Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:53

Azərbaycana gələn turist sayı pandemiyaöncəsindən 2 dəfə azdır


Bakıya niyə belə çox ərəb turistlər gəlir?
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Bakıya niyə belə çox ərəb turistlər gəlir? (Arxiv. 2016)

Dövlət Statistika Komitəsi (DSK) ötən il Azərbaycana gələn turistlərlə bağlı göstəriciləri açıqlayıb. Rəsmi rəqəmlərə görə, 2022-ci ildə Azərbaycana 1 milyon 602 min xarici ölkə vətəndaşı gəlib. Bu rəqəm 2021-ci illə müqayisədə əcnəbi turist sayının 2 dəfə artdığını göstərir, axı həmin il ölkəyə toplam 792 min əcnəbi səfər etmişdi. Di gəl, bütövlükdə götürəndə turist sayı hələ də pandemiyaöncəsi göstəricinin çox gerisindədir. Məsələn, 2019-cu ildə Azərbaycana səfər edənlərin sayı 3 milyon nəfəri aşmışdı. Bu baxımdan, ötən il Azərbaycana gələn turist sayı 2019-cu ildəki göstəricinin yalnız yarısı qədərdir.

Quru sərhədinin bağlı qalmasının nəticələri

Azərbaycan hələ də pandemiya ilə bağlı səyahət məhdudiyyətləri tətbiq edən nadir ölkələrdən biridir. Ölkənin quru sərhədləri 3 ildir bağlıdır. O da unudulmamalıdır ki, Azərbaycanda əhalini ən çox narazı salan məsələlərdən biri, ənənəvi olaraq, uçuş qiymətlərinin bahalığıdır. Dövlətə məxsus hava yolu şirkəti AZAL-ın bazarda hegemon mövqeyi nəticəsində qiymətlərin baha olması bir çox insana çətinlik yaradır. Quru sərhədlərinin bağlı olması da insanları təyyarə bileti almağa məcbur qoyur. Digər tərəfdən, bu durum ölkəyə səfər etmək istəyən potensial turistlərin də gəlişini çətinləşdirir.

Azərbaycanla qonşuluqda yerləşən, ərazi, əhali sayı və iqtisadi göstəricilər baxımından Azərbaycandan geri sayılan Gürcüstanla müqayisə turizmin durumunu daha da aydınlaşdırır. Gürcüstan Statistika Komitəsinin məlumatına görə, ötən ilin ilk 9 ayında ölkəyə 3 milyon 800 min turist gəlib. Belə çıxır ki, qonşu ölkəyə cəmi 9 ayda səfər edənlərin sayı Azərbaycana bütün il içində səfər edənlərin sayından 2.4 dəfə çoxdur.

Gürcüstan mülki aviasiya qurumunun bugünlərdə açıqladığı göstəricilər bu fərqin səbəbini anlamağa imkan verir. Rəsmi rəqəmlərə görə, 2022-ci ildə Gürcüstanda sərnişin daşımaya görə bazarın lideri - Macarıstanın "Wizz Air" aviaşirkəti olub. Sərnişin daşımaları üzrə bazar payı 13 faiz olan aviaşirkət ötən il Gürcüstanda 588 min 226 sərnişinə xidmət göstərib. Bu rəqəmlərdən aydın olur ki, Gürcüstan bazarında ən böyük sayılsa da, həmin şirkətin cəmi 13 faiz bazar payı var. Pandemiyadan öncə, bütün uçuşların aktiv olduğu dövrdə açıqlanmışdı ki, Azərbaycanda beynəlxalq sərnişindaşımada "AZAL" və ona daxil olan "BUTA" şirkətlərinin bazar payı 50 faizə yaxındır.

Gürcüstan bazarında sərnişindaşımaya görə ikinci və üçüncü pillələrdə 12 faiz bazar payına sahib "Turkish Airlines" və 9 faiz bazar payına sahib "Pegasus" şirkətləridir. Deməli, ilk üçlükdəki aviaşirkətlərin bazar payı cəmi 34 faizdir. Bu göstərici bazarda aviaşirkətlərin say çoxluğunu və dolayısıyla rəqabətin olmasını göstərir. Elə bu üzdən də istər daha çox istiqamətdə birbaşa uçuşlar tapmaq, istərsə daha sərfəli qiymətə bilet almaq məhz Gürcüstanda mümkün olur. İşin maraqlı tərəfi həm də odur ki, Azərbaycana məxsus AZAL-ın Gürcüstan aviabazarındakı payı "Gürcüstan Hava Yolları" şirkətindən daha çoxdur. Ötən il AZAL-ın Gürcüstanın aviasiya bazarında sərnişindaşımalar üzrə payı 5 faiz olub. Şirkət bu göstərici ilə Gürcüstanda ardıcıl və çarter uçuşları gerçəkləşdirən aviaşirkətlərin ilk onluğunda 6-cı pillədə qərarlaşıb. "Gürcüstan Hava Yolları" isə sərnişin sayına görə ilk onluqda sadəcə 9-cu pillədə qərarlaşıb. Onun Gürcüstan aviabazarında payı cəmi 3 faizdir.

Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib?

DSK-nın açıqladığı bilgilərdən aydın olur ki, Azərbaycana səfər edənlərin mütləq əksəriyyəti, həmişəki kimi, qonşu ölkələrdən gələnlərdir. Say baxımından ilk üç ölkə Rusiya (27.9 faiz), Türkiyə (19.5 faiz) və İrandır (10.6 faiz). Gürcüstan da sayılsa (5.1 faiz), gələn turistlərin 63 faizi elə Azərbaycanla quru sərhədi olan ölkələrdəndir.

Azərbaycanla quru sərhədi olmayan ölkələr arasındansa ən çox turist qəbul edilən ölkə Səudiyyə Ərəbistanıdır. Ötən il Azərbaycana gələn turistlərin 6 faizi Səudiyyə Ərəbistanının payına düşüb. Bu göstərici ilə həmin ölkə Azərbaycana ən çox insanın səfər etdiyi dördüncü dövlətdir. Quru sərhədi olmayanlar arasında Azərbaycana ən çox turistin gəldiyi digər ölkələrsə Hindistan (3.8 faiz) və Pakistandır (3.2 faiz).

Birləşmiş Ərəb Əmirlikləri (2.6 faiz), Qazaxıstan (1.9 faiz), Ukrayna (1.7 faiz), Özbəkistan (1.6 faiz), İsrail (1.5 faiz) və Küveyt də (1.4 faiz) Azərbaycana turist göndərən ölkələr sırasındadır. Gələn əcnəbi turistlər bölgələr üzrə qruplaşdırılsa, 73 min nəfərin Avropa Birliyi ölkələrinin, 358 min nəfərin Körfəz ölkələrinin, 570 min nəfərinsə MDB ölkələrinin vətəndaşları olduğu üzə çıxar.

XS
SM
MD
LG