Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:12

‘100-ə nə qaldı?’: Nə üçün Gəncə? [3-cü yazı]


Azərbaycanın ilk parlamenti. 1918
Azərbaycanın ilk parlamenti. 1918

“Gəncə Bakıya nisbətən monoetnik şəhər idi. Milli hərəkatın mərkəzi əsrin əvvəlindən başlayaraq məhz Gəncə şəhəri oldu”

“XX əsrin əvvəllərində Gəncə Azərbaycanın milli mərkəzinə, hətta bəzi hallarda milli azadlıq mərkəzinə çevrilmişdi”

Bu sözləri AzadlıqRadiosu-na tarixçi alim İradə Bağırova söyləyib.

BAKI-BEYNƏLMİLƏL ŞƏHƏR

Onun sözlərinə görə, o vaxtlar Bakı beynəlmiləl mərkəz idi: “1905-ci ildə - çar manifesti dərc olunandan sonra milli azlıqlara bəzi azadlıqlar verilmişdi. Məsələn, məhdud da olsa, söz azadlığı. Qəzetlər çap olunmağa başlanmışdı. O vaxtlar Bakı beynəlmiləl bir sənaye mərkəzi idi. Neft bumuna görə. Azərbaycanlılar əhalinin yarısı olardı. Şəhərdə başqa millətlərdən olan əhali vardı”.

Tarixçi alim İradə Bağırova
Tarixçi alim İradə Bağırova

GƏNCƏ

İradə xanım Gəncənin bu baxımdan Bakıya nisbətən monoetnik şəhər olduğunu bildirir: “Gəncə Bakıya nisbətən monoetnik şəhər idi. Məhz milli hərəkatın mərkəzi əsrin əvvəlindən başlayaraq Gəncə şəhəri oldu. 1905-ci ildə Gəncədə “Qeyrət” adlı sosial federalistlər (o vaxtkı adı ilə ədəmi-mərkəziyyətçilər - red.) təşkilatı yarandı. Təşkilatın məqsədi Rusiya ilə federativ əlaqələr qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi. Gəncənin tanınmış şəxsiyyətləri təşkilatın rəhbərləri olmuşdu”.

GÜRCÜSTAN

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

Tarixçi-alim bu təşkilata Gürcüstanın böyük təsirini vurğulayır: “Çünki həmin vaxtdan bir az əvvəl Gürcüstanda “Sakartvelo” (Gürcüstanın gürcü dilində adı – red.) təşkilatı yaranmışdı. Onlar ilk dəfə Rusiyada muxtariyyət ideyasını qaldırmışdılar. Qafqazın Rusiyadan ayrılması məsələsini də məhz bu təşkilat öz şüarlarında səsləndirib”.

“RUSİYA QAFQAZI İTİRƏ BİLƏR”

İradə Bağırova bu ayrılma şüarlarının “Qeyrət” təşkilatının buraxdığı vərəqələrdə də əksini tapdığını bildirir: ”Yəni tək Qafqazın yox, Cənubi Qafqazın Rusiyadan ayrılması və erməni-müsəlman qırğınlarının məhz Rusiya tərəfindən törədilməsi məsələsi bu vərəqələrdə əksini tapır. Təşkilatın buraxdığı vərəqələr arxivdə qalıb.

Mən arxivdə bir neçə dəfə bu təşkilatla bağlı polis departamentinin sənədlərinə də rast gəlmişəm. Həmin sənədlərdə oxumuşam ki, general-qubernatordan məhz Rusiyanın daxili işlər naziri Bulıginə ünvanlanmış məktublarda “Qeyrət” təşkilatından bəhs edilir. Məktubda vurğulanır ki, bu, çox təhlükəli təşkilatdır, belə təşkilatlar çox olsa, Rusiya dağıla və Qafqazı itirə bilər...”.

“QEYRƏT”İN BAŞÇISI

Nəsib bəy Yusifbəyli
Nəsib bəy Yusifbəyli

İradə xanım elə bu səbəbdən təşkilatın üzvlərinin həbs olunduğunu söyləyir: “1908-ci ildə təşkilatın üzvləri həbs olunur. Nağı bəy Şeyxzamanlının 1964-cü ildə İstanbulda çap olunan kitabında 1905-ci ildə yaranan bu təşkilatın sədrinin Nəsib bəy Yusifbəyli olduğu yazılır. Düzdür, o vaxt Nəsib bəy Odessadaydı, ancaq belə görünür o Gəncəyə gəlib həmin təşkilatı yaradıbmış. Yeri gəlmişkən, bu fakt ancaq Nağı bəy Şeyxzamanlının kitabında irəli sürülüb. Bəs nədən bu fakt inandırıcı görünür? Məhz 1917-ci ildə Gəncədə Nəsib bəyin rəhbərliyilə həmin adla “Türk Ədəmi-Mərkəziyyət” partiyası yaranır və fəaliyyətə başlayır. Demək, ədəmi-mərkəziyyətçilər əsrin əvvəllərindən Gəncədə çox fəal olublar”.

