Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:09

Bayden xalqa müraciət etdi, Putini HƏMAS-a bənzətdi, Ukrayna və İsrail üçün yardım istədi


ABŞ prezidenti Co Bayden oktyabrın 19-da Ağ Evdən Amerika xalqına müraciət edib.

Şərhçilər qeyd edirlər ki, ABŞ prezidentləri adətən belə ünsiyyət formasından çox nadir hallarda, qlobal vəziyyət son dərəcə mürəkkəb olanda istifadə edirlər.

Bayden çıxşının əvvəlində “tarixin dönüş dövrünün” yaşandığını vurğulayıb:

"Bu həmin anlardandır ki, bu anda qəbul edilən qərarlar qarşıdan gələn onillikləri formalaşdıracaq”.

İsraildən yenicə qayıtdğını qeyd edən prezident son hadisələrdə həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Yaxın Şərq üçün daha yaxşı gələcək

O deyib ki, Amerika prezidenti üçün girov saxlanan amerikalıların salamatlığından daha yüksək prioritet ola bilməz.

Bayden vurğulayıb ki, “HƏMAS bütün dünyaya əsl şərin nə olduğunu göstərib”.

ABŞ prezidenti hər iki tərəfdən həlak olanlar üçün kədər və rəğbətini bildirib və deyib ki, Qəzza xəstəxanasında partlayışda ölənlər də daxil fələstinlilərin faciəli ölümlərindən sarsılıb.

O dərhal xəstəxana partlayışının İsrail tərəfindən törədilmədiyini də qeyd edib.

Bayden deyib ki, bu zorakılıqlar Yaxın Şərqin başqa hissələrinə də yayıla bilər və ABŞ və müttəfiqləri Yaxın Şərq üçün daha yaxşı gələcək naminə birgə çalışırlar.

ABŞ prezidenti vurğulayıb ki, indiki vəziyyətdə İsrailə və Ukraynaya dəstəkdən imtinaya yol verilə bilməz.

Putini HƏMAS-la müqayisə edib

Çıxışının bir hissəsində Bayden Rusiya prezidenti Vladimir Putini radikal islamçı HƏMAS təşkilatı ilə müqayisə edib:

"HƏMAS və Putin fərqli təhlükələri təmsil edirlər, lakin onları birləşdirən bir cəhət var: Onların hər ikisi qonşuluğundakı demokratiyanı məhv etmək istəyir”.

O əlavə edib ki, Putin Ukraynanın nə vaxtsa əsl dövlət olduğunu inkar edir.

Bunun ardınca Bayden birbaşa amerikalılara müraciət edib:

“Mən bilirəm ki, bu münaqişələr bizdən uzaqdadır və təbii bir sual doğa bilər ki, bunun Amerikaya nə aidiyyəti var?”

Prezident izah edib ki, İsrailin və Ukraynanın uğurunu təmin etmək Amerikanın milli təhlükəsizliyi üçün həyati mənaya malikdir:

"Əgər biz Putinin Ukraynada hökmranlıq və nəzarət iştahını dayandırmasaq, o Ukrayna ilə kifayətlənməyəcək”.

Bayden çıxışında qeyd edib ki, İsrailin hava hücumundan müdafiəsinin təcili maliyyələşdirilməsi üçün Konqresə müraciət edəcək.

Müsəlman və yəhudi amerikalılara

ABŞ prezidenti çıxışında müsəlman və yəhudi amerikalılara müraciətlə vurğulayıb ki, ABŞ islamofobiya və antisemitizmin bütün formalarını rədd etməlidir.

Bayden çıxışının sonunda prezident Zelenskiyə və Ukraynaya dəstək üçün Kiyevə məxfi səfərindən danışıb:

"Biz indi həmişə olduğundan daha güclüyük və Amerika hələ də bütün dünyanın mayakıdır”.

Bayden vurğulayıb ki, “Amerika acıqlı siyasətçilərin ABŞ-ın məsuliyyətinin qarşısını almasına yol verə bilməz”.

O, HƏMAS-ın və Putinin qalib gəlməsinə imkan verməyəcəyini deyib.

XS
SM
MD
LG