AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalist dindirilib
Sentyabrın 28-də AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalist İslam Şıxəli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
Bu barədə AzadlıqRadiosuna jurnalistin özü məlumat verib.
Ona Meydan TV-nin işi ilə bağlı aparılan araşdırmaya görə dindirildiyi deyilib:
«Mənə Meydan TV ilə bağlı suallar verildi. Soruşdular ki, Meydan TV ilə kimin əməkdaşlıq edib-etmədiyini bilirəmmi? Daha sonra AzadlıqRadiosu, mənim bu radiodan məvacib alıb-almamağım, yaşadığım ünvanla bağlı suallar verdilər. Nəyə görə ailəmin yanında deyil, kirayədə yaşadığımı soruşdular. Qazancımı, necə dolandığımı da sual etdilər».
Bundan öncə - sentyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşları İslam Şıxəlinin kirayə qaldığı mənzildə axtarış aparıblar.