Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:15

'Çovdarovun Kürdəmir icra başçısına verdiyi sual'


Akif Çovdarov
Akif Çovdarov

"Müstəntiq bu epizodu "aradan çıxarmaqdan ötrü oğlumdan 100 min pul istəyib. Mən bir çox məsələləri açıb danışmaq istəmirəm, amma adamı məcbur edirlər. Yalançı zərərçəkmişləri, şahidləri mənim üzümə qoymaqla neyləmək istəyirlər?"

Həbsdə olan MTN generalı Akif Çovdarov fevralın 1-dəki məhkəmədə bu sözləri hissolunacaq dərəcədə əsəbi söyləyib. O, Kürdəmirdə bir xeyli torpaq sahəsini ələ keçirməsinə dair ittihama etirazını bildirib.

Buna da bax:​ MTN polkovnikinin pensiya kartına da həbs qoyulub

Akif Çovdarovun, eləcə də həbs olunanadək MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində onun tabeliyində işləmiş Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun bugünkü (1 fevral) məhkəməsində Kürdəmirdəki torpaq sahəsiylə bağlı epizod üzrə dindirmələr olub. Əvvəlcə zərərçəkmiş Şehman İmanov dindirilib. Kürdəmir Rayon Polis İdarəsinin sahə rəisi Kamran İmanovun qardaşı bu adam istintaqa ifadəsini təsdiqlədiyini söyləyib.

"Mənə dedi ki, səni bir anda məhv edərəm"

O, ifadəsində bildirib ki, Çovdarov Kürdəmir rayonunda yüz hektarlarla torpaq sahəsini ələ keçirib və həmin ərazidə balıqçılıq təsərrüfatı yaradıb. Bu zaman onun kafesi Çovdarovun işinə mane olub və general əvvəl 20 min manat təklif etməklə onun əmlakını almaq istəyib. Şehman İmanov generalın təklifi ilə razılaşmadığını deyib. Nəticədə kafesi təhdid və silah vasitəsilə əlindən alınıb:

Buna da bax: 'Prokuror yanımda çıxarıb 10 min verdi...'

"Çovdarovun təklifi ilə razılaşmayanda mənə dedi ki, “səni bir anın içində məhv edərəm. Heç bir dövlət orqanı mənim göstərişimdən kənara çıxa bilməz, ağlını başına yığ! İstəsəm, qardaşını da bir anın içində ilişdirib içəri basaram". Bu olaydan sonra Çovdarov kafenin ətrafındakı 100 hektara yaxın ərazini hasarlatdırıb, onun adamları kafeyə gedən işıq xətlərini kəsib, dirəkləri söküb aparıb. Belə bir vəziyyətdə kafenin fəaliyyətini dayandırmağa məcbur qalıblar.

Şehman İmanovun sözlərinə görə, Çovdarovun əlindən qurtulmaq üçün kafeni qohumu Sədiyar Tağıyevə satıb. Amma general onu da hədələyib və nəticədə Sədiyar Tağıyev ölkədən getməli olub. O da zərərçəkmiş kimi tanınıb.

Çovdarov üçün sərəncamlara imza atmış icra başçısı

Bu məsələyə görə Kürdəmirin icra başçısı olmuş Fəxrəddin Məlikov da şahid kimi dindirilib. MTN generalının vəkilləri deyir ki, icra başçısı Çovdarovun Kürdəmirdə yüz hektarlarla torpağı 99 illik icarə adıyla necə ələ keçirdiyini izah edə bilməyib.

Buna da bax:​ MTN-in daha üç generalı məhkəməyə çıxarıldı

Sabiq icra başçısı istintaqa ifadəsində də baş verənlərdən xəbərsiz olduğunu deyib. 2004-2012-ci illərdə icra başçısı olduğunu söyləyən Fəxrəddin Məlikov bildirib ki, "RAF-2006” MMC-yə torpaq ayrılmasından məlumatı olsa da, məsələnin detallarını xatırlamır.

Fəxrəddin Məlikova onun imzası olan, torpaq sahələrinin ayrılmasına dair sərəncamlar təqdim ediləndən sonra şirkətin rəhbərinin kimliyini bilmədiyini deyib.

Buna da bax:​ General: 'Kişi kimi 3 maddə verin... razı olacağam'

"Belə iş olmaz, axı..."

"Cinayət işinin materiallarında Şehman İmanovun torpaq sahəsini və kafesini Sədiyar Tağıyevə satmasını təsdiqləyən alğı-satqı müqaviləsi var. Belə bir müqavilə olan halda, Şehman İmanov necə zərərçəkmiş ola bilər? Axı o, kafeni satıb və buna görə də 55 min manat pul alıb. Bu haqda Şehmana sual verdik, cavab verə bilmədi. Bu epizodda onun zərərçəkmiş kimi tanınması başadüşülən deyil. Eyni vaxtda onu da, Sədiyar Tağıyevi də zərərçəkmiş kimi tanıyıblar. Tağıyevin istintaqa ifadəsi də yoxdur. Yəni, zərərçəkmişin adı var, amma şikayəti, məktubu, müraciəti yoxdur. Sadəcə, bir arayış var ki, guya müstəntiq Moskvada olan Sədiyara zəng edib, o da deyilənləri təsdiqləyib. Belə iş olmaz, axı...", - Çovdarovun vəkili Sadiq Rəsulovun AzadlıqRadiosu-na açıqlamasında dediyi sözlərdir.

Buna da bax: Çovdarov: 'Yalan deyəni söyərdim, heyf ki, zalda qadınlar var'

Kürdəmir epizodu üzrə dindirmələrdən sonra Akif Çovdarov MTN işi üzrə istintaqı aparan müstəntiqlərdən birini - Emin Qəhrəmanovu onun oğlundan 100 min manat rüşvət istəməkdə suçlayıb.

Xatırlatma

Akif Çovdarov 2015-ci il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

Akif Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax: Akif Çovdarov: 'Döymədim, başa saldım ki, pulu qaytarsın'

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG