Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:04

Azərbaycanda hökumət tənqidçilərinə 'kinli hücum'. COP29-dan sonra nə olacaq


Polis jurnalistlərin Bakıda parlament binası qarşısında yeni media qanun layihəsinə qarşı aksiyası zamanı etirazçının qarşısını alır. 2021
Polis jurnalistlərin Bakıda parlament binası qarşısında yeni media qanun layihəsinə qarşı aksiyası zamanı etirazçının qarşısını alır. 2021

Azərbaycanda hökumətin tənqidçilərinə, müstəqil qruplara və mediaya qarşı kinli hücum aparılır. Bunu "Human Rights Watch" və "Freedom Now" insan haqları təşkilatları oktyabrın 8-də açıqladıqları birgə hesabatda bildirir. Hücumun noyabrın 11-də başlanacaq COP29 BMT-nin iqlim konfransı öncəsi daha da intensivləşdiyi vurğulanır.

74-səhifəlik hesabatda hökumətin vətəndaş cəmiyyətini dağıtmaq və tənqidçiləri susdurmağa yönəlik səyləri sənədləşdirildiyi deyilir. Hakimiyyətin onlarla şəxsi siyasi motivli, saxta ittihamlarla həbsə atdığı qeyd edilir. Repressiv qanunların müstəqil qrupları və medianı sıxışdırdığı, onları cinayət təqibi qarşısında zəif duruma saldığı bildirilir. Hesabatda cinayət təqibi, saxlama və qısnama ilə bağlı 33 iş sənədləşdirilib. Azərbaycan hakimiyyəti QHT-ləri tənzimləyən qanunlardan bəzi qrupların qeydiyyatı və maliyyələşdirilməsindən imtina üçün məqsədli istifadə edib, bu qruplara bağlı şəxslər cinayət ittihamlarına məruz qalıb, - qurumlar bildirir.

Hökumətin cızdığı imic

"Azərbaycan hökumətinin mülki azadlıqlara həqarəti müstəqil qrupları və tənqidçi medianı yoxolma cığırına yönəldir. Hökumət COP29 öncəsi özünə belə bir imic cızmamalıdır. Hələ gec deyil, hökumət həbsdə olan tənqidçiləri azad etməklə, vətəndaş cəmiyyətinə qarşı saxta ittihamlardan istifadəni dərhal dayandırmaqla nüfuzunu yaxşılaşdıra bilər. Ancaq elə indi hərəkətə keçməlidir", – "Human Rights Watch"un Avropa və Orta Asiya üzrə direktor müavini Qiorqi Qoqia deyib.

"Human Rights Watch" və "Freedom Now" 40-dan çox azərbaycanlı vəkil, saxlananların qohumları, QHT işçiləri və liderlərini danışdırıb. Onlar Azərbaycanda QHT-lərin fəaliyyətini tənzimləyən qaydaları, spesifik cinayət işlərinə aid hüquqi sənədləri, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını, digər sənədləri nəzərdən keçiriblər.

Hesabatda deyilir ki, Azərbaycan hakimiyyəti "Abzas Media" və "Toplum TV" daxil olmaqla üç müstəqil onlayn xəbər platformasını hədəfə alıb. Bu platformalardan azı 12 media işçisi və digər əlaqələri şəxslər həbs olunub. "Abzas Media" və "Toplum TV"nin ofislərində axtarış aparılıb, ofisləri möhürlənib. Bir sıra qeydiyyatı olmayan qruplar, işçi hüquqları fəalları, hökumətin siyasətini tənqid edən digərləri də həbsə atılıb.

Azərbaycanda artan həbslər: Hakimiyyət Qarabağdan sonra yaranacaq siyasi fəallıqdan ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:07:00 0:00

Repressiv qanunlar ləğv edilsin

Bəzi qruplar və media orqanları bağlansa da, digərləri böyük şəxsi risk hesabına legitim fəaliyyəti davam etdirirlər. Hesabatda sənədləşdirilən 33 işdən 22-sində fərdlər ölkəyə qaçaqmalçılıq yolu ilə pul gətirməkdə ittiham olunurlar. Bəzilərinə qanunsuz sahibkarlıq, sənəd saxtalaşdırılması, vergidən yayınma ittihamla verilib.

