Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Ailəsinin qətlində ittiham olunan Əhmədin qapalı məhkəməsində onun ifadəsi açıqlanıb


Əhməd Əhmədov məhkəmədə
Əhməd Əhmədov məhkəmədə

Ailəsinin 5 üzvünü – ata və anasını, azyaşlı qardaşını, bacısını və onun 3 yaşlı qızını öldürməkdə ittiham edilən Əhməd Əhmədovun məhkəməsi qapalı keçiriləcək. Oktyabrın 8-də buna qərar verilib və jurnalistlər də məhkəməyə buraxılmayıb.

Ə. Əhmədovun vəkili Sənan Hüseynov jurnalistlərə açıqlamasında məhkəmənin qapalı keçirilməsini zərərçəkmiş şəxslərin hüquqi varislərinin təhlükəsizliyi ilə əlaqələndirib. Vəkil məhkəmənin qapalı keçirilməsindən ötrü elektron qaydada vəsatət göndərdiyni və hakimlərin vəsatəti təmin etdiyini bildirib:

“Zərərçəkmişlərin hüquqi varislərinin təhlükəsizliyi ilə əlaqədar belə bir qərar qəbul olunub. Bu barədə əlavə məlumat vermək istəmirəm”.

AzadlıqRadiosunun əldə etdiyi bilgiyə görə, məhkəmədə Ə. Əhmədovun istintaqdakı ifadəsi açıqlanıb.

Ə. Əhmədovun istintaqa ifadəsində iddia olunur ki, ailə üzvlərinin münasibəti onu qane etməyib. Onun ifadəsinə görə, valideynlərinin aldığı ayrıca mənzildə tək yaşayırmış.

Hadisənin necə baş verməsinə gəlincə, ifadədə göstərilib ki, həmin gün atası səhər yeməyi hazırlayarkən, onu öldürmək qərarına gəlib. Sonra onun avtomobili ilə bacısı Elmiragilə gedib. Cinayət işinin materiallarına əsasən, bacısı və onun 3 yaşlı qızını qətlə yetirəndən sonra yenidən valideynlərinin yaşadığı evə qayıdıb.

Ə. Əhmədovun ifadəsinə görə, həyətdəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb, ona siqaret verməyib. Mağazadan çıxanda anası ilə qardaşı Məhəmmədin evə tərəf gəldiyini görüb. Bu zaman yaxınlıqdakı mağazadan 20 manata balta alıb və valideynlərinin yaşadığı mənzilə qalxıb.

İttihama görə, ardından anası Bikə Əhmədovanı və 9 yaşlı qardaşını öldürüb.

“Sonra aşağı düşdüm. Ərazidə polislər vardı. Özümü şübhəli apardığıma görə məni tutdular. Atam, anam və bacımın məni ailədən saymamaları məndə onlara qarşı nifrət yaratmışdı. Qardaşım və bacım qızının da gələcəkdə valideynləri kimi olacağını düşündüm”, - bu da Əhmədin istintaqdakı ifadəsindəndir.

Məhkəmədə bu ifadə açıqlanıb. Ə. Əhmədov əlavəsi olmadığını deyib.

Bu iş üzrə məhkəmə prosesi oktyabrın 10-da şahidlərin ifadəsilə davam edəcək.

Xatırlatma

Hadisə fevralın 13-də axşam saat 16.30 radələrində baş verib.

Ə. Əhmədovun anası 47 yaşlı Bikə Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi.

Ə. Əhmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

İstintaq dövründə Ə. Əhmədovun psixi durumu ilə bağlı iki dəfə ekspertiza keçirilib. Onun istər hadisə vaxtı, istərsə indi anlaqsız olması barədə rəy verilib. Bu üzdən, məhkəməyə göndərdiyi qərarda ekspertiza rəylərinə əsaslanan prokuror onun cəzadan azad edilməsini və ixtisaslaşmış müalicə müəssisəsinə (psixiatriya xəstəxanasına) yerləşdirilməsini tövsiyə edib.

Ə. Əhmədovun 25 yaşı var. O, kiçik yaşlarından psixi xəstəlikdən əziyyət çəkir. Orta məktəbdə 9 il təhsil alan Əhmədin Moskva universitetinin məzunu olması barədə diplomu var.

Məhkəmə də onun anlaqsız olduğu qənaətinə gəlsə, Ə.Əhmədov azad ediləcək və məcburi müalicəyə göndəriləcək.

XS
SM
MD
LG