Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:57

Azərbaycanda gənclərin sayı azalır, yaşlılar artır


Evi yanan 80 yaşlı Cavanşir dayı: 'Hökumət yardım etmir'
Gözlə

No media source currently available

0:00 0:05:14 0:00

Evi yanan 80 yaşlı Cavanşir dayı: 'Hökumət yardım etmir'

Sonuncu rəsmi məlumata görə, Azərbaycanda qadınlar arasında median yaş 34.1, kişilər arasında isə 31.4-dür. Bu o deməkdir ki, ölkədəki qadınların yarısı 1987-ci, kişilərsə 1990-cı ildən sonra doğulanlardır. (median yaş deyərkən, ayrıca əhali qrupu kiçikdən böyüyə sıralanarkən tam ortada qalan sakinin yaşıdır. Bu durumda toplam sakinlərin yarısı bu yaşdan böyük, o biri yarısı da kiçikdir –red.). Azərbaycanda gənclərin toplam əhali arasındakı payı bir çox inkişaf etmiş və region ölkələriylə müqayisədə yüksək olsa da, son illərdə onların da sayında ardıcıl azalma gözə çarpır.

"Gənclər siyasəti haqqında" Qanuna görə, Azərbaycanda yaşı 14-dən 29-dək olan şəxslər gənc sayılır. Rəsmi rəqəmlər göstərir ki, hazırda ölkədə 14-29 yaşlı gənclərin sayı 2 milyon 226 min nəfərə yaxındır. Bu isə ölkə əhalisinin 22.4 faizi deməkdir. Halbuki, 10 il öncə - 2010-cu ildə gənclərin sayı 2 milyon 663 mindən çox idi və həmin vaxt gənclər ölkə əhalisinin 29.6 faiziydi. Yəni, 10 il öncə əhalinin hər 100 nəfərindən təxminən 30-u gənc idisə, indi bu rəqəm 22-ə yaxındır. Hazırda gənclərin 28 faizinin yaşı 15-19 arası olanlar, 32 faizinin yaşı 20-24 yaşı olanlar, 40 faizi isə 25-29 yaşlılardır.

İl

Gənclərin toplam əhali arasında payı

2020

22.4

2019

23.3

2018

24.1

2017

24.9

2016

25.8

2015

26.7

2014

27.5

2013

28.1

2012

28.8

2011

29.2

2010

29.6

Gənclərin sayca azalmasının qarşıdakı illərdə də sürəcəyini ehtimal etmək olar. Axı artıq uzun müddətdir ki, Azərbaycanda doğulanların, dolayısıyla da təbii artımın (doğulanlar və ölənlər arasındakı fərq) sayı azalmaqdadır. Əgər 2011-ci ildə ölkədə doğulanların sayı 176 min, təbii artımsa 122 min idisə, 2019-cu ildə doğum sayı 141 minə, təbii artım göstəricisi isə 85 minə geriləmişdi. Pandemiyanın tüğyan etdiyi 2020-ci ildə isə ölkədə təbii artım göstəricisi cəmi 51 min nəfər olmuşdu.

Yaşlıların sayı artmaqdadır

Əhalinin qocalması bir çox ölkələrdən ötrü bəd göstəriciyə, ciddi siqnala çevrilir. Bu məsələ qlobal iqtisadiyyata da təsirini göstərir. "Moody's" beynəlxalq reytinq agentliyinin hesablamalarına görə, son illər dünyada müşahidə edilən qocalma prosesi 2020-2025-ci illərdə qlobal iqtisadi artımı 0.9% azaldacaq. Qiymətləndirmələrə əsasən, əməkqabiliyyətli əhalinin qlobal artımı yaxın 20 ildə yarıbayarı azalacaq. Əhalinin yaşlanması bəzi istiqamətlərdə xərclərin də artması deməkdir. Axı özəlliklə səhiyyə və sosial xərclərin artımı nəticəsində fiskal yük də çoxalacaq. Əhalinin qocalması problemindən ən çox əziyyət çəkəcək iqtisadiyyatlar arasında Almaniya, İtaliya, İspaniya kimi Avropa ölkələri ilə yanaşı, Koreya və Yaponiya kimi Asiya ölkələrinin də adı çəkilir.

Dünya Səhiyyə Təşkilatının meyarlarına görə, 65 və yuxarı yaşlı əhalinin toplam əhali sayındakı payı 7 faizi ötərsə, həmin ölkənin əhalisi qoca sayılır. Sonuncu rəsmi məlumatlara əsasən, ötən ilin sonunda Azərbaycanda 720 min şəxs 65 yaşını aşıbmış. Bu isə bütün ölkə əhalisinin 7.14 faizi deməkdir. Beləliklə, Azərbaycanda yaşı 65-dən yuxarı əhali qrupunun payı ilk dəfə 7 faiz həddini keçib. Yəni, Dünya Səhiyyə Təşkilatının meyarlarına əsasən, artıq Azərbaycan da əhalisi qoca ölkələr siyahısına daxil olub.

XS
SM
MD
LG