"Hökumət müstəqil qrupların müdaxiləsiz legitim fəaliyyət göstərə bilməsini dərhal təmin etməli, müstəqil qruplar və medianın işini tənzimləyən repressiv qanunları ləğv etməlidir. Hökumət həmçinin siyasi motivli ittihamlarla həbsdə olanları dərhal və qeyd-şərtsiz azad etməlidir", – hesabatda vurğulanır. "Həmçinin COP29 öncəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) Azərbaycan hakimiyyətinə anlatmalıdır ki, ambisiyalı iqlim fəaliyyətini gerçəkləşdirmək üçün çiçəklənən və müstəqil vətəndaş cəmiyyəti vacibdir".

"Amnesty International" də eyni gündə bəyanat yayıb

Bakıda gələn ay keçiriləcək COP29 iqlim sammiti öncəsi ölkələr Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyətinə təzyiqləri dayandırması, ifadə azadlığına görə saxlananları buraxması üçün təzyiq göstərməlidir. Bu bəyanatla "Amnesty International" insan haqları təşkilatı oktyabrın 8-də çıxış edib.

"Azərbaycan hakimiyyəti iqlim ədaləti üzrə beynəlxalq konfransa ev sahibliyi etdiyi bir vaxtda iqlim fəallığının əsas sütunlarından birinə fəal zərbə vurmaqdadır – tənqidi ifadənin və etirazların bütün formalarını sıxışdırır, yerli vətəndaş cəmiyyətini sıradan çıxarır. Azərbaycan hakimiyyəti yüzlərlə insanı danışmağa cəsarət etdiyinə görə siyasi ittihamlarla həbsə atıb. Bu siyahıya hökuməti tənqid edən jurnalistlər, fəallar və insan haqları müdafiəçiləri daxildir. Onlar qanunsuz olaraq həbsdə saxlanılır, uyğun proseduralar pozulur, ədalətli məhkəməyə zəmanət yoxdur", – qurumun baş katibi Anyes Kallamar deyib.

"Amnesty International" narahatdır ki, COP29 öncəsi, yaxud keçirildiyi müddətdə narazılığını ifadə edən tənqidçilər özəlliklə konfransdan sonra, ölkə artıq diqqət mərkəzində olmayanda ağır qisasla üzləşə bilərlər. Qurum COP29-a qatılan nümayəndə heyətlərini Azərbaycan hökumətinə vətəndaş cəmiyyətinə təzyiqləri dayandırması, ifadə, birləşmə və dinc toplaşma azadlıqlarını təmin etməsi üçün təsir göstərməyə çağırır.

"Amnesty International" Azərbaycan hakimiyyətinin COP29 öncəsi, tədbir keçirilən vaxt və sonra ətraf mühit fəalları və insan haqları müdafiəçiləri ilə rəftarını izləyəcəyini bildirir.

Hakimiyyət tənqidləri qəbul etmir

Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının durumunun pisləşməsi ilə bağlı tənqidləri qəbul etmir, beynəlxalq qurumları qərəzli davranmaqda, provokasiyada ittiham edir.

Ötən həftə 60 ABŞ konqresmeni dövlət katibi Entoni Blinkenə "bütün siyasi məhbusların, girovların və hərbi əsirlərin dərhal və qeyd-şərtsiz buraxılması" üçün müraciət edib. Azərbaycan prezidenti İlham Əliyev isə bu müraciəti "çirkin" adlandırıb, "iradəmizə təsir göstərməyəcək" deyib.

Bundan sonra Azərbaycan parlamentinin bir qrup üzvü xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək ABŞ ilə münasibətlərə yenidən baxmağa, müdafiə sahəsində iki sazişə xitam verməyə çağırıb.

Neft və qazla zəngin Azərbaycan dünyada ən az demokratik ölkələrdən sayılır. "Freedom House" insan haqları təşkilatı onu "möhkəmlənmiş avtoritar rejim" kateqoriyasına aid edir.

XS
SM
MD
LG