Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:05

Qəzet Baydeni Rusiya səfirini və jurnalistlərini qovmağa çağırır


ABŞ-ın The Wall Street Journal qəzetinin Londondakı redaksiyası
ABŞ-ın The Wall Street Journal qəzetinin Londondakı redaksiyası

ABŞ-ın The Wall Street Journal qəzetinin redaksiya heyəti prezident Co Baydenin administrasiyasını jurnalist Evan Gerşkoviçin həbsinə görə Rusiyaya qarşı sərt cavab tədbirlərinə çağırıb.

The Wall Street Journal qəzeti hesab edir ki, Rusiya hakimiyyəti onun müxbirini “girov” edib və indi Vladimir Putin onun təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır.

Qəzetin redaksiya heyəti hesab edir ki, Bayden administrasiyası Rusiya üzərinə təzyiq göstərməklə Gerşkoviçin azad edilməsinə nail olmalıdır:

"Bayden administrasiyasının diplomatik və siyasi eskalasiyanı nəzərdən keçirməsi zəruridir. Rusiya səfirinin, eləcə də burda işləyən bütün Rusiya jurnalistlərinin qovulması. Ən azı belə varianta baxıla bilər”.

Evan Gerşkoviçin Lefortovaya gətirilməsi
Evan Gerşkoviçin Lefortovaya gətirilməsi

“Putin cəzasız qalacağını düşünür”

The Wall Street Journal qəzetinin redaksiyası qeyd edir ki, “görünür Putin cəzasız olaraq amerikalıları oğurlaya biləcəyini düşünür”.

Qəzetdə bu xüsusda dərc olunmuş məqalədə habelə bu yaxınlarda ABŞ və Rusiya arasında basketbol ulduzu Britni Qraynerin və silah alverçisi Viktor Butun dəyişdirilməsi yada salınır və qeyd olunur ki, bu zaman Rusiya amerikalı Pol Uilanı da qaytarmağa razılaşmamışdı.

Məqalədə habelə bu yaxınlarda Rusiya qırıcısı tərəfindən Qara dəniz üzərində “faktiki olaraq vurulmuş” ABŞ dronun məsələsinə də toxunulur.

Məqalədə deyilir:

"Bandit liderlər buna görə onlara heç nə edilməyəcəyini düşünərək öz banditliklərini davam etdirirlər”.

The Wall Street Journal hesab edir ki, Rusiyanın onun müxbirinə qarşı irəli sürdüyü ittiham tamamilə əsassızdır.

Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, guya Gerşkoviç üstündə “dəlil-sübutla” tutulub və onun işi “vicdanlı jurnalistləri” narahat etməməlidir.

Peskov məxfiliyə istinad edərək jurnalistin üstündə nə tutulduğunu deməyib.

Rusiyalı mühacir ailəsinin övladı

Gerşkoviç martın 29-da Yekaterinburqda saxlanıb. Martın 30-da onu Moskvaya gətirərək təcridxanaya yerləşdiriblər.

Rusiya rəsmiləri iddia edirlər ki, Gerşkoviç ABŞ-ın sifarişi ilə Rusiyanın hərbi sənaye kompleksinə (HSK) dair məxfi məlumatlar toplayırmış.

Gerşkoviçə martın 30-da iki ay müddətinə azadlıqdan məhrum edildiyi bildirilib.

Bu hadisə, belə görünür Ukraynada müharibə başlanandan bəri tarıma çəkilmiş ABŞ-Rusiya gərginliyini daha da artıracaq.

Hələ uşaq ikən valideynləri ilə birlikdə ABŞ-a mühacirət etmiş Evan Gerşkoviç jurnalist kimi Rusiya XİN-də rəsmi akkreditasiya olunub.

Gerşkoviç həbsindən az əvvəl yazırdı ki...

Qəzetin məqaləsində deyilir ki, bu həbs ABŞ-ı pərt etməyə və hələ də Rusiyada işləyən xarici jurnalistləri qorxutmağa hesablanıb.

Məqalə müəllifi vurğulayır ki, Rusiya yerli jurnalistləri tamamilə buxovlayıb və xarici jurnalistlər hazırda müstəqil informasiyanın yeganə mənbəyi olaraq qalırlar:

"Cənab Gerşkoviçin həbsi onun məqaləsindən bir neçə gün sonraya təsadüf edir. Çox geniş oxunan həmin məqalədə Rusiya iqtisadiyyatının tənəzzül etdiyi sənədli şəkildə qeyd olunurdu. Kreml belə həqiqətlərin açıqlanmasını istəmir”.

Gerşkoviç SSRİ dağılandan bəri Rusiyada həbs edilən ilk ABŞ jurnalistidir. Ona qarşı irəli sürülmüş ittiham 20 ilədək həbsxana cəzası nəzərdə tutur.

Jurnalistin mayın 29-dək Lefortovo həbsxanasında saxlanacağı xəbər verilib. Ona vəkili ilə görüşmək imkanı verilmir. Rusiya rəsmiləri bildirirlər ki, Rusiya hökuməti ona özü vəkil təyin edib.

Onunla hələlik ABŞ konsulluğunun nümayəndələri də görüşə bilməyiblər.

Dəyişmək ehtimalı

Bəzi təhlilçilər ehtimal edirlər ki, Gerşkoviç ABŞ-da həbsdə olan hansısa rusiyalı ilə dəyişdirilmək üçün həbs edilib.

1986-cı ildə U.S. News and World Report qəzetinin müxbiri Nikolas Daniloff (Nicholas Daniloff) DTK tərəfindən saxlanmış, rəsmi ittiham elan edilmədən 20 gün həbsdə qalmışdı.

Onu daha sonra SSRİ-nin BMT-dəki nümayəndəliyinin FTB tərəfindən həbs edilmiş bir əməkdaşı ilə dəyişmişdilər.

The WSJ qeyd edir ki, Gerşkoviçin həbsi ötən həftə ABŞ Ədliyyə Nazirliyinin Sergey Çerkasova qarşı ittihamlar irəli sürməsinə cavab ola bilər.

Rusiya vətəndaşı Çerkasov dələduzluqda və xarici agent olmaqda ittiham edilir.

XS
SM
MD
LG