Buna da bax: '100-ə nə qaldı?': 'Azərbaycanda onların heç birinin qəbri yoxdur' [2-ci yazı]

“MÜSAVAT” NƏDƏN ƏDƏMİ-MƏRKƏZİYYƏTÇİLƏRLƏ BİRLƏŞDİ?

Aparıcının: “Nəsib bəyin “Türk-ədəmi mərkəziyyət” partiyasıyla “Müsavat” necə oldu birləşdi və bu partiyaları nə ayırır, nə birləşdirirdi” sualını İradə xanım belə cavabladı: “Bu təşkilatları əvvəllər çox şey ayırırdı. “Müsavat”ın 1-ci proqramında müsəlman xalqların birləşmə ideyası ən əsas istiqamətlərdən biri kimi götürülmüşdü və orada muxtariyyətdən söhbət getmirdi. “Müsavat”ın ilk proqramı, bildiyiniz kimi, 1911-ci ildə çıxmışdı və bu proqram 1917-ci il üçün bir az köhnəlmişdi. Yeni proqram yox idi. “Türk ədəmi-mərkəziyyət”in proqramı isə 1917-ci ilin aprelində artıq formalaşmışdı. Onlar muxtariyyət şüarlarıyla Gəncədə ilk mitinqlər keçirirdilər. Bilirsiniz ki, o vaxtlar Rusiyada Fevral İnqilabı baş vermiş və Müvəqqəti Hökumət hakimiyyətə gəlmişdi. Aprelin əvvəlində Gəncədə keçirilən mitinqlərdə ilk dəfə “Azərbaycan” və “muxtariyyət” sözləri səslənirdi. Mitinqçilər öz proqramlarını da irəli sürmüşdülər. Proqramda bildirilirdi ki, tək Qafqazın deyil, Azərbaycanın da muxtariyyətı təmin olunmalıdır”.

1917-Cİ İLİN MÜSƏLMAN QURULTAYLARI

Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə

İradə xanım bu dövrdə çox böyük mübahisələr getdiyini bildirir: “Qafqaz bölgələrində ərazi muxtariyyəti olsun, ya mədəni muxtariyyət? M.Ə. Rəsulzadə ilə Əhməd bəy Salikovun (Şimali Qafqazın nümayəndəsi - red.) bu məsələ barəsində böyük mübahisələri olub. Bakıda keçirilən I Qafqaz Müsəlmanları qurultayında və Moskvada keçirilən Ümumrusiya Müsəlmanları qurultayında. Bu mübarizədə M.Ə. Rəsulzadənin ərazi muxtariyyəti ideyası qalib gəldi. Qurultay öz qətnaməsində bu ideyanı qəbul etdi. Bu qurultaylarda Əlimərdan bəy Topçubaşov da, Nəsib bəy Yusifbəyli də çox fəal idilər və qurultayda ədəmi-mərkəziyyət ideyalarını təbliğ edirdilər. Moskva qurultayından sonra Rəsulzadə ilə Nəsib bəy belə qərara gəldilər ki, onların partiyalarının ideyaları bir-birini tamamladığı üçün bu partiyalar birləşsin!”.

Buna da bax: '100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir?

“BU BİRLƏŞMƏ “MÜSAVAT”I GÜCLƏNDİRDİ”

İradə xanım bir nüansa da diqqət çəkdi: “Bu birləşmə ilə həm “Müsavat” güclənirdi, - Gəncə Partiyasının o vaxt 500 üzvü vardı. O vaxt üçün bu, çox böyük rəqəm idi. Və iyun ayında bu iki partiya birləşəndə, artıq böyük bir partiyaya çevrildi və “Türk ədəmi-mərkəziyyət-Müsavat” partiyası adını aldı”.

