Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:01

Ana: 'Deyirlər, Bayramı döyüblər. Döymək nədir? Vandalizmdir bu...'


"Heykəl məhbusu". Karikatura. Gündüz Ağayev.
"Heykəl məhbusu". Karikatura. Gündüz Ağayev.

Vəkil: “Ombudsman Aparatının əməkdaşları gələn həftə 13 saylı cəzaçəkmə müəssisəsinə getməlidirlər. Məsələni diqqətdə saxlayacaqlarını bildiriblər”.

“Bayrama olan münasibət haqsızlıqdır. Onsuz da cəzalandırılıb. Bu cinayətkardır, cinayətkar deyil, dəxli yoxdur, fakt budur ki, iş verilib, həbsdədir. Deyirlər, Bayramı döyüblər. Döymək nədir? Vandalizmdir bu. Niyə döyəsən ki bunu içəridə?” – Həbsdəki gənc fəal İlkin Rüstəmzadənin anası Atlas Hüseynova “heykəl məhbusu” kimi tanınan Bayram Məmmədovun cərimə kamerasına – karsa salınması haqda danışarkən AzadlıqRadiosu-na belə deyir.

Buna da bax: Rüfət Səfərovun “kars”a salındığı bildirilir

Vəkil Əsabəli Mustafayev məhbəsdəki gənc fəallar Bayram Məmmədov, İlkin Rüstəmzadə, Elgiz Qəhrəmanın aclıq aksiyasına başladığını bildirir. Onlar Bayram Məmmədovun saxlanma şəraitinin yaxşılaşdırılmasını, ona təzyiqlərə son qoyulmasını tələb edirlər.

İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə

İlkin Rüstəmzadənin anası Atlas Hüseynova da gənc məhbusun döyülməsinə, saxlanma şəraitinin pis olmasına etirazını bildirir. Oğlunun aclıq aksiyasına qoşulma səbəbini isə belə izah edir: “İlkin haqsızlığı götürmür. Həm də eyni təşkilatın – NİDA-nın üzvüdürlər. Heç NİDA-nın üzvü olmasa da, o, haqsızlığa qarşı çıxır. Niyə döyülməlidir Bayram? Məhkəmə iş kəsib, bu da içəridə oturub. Təzədən ona niyə əzab verirsiniz ki?”

Buna da bax: 'Gürcüstan işi' hesabatı açıqlandı

Atlas Hüseynova oğlunun aclığa başlamasına görə narahat olduğunu da gizlətmir: “Təbii ki, narahatam. Mən hələ yaxşı xəbərlər gözləyirdim, ümid edirdim ki, buraxılar, 18 oktyabrda əfv sərəncamı verilər deyə düşünürdüm. Təzədən aranın belə qarışması, aclıq aksiyasının başlaması... Təbii ki, narahatam. Özüm də xəstə adamam. Şəkərim var, təzyiqim var. Əsəbimdən ölürəm... Çox nigaranam. Vəkil deyir ki, aclığa başlayıblar. Dəqiq məlumatı şənbə günü biləcəyik, evə zəng vurmalıdır”.

Sevinc Məmmədova: “Bir tikə yemək qoyuram, düşünürəm ki, Bayram acdır...”

Bayram Məmmədovun anası Sevinc Məmmədova da oğlundan xəbər ala bilmədiyini söyləyir: “Vəkili deyir ki, artıq aclığa başlayıb. Saxlanma yeri pisdir, rütubətlidir, soyuqdur. Ona etiraz edir”.

Bayram Məmmədov (karikatura-illüstrasiya)
Bayram Məmmədov (karikatura-illüstrasiya)

Ana məyusluğunu gizlətmir: “Bu bazar günü yanına gedəcəkdik. Amma karsda olduğu üçün gedə bilməyəcəyik. Mən də həftənin əvvəlindən hazırlaşmışdım nə alım, nə bişirim, nə aparım... Bu aclıq qərarı qəflətən oldu”.

Buna da bax: Avropa Məhkəməsi hökuməti 90 min avro cərimələdi

Arada kövrələn ana “Dözə bilmirəm” deyir: “Bütün gecəni də, gündüzü də narahatam. Gecə hava soyuyanda narahat oluram, deyirəm ki, onun yeri onsuz da soyuqdur, necə dözəcək? İndi də karsdadır. Bir tikə yemək qoyuram, düşünürəm ki, Bayram acdır... Hər an beynimdədir. Valideynik də... Həm də məlumatsızıq. Deyirlər ki, beş gündür aclığa başlayıblar”.

