Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:13

Yeni qaydalar sürücülərin icbari sığorta xərclərini 60 faiz artırıb


Sığorta şirkətləri gəlirlərinin 60 faiz artması xərclərə o qədər təsir göstərməyib.
Sığorta şirkətləri gəlirlərinin 60 faiz artması xərclərə o qədər təsir göstərməyib.

Ötən ilin noyabrından bəri Azərbaycanda avtomobillərin icbari sığortasına dair tariflərin hesablanma qaydaları dəyişib. Həmin vaxtadək sığorta haqları hesablanarkən, əsasən, avtomobilin mühərrik həcmi və sürücünün tarixçəsi nəzərə alınırdı. Yeni qaydalar bir sıra başqa halların da qiymətə təsirinə yol açıb.

Yeni dəyişikliyə görə, təməl sığorta haqqı - 50 manat öncəki kimi qalsa da, risk səviyyəsi baxımından ona yaş və sürücülük təcrübəsi üçün 1.05-1.35 intervalında əmsallar tətbiq edilməyə başlanıb.

Qiymətlərə təsir edəcək digər bir risk amili nəqliyyatın intensivliyi ilə bağlıdır. Yeni dəyişikliklərə görə, Bakıda sığorta tarifləri hesablanarkən 1.1; Sumqayıt və Abşeronda 1.05; digər bölgələrdə isə 0.95 əmsal tətbiq edilir. Başqa deyimlə, Abşeron yarımadasındakı sürücülər bölgələrdəki sürücülərlə müqayisədə daha çox sığorta haqqı ödəyəcəklər. Bu, həmin ərazilərdə yol-nəqliyyat olaylarının daha çox olması və nəqliyyat vasitələrinin daha sıx və aramsız hərəkəti ilə əlaqələndirilir.

Avtomobillərin sığorta haqlarına təsir göstərən bir amil də nəqliyyat vasitəsinin istismar müddəti ilə bağlıdır. Hökumətin fikrincə, indi köhnə nəqliyyat vasitələrinin qəza tezliyi daha yüksəkdir. Bu üzdən istismar müddəti 10 ili aşan nəqliyyat vasitələrinə 1.05; 20 ili aşan nəqliyyat vasitələrinə 1.1; istismar müddəti 10 ildən az nəqliyyat vasitələrinə isə 1 əmsalı tətbiq olunur.

Sığorta haqlarına təsir göstərən dördüncü amil nəqliyyat vasitəsini idarə edənlərin sayına görə tətbiq olunan əmsaldır. Nəqliyyat vasitəsini iki və daha artıq şəxsin sürmək hüququ varsa, o zaman təməl sığorta haqqına 1.15 əmsal tətbiq edilir.

Dəyişikliklər yığıma necə təsir edib?

Sığorta haqları ilə bağlı yuxarıdakı dəyişikliklər qəbul edilərkən müstəqil ekspertlər bildirirdi ki, yeniliklər sığorta şirkətlərinin gəlirlərini artırmaq məqsədi güdür. Rəsmi rəqəmlər də bu fikri təsdiqləyir.

Mərkəzi Bankın açıqladığı bilgiyə görə, bu ilin ilk beş ayında ölkədəki avtomobillərin icbari sığortası üzrə 62.9 milyon manat sığorta haqqı yığılıb. Ötən ilin eyni dövründə həmin rəqəm 39.3 milyon manat idi. Deməli, son bir ildə ölkədəki avtomobillərin icbari sığortası üzrə yığılan sığorta haqları 23.6 milyon manat və ya 60 faiz artıb. Başqa sözlə, avtomobillərin icbari sığorta haqları ilə bağlı tətbiq edilən yeni qaydalar sürücülərin sığorta xərclərini ortalama 60 faiz artırıb.

Sığorta şirkətləri gəlirlərinin 60 faiz artması xərclərə o qədər təsir göstərməyib. Bu il həmin qurumlar sığorta olayları ilə bağlı toplam 39.1 milyon manat ödəniş edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 8.8 faiz və ya 3.1 milyon manat artım deməkdir. Beləcə, əgər ötən il sığorta şirkətləri avtomobillərin icbari sığortası ilə bağlı topladığı hər 100 manatın 91.4 manatını xərcləmişdisə, bu il hər 100 manatın cəmi 62.1 manatı xərclənib.

XS
SM
MD
LG