Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:07

Bakı sakinlərindən hər 100 nəfərdən 20-sinin avtobusa çıxışı yoxdur


Avtobus sürücülərinin ən böyük dərdi
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Avtobus sürücülərinin ən böyük dərdi (2018)

Yerüstü Nəqliyyat Agentliyi (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakıdakı avtobus nəqliyyatının durumu ilə bağlı bəzi rəqəmləri mediaya açıqlayıb. İndi paytaxtda 180 avtobus xətti olmasına diqqət çəkilib. Bu xətlər sakinlərin 81-82 faizini əhatə edə bilir. Deməli, Bakıda yaşayan yarım milyondan çox insanın yaşadığı yerdə avtobus nəqliyyatına çıxışı yoxdur. Bu da əhalinin fərdi nəqliyyat vasitələrindən yararlanmağa məcbur qaldığını göstərir.

Dövlət Statistika Komitəsinin (DSK) 2022-ci ilə aid bilgisinə görə, paytaxtda yaşayanların 80 faizinin ictimai nəqliyyata rahat çıxış imkanı var. Metodologiyaya görə, ictimai nəqliyyata çıxış o halda rahat sayılır ki, ev, məktəb, iş yeri kimi obyektlərlə avtobus dayanacaqları arasındakı məsafə 500 metri aşmasın. Şəki (89 faiz) və Mingəçevir (84 faiz) şəhərlərində bu göstərici Bakı ilə müqayisədə daha yüksək olub. Respublika tabeli şəhərlər arasında ictimai nəqliyyata rahat çıxış imkanının daha aşağı olduğu şəhərlərsə Sumqayıt (50 faiz) və Yevlaxdır (36 faiz).

Yerüstü Nəqliyyat Agentliyinin rəsmisi bildirib ki, ictimai nəqliyyatla əhatə olunan əhalinin sayını artırmaq üçün yeni planlar hazırlanır. Ancaq bu planlar gerçəkləşəndən sonra da avtobus xətləri sakinlərin 92-93 faizini əhatə edə biləcək. Nəzərdə tutulan dəyişiklik avtobus xətlərinin sayca azaldılması və bununla yanaşı, avtobus sayının artırılması ilə bağlıdır. Başqa sözlə, avtobus xətlərinin azaldılması hesabına qənaət edilən avtobuslar avtobus nəqliyyatının əhatə etmədiyi ərazilərə yönləndirilə bilər. Yerüstü Nəqliyyat Agentliyinin hesablamasına görə, Bakıda avtobus xətlərinin sayı 100-ə enməlidir. Deməli, indiki xətlərin 45 faizə yaxını ləğv edilməlidir.

Milyonlar xərclənən "BakuBus"lar depoda istifadəsiz qalıb - EKSKLÜZİV görüntülər
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Avtobusların yarısı köhnədir

Azərbaycanda avtobus nəqliyyatı ilə bağlı daha bir problem avtobusların keyfiyyətcə yetərsizliyidir. Bunu rəsmi qurumların açıqladığı rəqəmlər də sübut edir. Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri bildirib ki, hazırda Bakıda 2 min avtobus var. Bu avtobusların yarısının dəyişdirilməsinə ehtiyac var. Soyutma sisteminin yoxluğu, alçaq döşəməli olmaları, istismar müddətini aşması avtobuslardakı əsas çatışmazlıqlardır.

Maraqlıdır ki, Yerüstü Nəqliyyat Agentliyinin rəsmisi, ad çəkməsə də, avtobus nəqliyyatının indiki problemlərini buvaxtaqədərki idarəetmədə olan nöqsanlara bağlayıb. A.Rzayev bildirib ki, marşrutların sayı və marşrut açmaq meyarları tarix boyu o qədər də uğurlu olmayıb. Nəticə etibarilə dayanacaqlara çox sayda avtobusun daxil olması, dayanacağın özündə sıxlıq yaranması həmişə gözə çarpıb.

