Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:32

İşgəncələrə qarşı Komitə Azərbaycanın onlarla əməkdaşlıq etmədiyini deyir


İşgəncə
İşgəncə

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulos Azərbaycan hakimiyyətini Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi (CPT) ilə əməkdaşlığı dərhal bərpa etməyə və konstruktiv dialoqa çağırıb.

"Mən Azərbaycan hakimiyyətinin Avropa Şurasının İşgəncənin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsi ilə əməkdaşlıqdan imtina etməsindən və bu səbəbdən Komitənin planlaşdırılan səfərinin misli görünməmiş bir şəkildə ləğv olunmasından son dərəcə təəssüflənirəm", - AŞPA-nın səhifəsində dərc olunmuş bəyanatda deyilir.

Rusopulos xatırladır ki, Avropa İnsan Haqları Konvensiyasının işgəncələri qadağan edən 3-cü maddəsi demokratik cəmiyyətlərin ən təməl dəyərlərindən birini ehtiva edir. AŞPA rəhbərinin sözlərinə görə, bu dəyərə münasibət insan ləyaqətinə münasibəti əks etdirir.

"Mən Azərbaycan hakimiyyətini öz qərarına yenidən baxmağa və Komitə ilə əməkdaşlığı, konstruktiv dialoqu bərpa etməyə çağırıram. Bu, Avropa Şurası ilə ümumi münasibətlərin yaxşılaşdırılmasına kömək etməklə yanaşı, həm də Azərbaycan vətəndaşlarının təməl maraqlarına xidmət göstərəcək".

CPT prezidentinin məktubuna cavab verilmir...

Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi (CPT) iyulun 3-də Azərbaycanla bağlı rəsmi bəyanat yayıb. Komitə Azərbaycan hakimiyyətinin onunla davamlı olaraq əməkdaşlıq etmədiyini bildirir.

"Rəsmi bəyanat verməklə bağlı belə bir müstəsna qərarın səbəbi Azərbaycanın CPT ilə əməkdaşlıqdan qəti imtinasıdır. Komitə öz mövcudiyyətinin əsasında duran məsələlərin həllindən ötrü Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoq üçün gerçək səylər göstərib. CPT səfərlərinə dair hesabatlarında polis əməkdaşlarının yol verdiyi pis rəftar, hətta işgəncə hərəkətlərinə dair iddiaları detallı göstərib. Ancaq Azərbaycanın Daxili İşlər Nazirliyi bu təcrübəyə son qoymaqdan ötrü Komitənin çoxdan irəli sürdüyü tövsiyələri yerinə yetirmək yönündə heç bir addım atmır", - bəyanatda deyilir.

Komitə onu da qeyd edir ki, prezidentinin Bakıya göndərdiyi məktublara cavab verilmir, CPT Bakıda yüksək səviyyələri danışıqlar keçirməklə dialoqu irəli aparmaq istəyir. "CPT-nin əldə etdiyi informasiya isə daha çox narahatlıq doğurur - Komitənin səfər edəcək nümayəndə heyəti üzvlərinin bütövlüyü və təhlükəsizliyinə hədə ehtimalı səslənib. Bu isə Konvensiyanın fundamental və misilsiz pozuntusu deməkdir", - bəyanatda vurğulanır.

CPT bildirir ki, saxlanan şəxslərə qarşı hüquq-mühafizə əməkdaşları tərəfindən pis rəftar, hətta işgəncəyə dair məsələlərin ciddiliyini nəzərə alaraq 2022-ci ildə Azərbaycana xüsusi səfərlə bağlı hesabatı da bəyanata əlavə kimi yayır.

Hərbçi: 'Bədənimi toka verib məni şikəst elədilər'
Gözlə

No media source currently available

0:00 0:05:49 0:00

"Yanaşma ədalətsizdir, hüquqi baxımdan sual yaradır"

İyulun 4-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) belə bir ictimai bəyanatın dərc olunmasından təəssüfünü bildirib. XİN Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin (CPT) Azərbaycanın razılığı alınmadan 2022-ci ildəki xüsusi səfərlə bağlı hesabatı tam şəkildə dərc etməsini "əvvəllər presedenti olmayan qərar" adlandırır. "Bu yanaşma ədalətsiz və əsassızdır, habelə hüquqi baxımdan sual yaradır", - XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib.

