Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:33

Ekspert: 'Dünən Bakıda yarım saat yağış yağıb, bəs günlərlə yağsa...'


Bakıda güclü yağış nəticəsində Heydər Əliyev prospektinin Bağırov körpüsü ərazisindəki tuneli su basıb (22 oktyabr, 2024)
Bakıda güclü yağış nəticəsində Heydər Əliyev prospektinin Bağırov körpüsü ərazisindəki tuneli su basıb (22 oktyabr, 2024)

Oktyabrın 28-də Bakıda yenə yağış yağdı. Beş gün əvvəl olduğu kimi, yenə paytaxtda küçələri və evləri su basdı. Amma yaxşı ki, beş gün öncədən fərqli olaraq bu dəfə su basan tunellərdə ölüm halı baş vermədi. (Oktyabrın 22-də iki şəxs Sabunçu rayonunda yerləşən tuneli basan suda boğulmuşdu)

Oktyabrın 23-də Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə intensiv yağıntının törətdiyi fəsadların aradan qaldırılması və gələcəkdə qarşısının alınması ilə bağlı iclas keçirilmişdi.

Nazirlər Kabinetinin məlumatına görə, Ə.Əsədov yağıntıların normadan artıq olması kimi obyektiv səbəblə yanaşı, subyektiv səbəblərin də mövcudluğunu vurğulamış, müvafiq infrastrukturun tam gücü ilə işləməməsinin bir sıra ciddi fəsadlar və itkilərlə nəticələndiyini bildirmişdi. "Hazırda ziyan dəymiş infrastrukturun fəaliyyətinin bərpası üçün zəruri tədbirlərin görüldüyü, vəziyyətin araşdırıldığı və nəticələrin aradan qaldırılmasından sonra yekun qərarların qəbul ediləcəyi diqqətə çatdırıldı", - məlumatda əlavə edilirdi.

Həmin qərarların və tədbirlərin nədən ibarət olduğu barədə, hələlik, Nazirlər Kabinetindən hər hansı məlumat almaq mümkün olmayıb.

"Gedib çörək belə ala bilmirdik"

Binəqədi rayonunda yaşayan Zemfira Qurbanova deyir ki, oktyabrın 28-də yağan yağış nəticəsində də küçələri su ilə dolub: "Neçə gün idi işə çıxmırdım, çünki bu şəraitdə gedə bilmirdim. Sakinlərdən biri taxtalardan evin kənarı ilə balaca körpü düzəltdi, onunla gedə bilirik, yoxsa gedib çörək belə ala bilmirdik. Bu taxta körpü salınana qədər blokadada qalmışdıq".

Onun sözlərinə görə, aidiyyəti qurumlara vəziyyətlə bağlı məlumat versələr də, heç bir tədbir görülməyib.

Fazil Mustafa
Fazil Mustafa

"...inkişaf etmiş ölkələrdə də olur"

Milli Məclisin deputatı Fazil Mustafa isə mövzu ilə bağlı "Turan"a deyib ki, iqlim dəyişikliyinin yaratdığı fəsadlar başqa inkişaf etmiş ölkələrdə də olur: "Yağıntı miqdarının həddindən artıq çox olması belə problemləri özü ilə gətirməli idi. Amma, təbii ki, buna hazır olmaq da önəmlidir. Görünür, bizim şəhər təsərrüfatında müəyyən problemlər hələ də qalmaqdadır".

Deputat qeyd edib ki, məsələ kanalizasiya ilə bağlı problem deyil: "Yağış sularının axıntısı üçün ayrıca drenajlara, yol kənarında axıntı sisteminə ehtiyac var. Qurğular tam şəkildə olmadığına görə problemlər qalmaqdadır".

İlqar Hüseynli
İlqar Hüseynli

"...əksəriyyəti korrupsiya layihələridir"

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Azadlıq Radiosuna deyib ki, illərdir məmurların Bakıya münasibəti dəyişmir: "2000-ci illərin əvvəlində yeni yol ötürücü sistemlər qurulmağa başlayanda Bakı sakinləri bu qazıntı işlərindən böyük əziyyət çəkirdilər".

Ekspert düşünür ki, bu işlər həm Bakının estetik görünüşünə çox pis təsir edib, həm də şəhərin relyefi nəzərə alınmayıb: "Bakının bəzi yerləri dəniz səviyyəsindən də aşağıdır və tarixən şəhərin bir hissəsinin su altında olduğunu çox eşitmişik. Belə olan halda, şəhərin yol ötürücü sistemlərini qurmaq üçün 15-20 metr dərinlikdə qazıntı aparıb orada tunellər yaratmağa ehtiyac var idimi?! Yox idi".

O vurğulayır ki, tunellər qazılarkən drenaj sistemi qurulmayıb: "Ona görə ki, bu dərinlikdə olan tunellərdə bu sistem qurula bilmir. Qursalar, suyu hara axıdacaqlar? Hər halda, bu dərinlik Xəzərin səviyyəsindən aşağı düşür".

'Bir də gördüz Bakıda binalar da çökdü'
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

İ.Hüseynlinin sözlərinə görə, Bakıda əhali çox artıb və 2.5 milyon insan üçün nəzərdə tutulan su-kanalizasiya sistemləri ikiqat yüklənib: "Yalnız qazıb, kanalları açıb, suyu Xəzərə buraxmalıdırlar. Ya da o tunelləri tamamilə doldurmalıdırlar. Bu tədbirlər görülməsə, vəziyyət daha da pisləşəcək. Dünən, oktyabrın 28-də Bakıda cəmi yarım saat yağış yağıb, paytaxtın iqlimi isə belədir ki, yağış günlərlə yağa bilər. Bəs günlərlə yağsa, nə olacaq?! Yenə biabırçı vəziyyət yaranacaq, yenə insanlar boğulacaq".

O hesab edir ki, tunellərin necə inşa olunduğunu istintaq orqanları araşdırmalıdır: "Hələ 10 il əvvəl yazmışdım ki, Bakı tədricən qəzalara yaxınlaşır, çünki burada korrupsiya faktorları, soyğunçuluq var idi. Bu layihələrin əksəriyyəti böyük korrupsiya layihələridir. Ziya Bünyadov prospektində uzun bir tunel tikiblər, qazıntılar getdi, relyef dəyişdi. Amma bu tuneli qazmağa ehtiyac yox idi. Orada estakadalarla, paralel yollarla gözəl infrastruktur yaratmaq olardı. Amma bunu etmədilər, torpağın sayı-hesabı yoxdur axı və burada daha çox pul silmək olur".

XS
SM
MD
LG