Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:14

Azərbaycan elektrik ixracından gəlirlərini artırmaq istəyir


İstehsal olunan elektrik enerjisinin 94 faizi istilik elektrik stansiyalarının payına düşür.
İstehsal olunan elektrik enerjisinin 94 faizi istilik elektrik stansiyalarının payına düşür.

Elektrik enerjisi ixracından 69 milyon dollar gəlir

Azərbaycan hökuməti son zamanlar vaxtaşırı elektrik enerjisi istehsalını artırmaq öhdəliyindən söz açır. Bu, neftdənkənar sektorda gəlir artımıyla bağlı hökumətin ən böyük ümididir. Axı söhbət elektrik ixracından əldə edilə biləcək gəlirlərdən gedir. Dövlət Gömrük Komitəsinin (DGK) göstəricilərinə görə, ötən il Azərbaycan elektrik enerjisi ixracından 69 milyon 343 min dollar gəlir qazanıb. Bu rəqəm 2021-ci ildə neftdənkənar sektordakı ixracın 3 faizə yaxınıdır. Ötən il 1 milyard 677 milyon kilovat/saat həcmində elektrik enerjisi ixrac edilib. Bu, 2020-ci illə müqayisədə təxminən 46 faiz artım deməkdir.

Xaricə göndərilən elektrikin əsas alıcısı Gürcüstan olub. Ötən il Azərbaycan Gürcüstana 31 milyon 263 min dollar dəyərində elektrik enerjisi ixrac edib. Bu, ölkənin ilboyu elektrik enerjisi ixracından əldə etdiyi gəlirin təxminən 45 faizidir. Türkiyəyə ixrac edilən elektrik enerjisindənsə təxminən 25 milyon dollar gəlir qazanılıb. İrana ixrac edilən elektrik də Azərbaycana 9 milyon dollara yaxın gəlir qazandırıb.

Ötən il ölkədə toplam 27 milyard 856 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Bunun 94.2 faizi istilik elektrik stansiyalarının payına düşüb. Başqa sözlə, ölkədə elektrik istehsalının mütləq əksəriyyəti təbii qaz hesabına təmin edilib. Su elektrik stansiyalarında istehsal edilən elektrik enerjisi ölkənin toplam elektrik enerjisi istehsalının 4.6 faizini təmin edib. Bərpa olunan enerji mənbələrinin (külək, günəş, biokütlə və sair) Azərbaycanda elektrik enerjisi istehsalındakı payı cəmi 1.2 faiz olub. Ötən il ölkədə bərpa olunan enerji mənbələri hesabına istehsal edilən 340 milyon kilovat/saat elektrik enerjisinin 92 milyon kilovat/saatı külək, 55 milyon kilovat/saatı günəş, qalan 193 milyon kilovat/saatı isə bioenerji mənbələrinin payına düşüb.

Alternativ enerjiyə investisiyalar

Azərbaycanda alternativ enerji mənbələrinə xarici investisiya da yatırılır. Rəsmi açıqlamaya görə, Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsində gerçəkləşdiriləcək pilot layihələri çərçivəsində 400 milyon dollara yaxın sərmayə yatıracaq. Bu ilin yanvarında Səudiyyə Ərəbistanı şirkətinə məxsus "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının təməlatma mərasimi keçirilib. Bu külək elektrik stansiyası 300 min evin elektrik enerjisi ilə təminatını həyata keçirəcək. Nəticədə Azərbaycan ildə 220 milyon kubmetr təbii qaza qənaət edə biləcək.

Ekspertlərin fikrincə, Azərbaycanın alternativ enerji mənbələrinə yatırımları artırmasının əsas səbəblərindən biri elektrik enerjisi istehsalına sərf edilən təbii qaza qənaət etmək və həmin resursları ixraca yönəltməkdir. Hökumət 2030-cu ilədək bərpa olunan enerji resurslarının enerji istehsalındakı payını 30 faizə yüksəltməyi planlaşdırır.

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Bu memorandum çərçivəsində üç istiqamətdə iş aparılmalıdır. Kəlbəcər-Laçın zonasında 100 meqavatlıq külək elektrik stansiyası tikilməli, Qarabağdakı evlərin üzərində günəş panelləri quraşdırılmalı və, ən azı, 200 meqavatlıq günəş elektrik stansiyası inşa edilməlidir. Azərbaycan energetika nazirinin müavini bildirmişdi ki, bu iki layihənin reallaşdırılması ildə 300 milyon kubmetr qaza qənaət etməyə imkan yaradacaq. Bu, Azərbaycanda əhalinin işlətdiyi qazın 10 faizi deməkdir. Həmin həcmdə qaz Naxçıvan Muxtar Respublikasının qaza tələbatından daha çoxdur.

Azərbaycanın enerji bazarında əsas oyunçulardan sayılan BP şirkəti də ölkənin alternativ enerji sektoruna qatılacaq. Ötən il BP və Energetika Nazirliyi Zəngilan-Cəbrayıl zonasında 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və gerçəkləşdirilməsi üçün əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıb.

Azərbaycanın külək enerjisi potensialı nə qədərdir?

Qlobal Külək Enerjisi Şurasının bugünlərdə yayımladığı "Global Wind Report 2022" hesabatında bildirilir ki, Azərbaycan dənizdə külək enerjisi sahəsində yüksək potensiallı ölkələr sırasındadır. Hesabatda dənizdə külək enerjisi sahəsində yeni bazarların kəşf edilməsi çərçivəsində dörd ölkə misal göstərilib – Şri-Lanka, Azərbaycan, Avstraliya və Türkiyə. Adıçəkilən ölkələr dənizdə külək enerjisi sahəsində yüksək potensiallı bazarlar kimi qeyd olunub. Qurumun hesablamasına görə, Azərbaycanın, təxminən, 157 qiqavatt külək enerjisi potensialı var. Digər sadalanan ölkələrdən Avstraliyanın külək enerjisi potensialı 4 min 963 qiqavatt, Şri-Lankanın imkanları 92 qiqavatt və Türkiyənin potensialı 70 qiqavatt olaraq müəyyən edilib.

XS
SM
MD
LG