XİN Komitənin tövsiyələrinin hər zaman nəzərə alındığını qeyd edir, bu qərarın Azərbaycan-Avropa Şurası münasibətlərində mövcud vəziyyətin fonunda qəbul olunmasının xüsusilə təəssüf doğurduğunu bildirir.

Zahid Oruc
Zahid Oruc

Deputat: "Bəzən mediada bu cür hadisələr çıxır"

"Təəssüflər olsun ki, bəzən media məkanına bu cür hadisələr çıxır. Biz onu görürük. Amma bunu bütövlükdə dövlət siyasəti, yaxud da daxili işlər orqanlarının vətəndaşa münasibəti kimi təqdim etmək olmaz", - Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Avropa Şurasının Azərbaycanda işgəncələrlə bağlı bəyanatını şərh edərkən bildirib.

O, "Tərtər işi" adı ilə tanınan, Ermənistana casusluqda ittiham olunan şəxslərin məruz qaldığı işgəncə faktlarına da toxunub: "Bəli, belə bir faktlar mövcuddur. Bu, bütövlükdə bizim ədalət, mühakimə sisteminin üzərində qalan bir kölgədir. Amma dövlət başçısı baş prokurora tapşırandan sonra bu işin ziyan çəkən tərəflərinin 400-dən artıq olduğunu tanıyıblar, bir çoxlarına bəraət veriblər".

Rüfət Səfərov
Rüfət Səfərov

Hüquq müdafiəçisi: "Zorakılıq, işgəncə adi hala çevrilib"

Hüquq müdafiəçisi Rüfət Səfərovun sözlərinə görə, Azərbaycanın hüquq sistemində zorakılıq halları, işgəncə, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış adi hala çevrilib. "İşgəncənin, qeyri-insani, ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında Avropa Konvensiyasının tələbləri Azərbaycanda formal xarakter daşıyır".

Onun fikrincə, müstəqil peşə fəaliyyətinə görə jurnalistin bədəninə elektrik cərəyanı ötürülürsə, qurama əsaslarla həbsdə olan alim alçaldılırsa, Azərbaycanda işgəncə vasitələrinin güc strukturlarının iş norması saymaq olar: ""Tərtər", "Gəncə ", "Nardaran", "Bənəniyar" işlərində baş verənlər bunun ən yaxşı sübutudur".

Ekspert deyir ki, Azərbaycan hökumətinin Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin (CPT) tövsiyələrini görməzdən gəlməsi, dialoqda maraqlı olmaması onu təəccübləndirmir: "Azərbaycan nümayəndə heyətinin AŞPA-da təmsilçiliyi bərpa olunmayadək Avropa Şurasının digər strukturları ilə əməkdaşlıq, irəli sürülən tövsiyələr, hesabatlarda göstərilən tənqidi xüsusatlar heç vaxt ciddiyə alınmayacaq".

Bu il AŞPA-da baş verənlər

Bu ilin yanvarında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səsvermə hüququ dondurulub. Buna Azərbaycanın 23 il öncə Avropa Şurasına qoşulanda götürdüyü əsas öhdəliklərini yerinə yetirməməsi səbəb göstərilib. Bakının təşkilatın prinsiplərini pozduğu, ölkədə insan hüquqlarının durumu, siyasi məhbusların sayının artması əsas gətirilib.

Bu qərar hələ verilməmişdən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumla işbirliyini qeyri-müəyyən müddətə dayandırdığını elan edib. Nümayəndə heyətinin bəyanatında deyilirdi ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra "qarayaxma kampaniyası" ilə üzləşib. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla (Qarabağ daxil) ərazilərinə nəzarəti bərpa edib.

Prezident İlham Əliyev ilin əvvəlində deyib ki, Azərbaycan Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxa bilər. Ancaq bir müddət sonra Azərbaycanın AŞPA-ya qayıtması üçün danışıqlar aparıldığı barədə informasiya yayılmışdı.

XS
SM
MD
LG