Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:49

"Transformatorun başına qapaz vura-vura işlədirik"


Illüstrasiya
Illüstrasiya

►“Pul yığıb transformator alacağıqsa, bu qurğuları almaq üçün hər il büdcədən niyə xeyli vəsait ayrılır?”

“Bu transformatorun başına qapaz vura-vura işlədirik. Bir neçə gün əvvəl də azı 50 ev günlərlə işıqsız qaldı. Təkcə işıqsız yox, həm də çörəksiz...”

Ağcabədi sakini Süleyman İsmayılov AzadlıqRadiosuna danışır ki, yaşadıqları ərazini enerji ilə təmin edən transformator istismar müddətini çoxdan başa vurduğundan tez-tez sıradan çıxır.

Təkcə evlər yox, həm də Ağcabədi Çörək Zavodu da işıqsız qalır.

Bu zavod rayonu çörəklə təmin edən əsas mənbə olduğundan, transformator sıradan çıxanda zavod da fəaliyyətini dayandırır, şəhərin böyük hissəsi çörəksiz qalır:

“Bu transformator tez-tez partlayır. Əsasən də qış aylarında. O günlərdə yenə partlamışdı. Səs-küy salmayınca gəlib düzəltmirlər. Birtəhər düzəltdirmişik. Hər dəfə bu transformator partlayanda rayonda çörək qıtlığı yaranır. Hər dəfə də müraciət edəndə ki, “gəlin, transformatoru düzəldin”, deyirlər, “əliniz cibinizdə olsun””.

___________________________________________________________

Bunlara da bax:
Cavid Hüseynov: “Elşəni mən göndərmişdimsə...”- [Video]
"Cəbhədəki əsgərlərə dəstək" aksiyası

___________________________________________________________

“BÜDCƏDƏN NİYƏ VƏSAİT AYRILIR?”

Sakinlərin iddiasına görə, hər dəfə transformatorun düzəldilməsi xərcini yerli işıq idarəsi onların üzərinə qoyur. Sakinlərsə narazılıq edir.

Sakin Bəxtiyar Həsənov:

“Hər dəfə xarab olanda deyirlər, “zavod 500 manat versin, sakinlər də 30 manatdan yığsın, təzə transformator quraşdıraq”. İstismar müddəti bitmiş, günaşırı partlayan transformator niyə sakinlərin cibi ilə təzələnməlidir? Biz pul yığıb transformator alacağıqsa, bu qurğuların alınmasına hər il büdcədən niyə xeyli vəsait ayrılır?”

NORMADAN ARTIQ YÜKLƏNİR?

Ağcabədi rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, məsələ ilə bağlı sakinlər onlara da müraciət edib:

“İşıq idarəsinin işçiləri araşdırır, məlum olur ki, sakinlər transformatoru normadan artıq yükləyirlər. Əlbəttə ki, yeni transformator almaq sakinin borcu deyil. Yəqin ki, yerli işıq idarəsi özü əncam çəkəcək”.

Sakinlər deyir, köhnə transformatoru birtəhər təmir etdiriblər, ancaq tezliklə təzə transformator quraşdırılmasa, növbəti qəza ağır nəticələnə bilər.

XS
SM
MD
LG