Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:14

'Bakının oksigenini kəsirlər'


Ağaclar kəsilib.
Ağaclar kəsilib.

«Bunların gözünü pul tutub. Bunların nə qanuna, nə prezidentin sözünə, nə xalqa sayğısı, hörməti qalıb».

Xətai rayonu, Gəncə prospekti 30-da böyük bir ərazinin hasarlanması və ağacların kəsilməsi ətrafda yaşayanların qəzəbinə səbəb olub.

«GÖZƏLLİYİ BİR ANDA YOXA ÇIXARDILAR»

Həmin ərazidə yaşayan Elşad Məhərrəmli AzadlıqRadiosunun «Qaynar xətt»inə danışır ki, yeni və köhnə binaların qarşısında yerləşən yaşıllıq zolağı hələ xeyli öncə hasarlanıb.

Təxminən bir aydır ki, hasarın içərisindəki ağaclar kəsilib. Halbuki, hasarlanarkən sakinlərə yaşıllıqda attraksionlar, skamyalar quraşdırılacağını və istirahət parkına çevriləcəyini vəd ediblər: «O yaşıllıq Sovet vaxtından bu yaxınlara qədər dövlət tərəfindən qorunurdu. Eyvanlardan baxanda göz oxşayırdı. Hasarladılar, sonra da başladılar sürətlə ağacları kəsməyə. İndi ərazi keçəl qıza oxşayır. Nə tikilməsi barədə sakinlərə məlumat verilmir. Bu boyda gözəlliyi bir anda yoxa çıxardılar».

Aradabir sakinlər hasarlara hücum çəkiblər, ancaq hər dəfə əraziyə baxan polis şöbəsinin polisləri gələrək onları ərazidən kənarlaşdırıb. Hətta «asayişi pozan xuliqan» kimi cərimələnənlər də var.

«ADAMLARI BOĞURLAR»

Gəncə prospektindəki 32-ci binada yaşayan Siddiqə Manafova: «Xalqı düşünmürlər. Öz malikanələrinin qarşısına iki kilometr elədən, iki kilometr belədən yaşıllıq salırlar. Başa düşürlər ki, yaşıllıq sağlamlıqdır, gözəllikdir. Bizə qalanı isə məhv edirlər.

Hasarlanan ərazi
Hasarlanan ərazi

Çox təəssüf, başqa ölkələrə ayaq açsaq da, yaxşı cəhətlərini qavraya bilmirik. Başqa yerlərdə lazımsız, istismar müddəti ötmüş tikililəri söküb parka çevirirlər, adamlar gedib qazonun üzərində istirahət edir, bizdəsə harada yarpaq görürlər, cumurlar, traktorları, buldozerləri salıb məhv edirlər. Bunun adı acgözlükdür. Kimi dindirirsən, hərə bir xəstəlikdən gileylənir. Ölüm-itim, xəstəlik baş alıb gedir, çünki Bakının oksigenini kəsirlər, adamları boğurlar».

Eyni binada yaşayan Tofiq Əmiraslanov düşünür ki, bu işlərin arxasında yerli icra hakimiyyəti dayanır: «Bunu edənlərin arxasında məmurlar dayanır. Belə yaşıllıqları məhv edirlər, yerində çoxmərtəbəli binalar, ictimai-iaşə, biznes obyektləri tikirlər, qazanc əldə edirlər. Bu özbaşınalıqlara ən böyük qolu yerli icra hakimiyyətləri qoyur. Hətta çox vaxt belə işlərin arxasından elə icra başçıları çıxır».

«YAŞILLIĞA TOXUNULMAYIB»

Xətai rayon İcra Hakimiyyətindən sakinlərin qaldırdığı məsələyə münasibət bildirilib: «Orda kəsilənlər qurumuş ağaclar olub. Yaşıllığa toxunulmayıb. Tikintiyə gəlincə, qarşısında lövhə vurulub, gedin baxın, məlumatlanın. Biz məlumat verə bilmərik».

Sakin Dürdanə Həmidova deyir, hasarın qarşısına qoyulmuş lövhədə heç bir məlumat yerləşdirilməyib.

Kəsilmiş ağacların əvvəldən qurumuş olması ilə bağlı deyilənlərə gəlincə, sakinlər iddia edirlər ki, kəsilənlərin heç də hamısı qurumuş olmayıb. Qurumuşlar da qəsdən qurudulanlardır. Belə ki, ötən ildən başlayaraq yaşıllıq ərazidə gah yanğın törədilib, gah da ağacların dibinə kimyəvi məhlullar tökülərək qurudulub. Beləcə, yüzlərlə ağaca «od qoyulub». İcra hakimiyyəti bu iddialarla razılaşmır.

Sakinlər yaşıllığın məhv edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəklərini deyirlər.

XS
SM
MD
LG