Açıqlamadan bəlli olur ki, AYNA Bakıda sərnişindaşıma operatorlarının fəaliyyətindən də narazıdır. İndi paytaxtda 27 belə operator var. Yerüstü Nəqliyyat Agentliyi rəsmisinin fikrincə, ən yaxşı halda, onların beşi öz fəaliyyətini ciddi şəkildə qura bilib. Digər daşıyıcılarsa biznesini axşam sürücüdən planı almaq üzərində qurub. Bu da sürücülərin sərnişin götürmək üçün yarışmasına, intervalları qorumamasına, planı yerinə yetirdikdən sonra bitmə vaxtını gözləmədən ogünkü işini dayandırmasına səbəb olur.

Açıqlanan rəqəmlərdən bilinir ki, Bakıdakı avtobuslar həm köhnə, həm də sayca azdır. AYNA-nın hesablamasına görə, durumu yaxşılaşdırmaq üçün avtobusların sayını 2 mindən 2 min 500-ə çatdırmaq, yəni daha 500 avtobus almaq lazımdır. Rəsmi rəqəmlərə görə, Bakıda fəaliyyət göstərən 180 avtobus xəttinin 20-də pik saatlarda sıxlıq 90 faizi aşır. AYNA-nın fikrincə, avtobuslardakı sıxlığı 70 faizin altına endirməklə onların cəlbediciliyini artırmaq olar. Bundan ötrü avtobus sayının artırılmasına ehtiyac var.

Bakı sakini ödəniş terminallı dayanacaq üçün 3-6 km arası məsafə getməlidir
Gözlə

No media source currently available

0:00 0:05:26 0:00

"Bakıkart"la bağlı vəd hələ də yerinə yetirilməyib

2015-ci ildən Bakıdakı avtobuslarda "Bakıkart" vasitəsi ilə ödəniş mümkün olmuşdu. Həmin dövrdən etibarən hökumət rəsmiləri ölkədəki bütün avtobusların kart sisteminə keçiriləcəyi barədə açıqlamalar verir. Hətta Bakı Nəqliyyat Agentliyi (BNA) 2019-cu ildəki açıqlamasında bildirmişdi ki, həmin ilin sonunadək Bakıdakı bütün avtobuslar kart sisteminə keçiriləcək. Yerüstü Nəqliyyat Agentliyi rəsmisinin açıqlamasındansa görünür ki, həmin vədin üzərindən dörd ildən çox vaxt keçsə də, hələ də yerinə yetirilməyib. A.Rzayev bildirib ki, Bakıda toplam 300 avtobusa nağdsız ödəniş terminallarının quraşdırılması mümkün deyil. Daha 200-ə yaxın avtobusda isə yaxın dövrdə kart sistemi tətbiq ediləcək. Deməli, indi avtobusların təxminən 25 faizində kart sistemi yoxdur. Avtobuslarda bank kartları ilə ödəmə sistemi də illərdir dartışılsa da, hələlik, istifadəyə verilməyib. Ancaq prosesin yaxın müddətdə yekunlaşdırılması nəzərdə tutulub.

Bu il Bakının avtobus şəbəkəsində gözlənilən daha bir yenilik elektriklə çalışan avtobusların xəttə buraxılmasıdır. Bir müddət öncə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini mediaya açıqlamasında bildirmişdi ki, 2024-cü ildə Azərbaycan COP-29-a ev sahibliyi edəcək. Bu üzdən, yeni elektrik avtobuslarını Bakı küçələrində daha sıx görəcəyik. Öncəki illərin təcrübəsi də göstərir ki, Bakıda avtobus şəbəkəsinin müasirləşdirilməsində sakinlərin tələblərindən çox Bakıda keçiriləcək beynəlxalq tədbirlər daha çox rol oynayır. Elə 2015-ci ildə Bakıdakı avtobusların qısa zamanda kart sisteminə keçirilməsinin də əsas səbəbi həmin il şəhərdə Avropa Oyunlarının keçirilməsi idi. Onu da unutmaq olmaz ki, COP29-un keçiriləcəyi ilə bağlı Bakıda velosiped zolaqları da təşkil edilir.

XS
SM
MD
LG