Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:11

Banklar ötən il mənfəətini 50 faiz artırıb


Kapital Bank
Kapital Bank

Mərkəzi Bank Azərbaycan bank sektorunun ötən ilə aid göstəricilərini açıqlayıb və 915 milyon manat mənfəəti diqqətə yetirib. 2021-ci ildə həmin göstərici 609 milyon manat olmuşdu. Deməli, banklar bir il içində öz mənfəətlərini 306 milyon manat və ya təxminən 50 faiz artıra bilib. İlboyu toplam 262 milyon manat mənfəət vergisi ödənilib.

Bank sektorunun mənfəəti kimlərə çatıb?

Ən çox mənfəət əldə edən bankların ilk üçlüyü dəyişməyib. "Paşa Holdinq"ə daxil "Kapital Bank" ən çox mənfəət əldə edib. Bankın il ərzində qazandığı mənfəətin miqdarı 308 milyon manatdır. Başqa deyimlə, ölkədə fəaliyyət göstərən 25 bankın toplam mənfəətinin üçdə biri bu bankın payına düşüb. Bu da var ki, "Paşa Holdinq" bank bazarında təkcə "Kapital Bank"la təmsil olunmur və "Paşa Bank"ın da əsas səhmdarı məhz həmin holdinqdir. Rəsmi rəqəmlərə görə, "Paşa Bank" ötən il ölkədə ən çox mənfəət əldə edən üçüncü bankdır. Onun toplam mənfəəti 149 milyon 400 min manatdır. Deməli, ötən il "Paşa Holdinq"in təkcə bank sektorunda qazandığı mənfəətin miqdarı 457 milyon manatdır. Bu o deməkdir ki, 2022-ci ildə ölkənin bank sektorunun toplam mənfəətinin tən yarısı sözügedən holdinqə çatıb.

Dövlətə məxsus bankların da yetərincə mənfəəti olub. Ötən il ölkədə ən çox mənfəət əldə edən ikinci bank "Beynəlxalq Bank"dır (254 milyon manatdan çox). Dövlətə məxsus digər bank – "AzərTürk Bank" da mənfəətini önəmli dərəcədə artırıb və 2021-ci ildəki 546 min manatdan 11 milyon manata yüksəldib. Deməli, ötən il dövlət banklarının toplam mənfəəti 265 milyon manat olub. Bu, sektorun toplam qazancının 29 faizidir. Beləcə, 2022-ci ildə Azərbaycanda bankların toplam mənfəətinin 79 faizi "Paşa Holdinq"ə və dövlətə, yerdə qalan 21 faizi digər 21 banka çatıb.

İstehlak kreditləri biznes kreditlərindən daha çox artıb

Ötən ilin sonuna bank sektorunun aktivləri 47 milyard 55 milyon manat olub. Bankların toplam öhdəlikləri 41 milyard 433 milyon manatdır. 2021-ci illə müqayisədə bankların aktivlərində 22.3 faiz, öhdəliklərində 23.7 faiz artım qeydə alınıb.

Ötən il bankların kredit portfeli təxminən 3 milyard manat böyüyüb. Əgər 2021-ci ilin sonunda toplam 16 milyard 659 milyon manat bank krediti vardısa, 2022-ci ilin sonunda həmin rəqəm 19 milyard 594 milyon manata yüksəlib. Başqa sözlə, il ərzində ölkədə kredit portfeli 17.6 faiz artım göstərib.

Bankların kredit portfelində biznes kreditləri ilə bağlı bir məqam da diqqət çəkir. Son dövrlər hökumət sözçüləri dəfələrlə dilə gətiriblər ki, biznes kreditləri daha çox artırılmalıdır, çünki belə artım iqtisadi fəallığa və yeni iş yerlərinin açılmasına olumlu təsir göstərir. Di gəl, rəsmi rəqəmlərdən aydın olur ki, bank sektorunun kredit portfelində ilk yeri hələ də biznes kreditləri tutsa da, istehlak kreditləri nisbətdə daha çox artıb. Ötən ilin sonuna kredit portfelinin 55.4 faizi biznes kreditlərinin payına düşüb. 2021-ci ilin sonunda bu rəqəm 58.5 faiz idi. 2022-ci il boyunca biznes krediti portfeli 1 milyard 115 milyon manat və ya 11.4 faiz böyüsə də, eyni zaman dilimində istehlak kreditlərinin həcmi 5 milyard 574 milyon manata çatıb. Bu o deməkdir ki, il ərzində əhalinin banklara borcu 1 milyard 236 milyon manat və ya 27.3 faiz artıb və nəticədə istehlak kreditlərinin toplam kredit portfelində payı 27.1 faizdən 29.4 faizə yüksəlib.

Ötən il ipoteka kreditlərinin də həcmi artaraq 2 milyard 985 milyon manat olub. Bu bir öncəki illə müqayisədə 585 milyon manat və ya 24 faiz artım anlamına gəlir.

Depozitlər də artıb

Bankların toplam depozit portfelində də ötən il artım qeydə alınıb. 2021-ci ilin sonunda fiziki şəxslərin banklarda saxladığı depozitlərin həcmi 9 milyard 32 milyon manat olub. 2022-ci ilin sonunda bu vəsait 11 milyard 483 milyon manata yüksəlib. Deməli, il ərzində əhalinin banklardakı vəsaitlərinin həcmi 2 milyard 450 milyon manat artıb. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 41.7 faizdən 39.8 faizə enib. Ancaq nəzərə almaq lazımdır ki, sözügedən dollarlaşma səviyyəsi bir öncəki ilə nisbətən azalsa da, bənzər iqtisadi strukturlu ölkələrlə müqayisədə hələ də yüksək olaraq qalmaqdadır.

2022-ci ildə hüquqi şəxslərin bank vəsaitlərinin həcmi fiziki şəxslərin depozitləriylə müqayisədə daha yüksək artım göstərib və 17 milyard 906 milyon manatdan 22 milyard 280 milyon manata yüksəlib. Bu, il ərzində 4 milyard 374 milyon manat və ya 24.4 faiz artım deməkdir. Dollarlaşma baxımından da hüquqi şəxslərin göstəricisi fiziki şəxsləri qabaqlayır, hətta son bir ildə hüquqi şəxslərin banklarda saxladığı vəsaitlərin dollarlaşma səviyyəsi cüzi artıb. Hazırda hüquqi şəxslərin vəsaitlərinin təxminən 51 faizi xarici valyutada saxlanılır.

XS
SM
MD
LG