Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:28

Pezeşkianın qalib gəlməsi İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək?


İran prezident seçkilərində islahatçı namizəd Məsud Pezeşkian səs verir
İran prezident seçkilərində islahatçı namizəd Məsud Pezeşkian səs verir

İranda keçirilən prezident seçkilərində keçmiş səhiyyə naziri, etnik azərbaycanlı Məsud Pezeşkian 53.7 faiz səslə qalib gəlib. Onun islahatçı, korrupsiyadan uzaq, Qərblə münasibətlərin normallaşmasının tərəfdarı olduğu deyilir.

O, seçki kampaniyası zamanı "hamıya dost əlini uzadacağıq" da demişdi.

Bu seçkidən əvvəl bir müddət gərgin olan Azərbaycan-İran münasibətlərində yumşalma hiss olunmağa başladı. Mayın 19-da Azərbaycan prezidenti İlham Əliyev İranın keçmiş prezidenti İbrahim Rəisi ilə görüşdü. Onlar Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının açılış mərasimində iştirak etdilər. Eyni zamanda, "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması da gündəmdədir. M.Pezeşkianın seçkidə qalib gəldiyi gün İ.Əliyev ona təbrik ünvanlayıb Azərbaycana dəvət etdi.

XİN: "Layihələrin icrasında maraqlıyıq"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, İranda yeni prezident vəzifəyə başladıqdan sonra İranla münasibətlərin daha fəal inkişaf edəcəyi gözlənilir: "İranda yeni prezident seçildi və Azərbaycan prezidenti onu təbrik etdi. Biz əvvəllər Azərbaycan və İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq", - nazir deyib.

Elman Nəsirov
Elman Nəsirov

"Xameneinin də maraqlarına uyğundur"

Yeni Azərbaycan Partiyasının (YAP) Nəzarət-təftiş komissiyasının üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Pezeşkianın seçilməsi xalqın iradəsi nəticəsində baş verib: "Azərbaycanla münasibətlərə gəldikdə, Məsud Pezeşkianın indiyə qədər verdiyi müsahibələr, söylədiyi fikirlər göstərir ki, o, islahatçı prezident olaraq ilk növbədə ölkə daxilində bir sıra islahatçı addımları atmaq niyyətindədir. Bu addımlar nəticə etibarilə Azərbaycanla münasibətlərin isti olmasına gətirib çıxara bilər".

E.Nəsirov İranın yeni prezidentinin evdə həmişə Azərbaycan dilində danışdığını xatırladaraq İranda Azərbaycan məktəbləri ilə bağlı problemlərin həll olunacağına ümid etdiyini bildirib.

Onun fikrincə, Qərblə, qonşularla, Azərbaycanla münasibətlərin istiləşməsi ilə bağlı proqnozlar İranın Ali dini rəhbəri Xameneinin də maraqlarına uyğundur: "İran bu gün blokada vəziyyətindədir, sanksiyaların altında olan bir dövlətdir. Sözügedən siyasət İranın düşdüyü vəziyyətdə, ağır iqtisadi böhranda rəsmi Tehran üçün vacib bir məsələdir".

Azər Qasımlı
Azər Qasımlı

"Daxildə böyük dəyişikliklər etməyə imkan verməyəcəklər"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna Pezeşkianın bundan əvvəl bir dəfə seçkilərə buraxılmadığını xatırladıb: "Bu dəfə isə İranın keçmiş prezidenti Mahmud Əhmədinejadı seçkilərə buraxmadılar. Halbuki o, Pezeşkian ilə müqayisədə daha çox mühafizəkar hesab olunur. Amma Pezeşkianı seçkilərə buraxdılar. Hansı ki, islahatlardan, Qərblə münasibətlərin yaxşılaşmasından danışır. İndi sual olunur: dini rəhbər və dini şura Pezeşkianı niyə seçkilərə buraxdılar? Birinci səbəb odur ki, daxildə ciddi narazı bir mühit yaranmışdı. Elə bil qaynayan qazan idi və onun buxarını müəyyən mənada çıxarmaq lazım idi. Buxarı da bu tipli adamları seçkilərə buraxmaqla çıxarmaq mümkündür. İkinci səbəb isə seçkilərə getməyən adamları seçkilərə cəlb etmək niyyəti idi".

Politoloq düşünür ki, Pezeşkiana daxildə böyük dəyişiklikləri etməyə imkan verməyəcəklər: "Sadəcə bir islahat imitasiyası gözləniləndir. Əsas məqsəd də yalnız daxildə gərginliyi azaltmaq deyil, həmçinin sanksiya rejimini yüngülləşdirməkdir. ABŞ ilə olmasa da, Avropa Birliyi ilə münasibətləri yaxşılaşdırmaqdır".

Azərbaycanla münasibətlərə gəldikdə, A.Qasımlının sözlərinə görə, heç nə dəyişməyəcək: "Rəisi zamanında olan siyasət aşağı-yuxarı eyni qalacaq. Baxmayaraq ki, Məsud Pezeşkian etnik türkdür, o, İranın siyasi sisteminə inteqrasiya olunmuş adamdır. Hazırda proses odur ki, bu bölgəyə Qərbi və onun dəyərlərini buraxmaq istəmirlər, burada Azərbaycan iqtidarı ilə İran rejiminin maraqları üst-üstə düşür. Bu baxımından, münasibətlər bundan sonra eyni məntiqlə davam edəcək. İran bizim dostumuz deyil, müvəqqəti olaraq Azərbaycan iqtidarının dostudur".

XS
SM
MD
LG