Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:57

Almaniyada ‘Azərbaycan qalmaqalı’ ilə bağlı iki keçmiş deputata ittiham verilib


Xristian-Sosial İttifaqından Eduard Lintner Almaniyanı AŞPA-da təmsil edirdi
Xristian-Sosial İttifaqından Eduard Lintner Almaniyanı AŞPA-da təmsil edirdi

Münhen prokurorluğu Almaniya parlamenti – Bundestaqın iki keçmiş deputatına qarşı korrupsiya ittihamları irəli sürüb.

Xəbər verilir ki, alman deputatlar Avropa Şurasında “Azərbaycan qalmaqalı” kimi tanınan işin əsas fiqurları hesab edilirlər.

Bavariya paytaxtının prokurorluğu Xristian-Sosial İttifaqından Eduard Lintneri və Xristian-Demokrat İttifaqından Aksel Fişeri “mandat sahiblərinin pulla ələ alınması”nda ittiham edir.

Fişer habelə korrupsiyada iştirakda ittiham olunur.

Bu deputatlar ölkələrini Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil edirdilər.

İddia olunur ki, deputatlar Azərbaycanın maraqlarının lobbiçiliyi zamanı qanunu pozublar.

Lintner Bundestaqda rəsmi Bakı üçün lobbiçilik edən Almaniya-Azərbaycan forumunun hamisi idi.

Münhen prokurorluğu Lintneri bir neçə vasitəçinin araçılığı ilə Bakıdan bir neçə milyon avro almaqda ittiham edir.

Lintnerin yaratdığı iki cəmiyyət Azərbaycanın dövlət müəssisələri ilə hansısa xidmətlərin göstərilməsi üçün müqavilələr bağlamışdı.

Azərbaycanın maraqlarını müdafiə etmək

Bu da iddia olunur ki, pullar habelə alman və Belçika deputatlarının ələ alınmasına xərclənib.

Bu korrupsiya qalmaqalında şübhəli bilinənlərdən biri də Bundestaqın mərhum deputatı Karin Ştrents idi.

İstintaq materiallarında deyilir ki, Lintner Ştrentsə 150 min dollar verib, o isə bunun müqabilində 2015 və 2016-cı illərdə Avropa Şurasının Bakıya lazım olan qərarları qəbul edəcəyinə boyun olub.

Prokurorluq iddia edir ki, Fişer Azərbaycan nümayəndələrindən birinə bu ölkənin “maraq və göstərişləri” ilə hərəkət edəcəyinə söz verib.

Keçmiş deputatdan “çıxışlarında müsbət qiymətləndirmələr, məxfi sənədlərin ötürülməsi və Bakının xeyrinə səs verməsi” tələb olunurdu. Qeyd olunur ki, Fişer bu “xidmətləri” üçün azı 22 min avro alıb.

Uzun müddətdir davam edən istintaq

Avropa Stabillik Təşəbbüsü (European Stability Initiative) qeyri-hökumət təşkilatı aşkar edib ki, Lintner artıq 2013-cü ildə Azərbaycanda prezident seçkisinin monitorinqi üçün müşahidə missiyası yaratmışdı.

Bu missiyanın üzvləri müstəqil müşahidəçilərin seçkilərin saxtalaşdırıldığını bildirməsinə rəğmən seçkiyə müsbət qiymət veriblər. Bundan iki həftə sonra Lintner Azərbaycandan 61 min avro alıb.

Xəbər verilir ki, bu geniş miqyaslı və uzun müddətdir davam edən istintaq zamanı 20 obyektdə, o cümlədən Bundestaq deputatlarının ofislərində axtarışlar aparılıb.

İttihamın prosessual araşdırılmasına dair qərarı Münhenin ali məhkəmə instansiyası qəbul etməlidir.

Bu da bildirilir ki, Eduard Lintnerin və Aksel Fişerin hələ ki, təqsirsizlik prezumpsiyası var.

Karin Ştrentsə qarşı ittiham irəli sürülə bilməz, amma onun aldığı bütün pullar varisləri tərəfindən dövlətə qaytarılmalıdır.

Ümumilikdə deputatların ələ alınması yolu ilə əldə olunmuş bütün vəsaitlər müsadirə olunmalıdır.

Bundan əvvəl

Ümumulikdə bütün bu araşdırmalar “Azerbaijani Laundramat” adlı çirkli pulların yuyulmasına dair araşdırmadan sonra aktuallaşıb.

Beynəlxalq jurnalistlərin (OCCRP) 2017-ci ildə üzə çıxardığı bu araşdırma 2,9 milyard dolların Azərbaycandan qanunsuz yolla çıxarıldığını iddia edir.

Daha öncə Avropa Parlamenti “pulyuyan maşın” araşdırmasıyla bağlı təhqiqat aparılmasına çağırmışdı.

Azərbaycan rəsmiləri isə OCCRP-nin araşdırmasını qərəzli və əsassız hesab etdiklərini bildirmişdilər.

Azərbaycan hakimiyyətini təmsil edən şəxslər hesab edirlər ki, bu araşdırma erməni lobbisinin və Azərbaycanı sevməyən, onun uğurlarını qısqanan qüvvələrin sifarişi ilə hazırlanıb.

XS
SM
MD
LG