Fikri-zikri oğlunun yanında olan ana təsəllini ona baş çəkən, zəng vuran dostlarla tapır:

“O gün jurnalist Xədicə İsmayılla danışırdıq. Dedim ki, narahatam, Bayram karsdadır, necə olacaq? Hava da soyuq. Xədicə İsmayıl mənə dedi: ‘Narahat olmayın, kars o qədər də dəhşətli yer deyil, inanın mənə, mən özüm də orda olmuşam’. Onun sözündən sonra, düzü, bir az sakitləşdim, fikirləşdim ki, o qadın xeylağı karsda saxlanılmasına, ona verilən işgəncəyə, əziyyətə dözübsə, yəqin Bayram da dözər, o kişidir, axı”.

Buna da bax:​ Acla toxun dialoqu [karikatura]

Sevinc Məmmədova oğluna dəstək məqsədilə aclıq aksiyasına qoşulduğunu bəyan edən İlkin Rüstəmzadəyə və Elgiz Qəhrəmana təşəkkürünü çatdırır.

“Min dəfə təşəkkür edirəm onlara. Onlar... Onlar bizim canımızdır. O gün oxudum ki, Elgizlə İlkin Bayrama görə ayağa qalxıblar, aclıq edirlər. Bu, Bayrama böyük dəstəkdir. Mən bir valideyn kimi onlara görə də narahatam. Min dəfə sağ olsunlar. O gün Qiyasın anası Şura xanımla danışdım. Deyir: ‘Bu gün Bayramın başına gətirilən sabah Qiyasın da başına gələ bilər, buna görə də uşaqlar etiraz edirlər, haqsızlığa qarşı çıxırlar’. Bu sözlər adamı bir az da sakitləşdirir, düşünürsən ki, yəqin bunun bir faydası dəyər uşaqlara”.

Vəkil: “Ombudsman Aparatından bildirdilər ki...”

Vəkil Əsabəli Mustafayev AzadlıqRadiosu-na deyir ki, o Bayram Məmmədovla oktyabrın 15-də cərimə kamerasından çıxdıqdan sonra görüşəcək. O, gənclərin aksiyanı davam etdirdiyini bildirir.

Əsabəli Mustafayev
Əsabəli Mustafayev

Vəkil aclıq aksiyası haqda Ombudsman Aparatına məlumat verdiyini söyləyir:

“Bu gün – oktyabrın 13-də Ombudsman Aparatı ilə əlaqə saxladım. Bildirdilər ki, Penitensiar Xidmətlə əlaqə saxlayıb maraqlanıblar, bu məsələ onların nəzarətindədir. Ombudsman Aparatının əməkdaşları gələn həftə 13 saylı cəzaçəkmə müəssisəsinə getməlidirlər. Məsələni diqqətdə saxlayacaqlarını bildiriblər”.

Buna da bax:​ Deputat: 'Azərbaycanda aclıqdan əziyyət çəkən görməmişəm'

Əsabəli Mustafayevin daha öncə dediyinə görə, oktyabrın 9-da adları çəkilən şəxslərin saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsinə rəsmi orqanlardan gələnlər olub, onlar Bayram Məmmədovla görüşüblər. Söhbəti yarıda tərk edən Bayram Məmmədov ertəsi gün 5 günlük cərimə kamerasına salınıb.

Vəkilin dediyinə görə, cərimə kamerasında Bayram Məmmədovun başı qırxılıb.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə gənclərin aclığa başlayıb-başlamaması haqda bir söz deməsə də, aclıq aksiyası keçirməkdən ötrü cəzaçəkmə müəssisəsi rəhbərliyinə yazılı müraciət edilməli olduğunu bildirib.

Məhbusların saxlanma şəraitinə gəlincə, o deyib ki, həbsə qədər kimin harada, hansı fəaliyyətlə məşğul olmasının əhəmiyyəti yoxdur, “cəzaçəkmə müəssisəsində hamıya eyni gözlə baxırlar”.

Buna da bax:​ AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olundu

XATIRLATMA

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə ötən il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edir. Özləri isə keçmiş prezident Heydər Əliyevin heykəlinə etiraz şüarı yazdıqlarına görə saxlandıqlarını bildirirlər. Onlar 10 il azadlıqdan məhrum ediliblər.

Digər fəal İlkin Rüstəmzadə 2013-cü ildə saxlanıb. Kütləvi iğtişaşların təşkilində suçlanan gənc həmin vaxt saxlanan 8 NİDA Vətəndaş Hərəkatının üzvündən biridir.

O 8 il azadlıqdan məhrum edilib. Özü ittihamları qondarma adlandırır. Sonradan onunla həbs edilənlərin hamısı azadlığa buraxılıb.

2016-cı ildə saxlanan Elgiz Qəhrəman da narkotikdə ittiham olunub, 5 il 6 ay azadlıqdan məhrum edilib. O da həbsini siyasi sifariş sayır.

Hər 3 gənc hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda yer alırlar.

XS
SM
MD
LG