“BİR ƏSRƏ BƏRABƏR HADİSƏLƏR”

İradə xanım bundan sonra-1917-18-ci illərdə bir əsrə bərabər hadisələr baş verdiyini söylədi: “Gürcüstandan və İrəvan quberniyasından fərqli olaraq, Bakıda o zaman 3 hakimiyyət dəyişdi. Çünki Bakı neftə görə hamı üçün çox cəlbedici yer idi. Hamı Bakıya göz dikmişdi - bolşeviklərdən tutmuş menşeviklərə, Sentrokaspiyə, Denikin ordusuna, ingilislərə, Osmanlı imperiyasınadək...”.

BİRİNCİ DÜNYA SAVAŞININ SONU...

İradə Bağırova Birinci Dünya Savaşının sonunu da xatırlatdı: ”1918-ci il Birinci Dünya Müharibəsinin sonuncu ili idi. Böyük dövlətlər Qafqazı öz aralarında bölmək niyyətindəydilər. Burada ən fəal rolu Antanta (Rusiya da ora daxil idi, ancaq 1917-ci ildə çıxdı - red.), digər tərəfdən Almaniya və Türkiyə oynayırdı. Və təbii ki, Qafqazda ən maraqlı, ən yaxın tərəf Türkiyə idi. Türkiyənin razılığı olmasaydı, Türkiyə ilə danışıqlar getməsəydi, Qafqazda bəlkə də müstəqil dövlətlərin yaranması mümkün olmazdı. Bu dəmdə Trabzon konfransı başlandı -aprel ayında, may ayında onun davamı kimi Batum konfransı oldu. Azərbaycan nümayəndə heyəti bu konfranslarda fəal iştirak edirdi. Məhəmməd Əmin Rəsulzadə ilə birgə Nəsib bəy Yusifbəyli də Türkiyə komandanlığı ilə danışıqlar aparır, həm də Zaqafqaziya Seymini (Nəsib bəy seymin üzvü idi-red.) danışıqlar barədə məlumatlandırırdı. Yəni bir nümayəndə daim Batumda qalmışdı. Bir-iki nəfər də gedib-gəlirdi”.

1918-Cİ İLİN “28 MAYIS”I

İradə xanım həmin günü belə təsvir edir: “Zaqafqaziya Seyminin iclasında məhz 28 mayda Nəsib bəy Yusifbəyli gəlib M.Ə. Rəsulzadənin göndərdiyi məktubu bizim nümayəndə heyətinə çatdırdı ki, Türkiyə Azərbaycanın istiqlalına, müstəqilliyinə etiraz etmir...”.

İradə Bağırova: ”1918-ci il 1-ci Dünya Müharibəsinin sonuncu ili idi. Böyük dövlətlər Qafqazı öz aralarında bölmək niyyətindəydilər"
Gözlə

No media source currently available

0:00 0:09:58 0:00
Direct-ə keçid

“AZƏRBAYCAN DƏXİ KAMİL-ƏL-HÜQUQ MÜSTƏQİL BİR DÖVLƏTDİR”

İradə xanım bu şüarın nəyə görə aktual olduğunu belə açıqladı: “ Azərbaycan nümayəndə heyətində də yekdillik yox idi. Nümayəndə heyətinin bir hissəsi Türkiyə ilə birləşmək istəyirdi. Türkiyənin də ilk istəyi belə olmuşdu - Azərbaycanı özünə birləşdirmək. Lakin nümayəndə heyətinin çoxu müstəqillik istəyirdi. Rəsulzadə ilə Yusifbəylinin Türkiyə ilə danışıqlarda böyük rolu oldu. Son məqamda Türkiyə bu fikirdən imtina elədi və Nəsib bəy Yusifbəyli müstəqillik barədə Türkiyənin razılığı xəbərini mayın 27-də nümayəndə heyətinə çatdırdı. Bu məsələ səsverməyə qoyuldu və iki gün ərzində çox gərgin müzakirələr və mübahisələrdən sonra mayın 28- də Həsən bəy Ağayev Azərbaycanın müstəqilliyi haqqında Aktı açıqladı. 24 səs çoxluğu, 2 bitərəf olmaqla, “İstiqlal Bəyannaməsi” qəbul edildi. Sonra Milli Şura formalaşdı. Rəsulzadə Milli Şuranın sədri təyin olundu. Milli Şura qərara gəldi ki, hökumət formalaşdırsın. Cümhuriyyətin ilk baş naziri Fətəli xan Xoyski oldu”.

“Cümhuriyyət-100” davam edəcək.

XS
SM
MD
LG