Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:45

Ərdoğan sərhəddə insidentlərin təkrarlanmayacağına ümid edir


R.T.Ərdoğan və İ.Əliyev
R.T.Ərdoğan və İ.Əliyev

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 19-da ölkəsində səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevə deyib ki, o, Azərbaycan-Ermənistan sərhədində ötən həftə baş verən gərginliyin təkrarlanmamasına ümid edir.

Ərdoğan Əliyevə deyib ki, Ankara Bakı və Yerevan arasında davamlı sülhün tərəfdarıdır.

Frans Press (AFP) agentliyi yazır ki, Əliyev ölkəsinin ən mühüm hərbi və diplomatik dəstəkçisi olan Türkiyəyə Almaniyada kansler Olaf Şoltsun ev sahibliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən dərhal sonra gəlib.

Bundan əvvəl, ötən həftə Azərbaycan-Ermənistan sərhədində atışma nəticəsində bir Azərbaycan əsgəri yaralanmış, buna cavab hücumunda isə 4 Ermənistan hərbçisi həlak olmuşdu.

Almaniya kanslerinin ofisi bildirib ki, Əliyev və Paşinyan Münhendə keçirilən danışıqlarda sülh üçün çalışmaq və gücdən istifadədən imtina etmək barədə razılığa gəliblər.

“İmkan pəncərəsi”

Ərdoğan da Ankarada keçirilən birgə mətbuat konfransında bildirib ki, o ötən həftə baş vermiş gərginliyin “təkrar olunmasını istəmir”:

"Heç şübhə yoxdur ki, Azərbaycan və Ermənistan arasında daimi sülh barədə müqavilənin imzalanması sülh, sakitlik və stabillik üçün yeni ümid mənbəyi ola bilərdi”.

Paşinyan ötən həftə sərhəddə baş vermiş atışmadan sonra demişdi ki, Azərbaycan Ermənistanla “tammiqyaslı müharibəyə” hazırlaşır.

AFP yazır ki, belə görünür, Azərbaycan Qarabağ üzərində nəzarəti ələ almasından daha da “ürəklənib”.

Agentlik vurğulayır ki, son vaxtlarda Ermənistanın onun ən yaxın regional müttəfiqi olan Rusiya ilə münasibətləri xeyli korlanıb.

Ərdoğan mətbuat konfransında deyib:

“Qarabağda erməni işğalının bitməsi ilə daimi sülh üçün tarixi imkan pəncərəsi açılıb. Bu imkan pəncərəsinin bağlanmaması mühümdür”.

İlham Əliyev isə bildirib ki, Azərbaycan Türkiyənin diplomatik və silah-sursat sarıdan “qardaşlıq dəstəyini” heç vaxt unutmayacaq.

'Əliyevin və Putinin dünyaya baxışı çox yaxındır'. Müttəfiqlik bəyannaməsinin iki ili #Izahla
Gözlə

No media source currently available

0:00 0:09:16 0:00

Ankara: Azərbaycan və Naxçıvanı birləşdirəcək yolun hər iki variantı müzakirə olunur

Ankara bəyan edib ki, hazırda Azərbaycan və Naxçıvanı birləşdirəcək yolun hər iki variantı müzakirə olunur.

Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu deyib ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək marşruta dair müzakirələr davam edir.

Nazir Hürriyet qəzetinə bildirib ki, hazırda masa üzərində İrandan keçən yol da daxil iki marşrut müzakirə olunur:

"Əgər Ermənistan tərəfində problemlər varsa, Azərbaycan dəhlizin bu ölkədən keçməsi üçün İranla da təmaslardadır. Burada iki alternativ var. Hər ikisi müzakirə olunur”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, Bakı Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçəcək “Zəngəzur dəhlizində” gömrük yoxlanış məntəqələrinin olmasına qarşıdır.

Moskva özü nəzarət etmək istəyir

Azərbaycan rəsmiləri israr edirlər ki, iki Azərbaycan ərazisi arasında gömrük yoxlanışı ola bilməz.

Rəsmi Yerevan isə bildirir ki, Ermənistan ərazisindən keçən bütün nəqliyyat kommunikasiyaları onun yurisdikdiyasında olmalıdır.

Ermənistan Azərbaycanın tələbini, hətta “Zəngəzur dəhlizi” istilahını özünə qarşı ərazi iddiası kimi qiymətləndirir.

Ən əsası budur ki, Moskva bu dəhlizin onun sərhəd xidmətinin nəzarətində olmasını istəyir.

Rusiya iddia edir ki, 2020-ci il 9 noyabr üçtərəfli bəyantında belə yazılıb və bu bəyanatda Yerevanın da imzası var.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG