AzadlıqLive- Azərbaycanlılar Gürcüstana axışır
Bu ilin yanvar-avqust aylarında 931 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Azərbaycanlılar Gürcüstana gələn xarici ölkə vətəndaşları sırasında ikinci yerdədirlər.
AzərTAc xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, səkkiz ayda Gürcüstana 3,9 milyon xarici vətəndaş gəlib və onların 916 mini turist olub. Ölkəyə gələnlər arasında Türkiyə, Rusiya və Ukrayna vətəndaşları da çoxluq təşkil edirlər.
Turizm Gürcüstan iqtisadiyyatında mühüm yer tutur. Bu sahədən əldə olunan gəlir ümumi daxili məhsulun 7 faizinə bərabərdir.
Edward Snowden Rusiyanı tənqid edir
Amerika məxfi xidmətinin Rusiyaya qaçan keçmiş əməkdaşı Edward Snowden Kremli tənqid edib.
Norveçdə Byornson mükafatına layiq görülən, amma ABŞ-a ekstradisiya oluna biləcəyindən ehtiyat edərək mərasimə videoəlaqə ilə qatılan Snowden Rusiyanın homoseksuallara münasibətinin və yeni qanunlar qəbul edərək İnternetə nəzarəti artırmaq cəhdlərinin yanlış olduğunu deyib.
Xatırladaq ki, o, məhz ABŞ-ın gizli olaraq İnternet və sosial şəbəkələrə nəzarət etmək cəhdlərinə qarşı çıxdığı üçün Rusiyaya qaçmışdı.
Prosineçki Malta ilə oyun haqda danışdı
"Xorvatiya ilə oyundan sonra bizi burada çətin görüş gözləyir. Maltanın İtaliyaya qarşı son oyununu izləmişəm. İtaliyaya qarşı uğurlu oyun keçirdilər. İtaliya çətinliklə bir qol vurub qələbə qazandı."
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki “Avro-2016”nın seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 6-da Malta yığması ilə keçiriləcək oyundan əvvəl deyib.
Baş məşqçi bildirib: “Oyunçularımızla fəxr edirəm. Onlar peşəkardırlar. Xorvatiya ilə görüş artıq geridə qalıb. Komandamız Azərbaycana uğurlu nəticə ilə qayıtmaq üçün əzmlə mübarizə aparacaq”.
R.Prosineçki qeyd edib ki, hər oyuna ciddi hazırlaşırıq. Futbolçularda özünə inam var və onlar nəyə qadir olduqlarını bilirlər. Onların uğurlu çıxışı Azərbaycan futbolunun inkişafına töhfədir.