üzvlərini atəşə tutmasına dair xəbərini təkzib edərək, onu “feyk” adlandırmışdı.

Amma bundan təxminən bir saat sonra missiya Twitter-dəki bəyanatını silərək başqa bəyanat yerləşdirmişdi.

Həmin bəyanatda missiya Verin Şorca (Yuxarı Şorca-red) istiqamətində patrul keşiyi çəkərkən atışmanın şahidi olduğunu bildirirdi. Amma yenə də bilavasitə missiyanın hədəfləndiyi deyilmirdi.

Azatutyun yazır ki, bəyanatın dəyişdirilməsinə Ermənistan teleqram-kanallarında yayılan bir video səbəb olub.

Həmin videoda müşahidəçi formasında olan bir nəfər Azərbaycan mövqelərindən onlara atəş açıldığını deyirdi.

Erməni tərəfi avqustun 15-də elə bu ərazidə bir Ermənistan əsgərinin yaralandığını və onun vəziyyətinin ağır olduğunu bildirirb.

Erməni politoloqun şərhi

Ermənistanın politoloqlarından Armen Baqdasaryan deyib ki, ikinci bəyanatın verilməsinə məhz bu video səbəb olub.

Politoloq hesab edir ki, Avropa İttifaqına bu cür faktları qeyd etmək və ittihamla çıxış etmək sərf etmir:

“Birincisi ona görə ki, Avropa İttifaqı bununla öz rolunu, müşahidəçilərinin rolunu kiçiltmiş olardı, yəni bu missiyanın əslində elə də böyük əhəmiyyətinin olmadığı görünərdi. Çünki Azərbaycan bu missiyaya onsuz da məhəl qoymur...”

Baqdasaryanın fikrincə əsas səbəb odur ki, Brüssel Bakı ilə münasibətlərini korlamaq istəmir, çünki Qərbdə Azərbaycana enerji resursu kimi baxılır.

Politoloqun sözlərinə görə Qərb Cənubi Qafqazda gərginlik mənbəyi yaradıb, Rusiyanı buna çəkmək istəyir.

Bundan əvvəl rəsmi Bakı Ermənistanın Aİ müşahidəçilərinin atəşə tutulmasına dair iddialarını rədd etmişdi.

Azatutyun yazır ki, avqustun 16-da Aİ-nin Ermənistandakı missiyası Ermənistanın sərhəddə çox sayda canlı qüvvə və hərbi texnika cəmləşdirməsinə dair Bakının iddiaları təkzib edib.

Azərbaycandakı hərbi attaşelərə məlumat verilib

Avqustun 15-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri üçün brifinq keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamaya görə, onlara son günlər Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərindəki "qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin" aktivliyinə dair ətraflı məlumat verilib:

Vurğulanıb ki, onlar Qarabağda qeyri-qanuni silahlı birləşmələrin mövqelərini gücləndirməsi, müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməklə mülki əhalini silahlandırılmasını qeydə alıblar.

Amma bu məlumata Ermənistan və Qarabağdakı tanınmayan qurumun təmsilçilərinin münasibəti bəlli deyil.

Aİ missiyası Azərbaycan tərəfindən atəşə tutulduğuna dair ziddiyyətli bəyanatlar verib

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Avropa İttifaqının Ermənistandakı Missiyası Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan tərəfindən Avropa müşahidəçiləri istiqamətində atəş açıldığına dair xəbərini əvvəlcə təkzib, daha sonra təsdiq edib.

Missiyanın Twitter-də yazdığı postda deyilir:

“Biz təsdiq edirik ki, Aİ missiyası bizim məsuliyyət zonasında atışma insidenti zamanı orada olub”.

Aİ missiyasının postunda missiyanın atəşə tutulması yox, atışma insidenti zamanı “orada” olması qeyd olunur.

Ermənistanın Müdafiə Nazirliyi avqustun 15-də xəbər vermişdi ki, Azərbaycan silahlı qüvvələri bugün günortadan sonra Yuxarı Şorca ərazisində patrul müşahidəsi aparan Avropa müşahidəçilərini və onların maşınını odlu silahlardan atəşə tutub.

Azatutyun yazır ki, Aİ missiyası bundan əvvəl Ermənistan nazirliyinin məlumatını “feyk” adlandırmışdı.

Missiyanın Twitter-də dərc etdiyi postda deyilirdi:

“Heç bir #EUMA patrulu atəşin hədəfi olmayıb. Biz Ermənistan-Azərbaycan sərhədi boyunca patrul keşiyi çəkir və məsuliyyətimiz zonasında atışma insidentləri də daxil insidentlər barədə Aİ (Brüsselə) məlumat veririk”.

Lakin sonradan bu post Twitter-dən silinib.

Azərbaycan Müdafiə Nazirliyi təkzib edir

Avqustun 15-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Vardenis rayonu, Verin Şorca (Azərbaycan tərəfi rəsmi olaraq Basarkeçər rayonunun Yuxarı Şorca kəndi adlandırır - red) yaşayış məntəqəsi ərazisində Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumatı təkzib edib:

“Bildiririk ki, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır. Bu səbəbdən də Ermənistan Müdafiə Nazirliyinin iddia etdiyi belə bir halın baş verməsi nəzəri və praktiki baxımdan qeyri-mümkündür”.

Avropa İttifaqının Ermənistandakı Missiyası ilkin bəyanatını niyə dəyişməsinin səbəbini açıqlamayıb.

Azərbaycan Müdafiə Nazirliyi habelə avqustun 15-də Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun (Ermənistanın Vardenis rayonu - red) Şişqaya və Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyini müxtəlif çaplı atıcı silahlardan atəşə tutması barədə məlumat yayıb.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG