Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:45

Prezident Əliyevin açılışını etdiyi iki obyektlə bağlı maliyyə qalmaqalı


Prezident İlham Əliyev Biləsuvar Gənclər Evinin açılışında.
Prezident İlham Əliyev Biləsuvar Gənclər Evinin açılışında.

Prezident İlham Əliyevin 6 il öncə Biləsuvarda lent kəsib, açılışını etdiyi Gənclər Evi və Bayraq Muzeyi ilə bağlı maliyyə qalmaqalı indiyədək sürür. Hər iki obyekti inşa edən "Perlit" şirkətinin rəhbəri Məhərrəm Ömrümov müqavilədə göstərilən pulun 450 min manatını hələ də Biləsuvar rayon İcra Hakimiyyətindən ala bilmədiyini iddia edir.

Tikinti gedişində istifadə olunmuş inşaat materiallarının satışı ilə məşğul olan sahibkar Azər İsayev də illərdir pulunu ala bilmədiyini deyir. O, bu pulu "Perlit" şirkətinin rəhbərindən istəyir.

Bu üzdən uzun müddətdir ayrı-ayrılıqda bir neçə məhkəmə çəkişməsi gedir. M.Ömrümov 450 min manatını icra hakimiyyətindən, A.İsayev isə pulunu ondan tələb edir.

Şirkət rəhbəri Şirvan Kommersiya Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinə qarşı iddia qaldırıb. O, məhkəməyə icra hakimiyyəti ilə "Perlit" arasındakı müqaviləni də təqdim edib. Gənclər Evi və Bayraq Muzeyinin tikintisi, avadanlıqların alınmasından ötrü 1 milyon 350 min manatlıq satınalma müqaviləsi 2017-ci ilin dekabrında bağlanıb.

Tikinti işləri 2018-ci ilin yayında bitib. Prezident İlham Əliyev sentyabrın 18-də həm Gənclər Evinin, həm də Bayraq Muzeyinin açılışına qatılıb və lenti kəsib.

İcra hakimiyyətində sənədlər yoxdur

M.Ömrümov iddia ərizəsində yazır ki, tikinti işləri başa çatarkən icra hakimiyyətindən ona 900 min manat veriblər, 450 mini qalıb. O, bir müddət gözləyib, pulun qalan bölümünün ödənilmədiyini görüncə, 2020-ci ilin noyabrında icra hakimiyyətinə üz tutub. Onun sözlərinə görə, pulunu ala bilməyib. Bir müddət sonra – 2020-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Biləsuvar rayon İcra Hakimiyyətində əməliyyat keçirib və icra başçısı Mahir Quliyev həbs olunub.

Bu məsələ ilə bağlı məhkəmə araşdırmaları zamanı icra hakimiyyətinə sorğu göndərilib. Sorğuya cavab gəlib ki, Biləsuvar rayon İcra Hakimiyyəti aparatının mühasibat sektorunda Bayraq Muzeyi və Gənclər Evinin tikintisindən ötrü açıq tenderlə bağlı müqavilə, "Perlit" şirkətinə ilkin olaraq 900 min manat ödənilməsi və s. haqda heç bir sənəd yoxdur.

M.Ömrümovun əlində olan 1 milyon 350 min manatlıq satınalma müqaviləsinə isə heç bir izah verilməyib.

Gənclər Evi
Gənclər Evi

Şirvan Kommersiya Məhkəməsi M.Ömrümovun icra hakimiyyətinə qarşı 450 min manatlıq iddiasını təmin etməyib. Qərarı da belə əsaslandırıb ki, icra hakimiyyəti ilə şirkət arasında satınalma müqaviləsi bağlansa da, Bayraq Muzeyi və Gənclər Evini məhz "Perlit"in tikib təhvil verməsini təsdiqləyən sübut yoxdur.

Bayraq Muzeyi və Gənclər Evini hansı şirkət tikib?

Şirkət rəhbəri bu qərardan apellyasiya şikayəti versə də, nəticə dəyişməyib. Amma iş Ali Məhkəməyə gedib çıxanda qərar fərqli olub. Ali Məhkəmə bu məsələnin yetərincə araşdırılmadığı qənaətinə gəlib və qərarında göstərib ki, aşağı instansiya məhkəmələri sözügedən binaların "Perlit" tərəfindən inşasına şübhə ilə yanaşırsa, o halda onları hansı şirkətin tikdiyinə aydınlıq gətirilməli idi: "Yerli icra hakimiyyəti orqanlarının vəzifə və səlahiyyətləri nəzərə alınarsa, Biləsuvar rayon İcra Hakimiyyətinin tikililərin kimin tərəfindən inşa olunmasından məlumatsız olması inandırıcı deyil".

Ali Məhkəmə təkrar araşdırma üçün işi Şirvan Apellyasiya Məhkəməsinə qaytarıb. Ancaq apellyasiya instansiyasının budəfəki nəticəsi də əvvəlkindən fərqlənməyib – yenə də şirkət rəhbərinin əleyhinə olub.

Düzdür, məhkəmədə dindirilən iş icraçısı Elşən Cəfərov da təsdiqləyib ki, hər iki tikilinin inşasını "Perlit" şirkəti aparıb. Onun sözlərinə görə, tikinti prosesinin sonunda bir sıra işçilərin pulları tam ödənilməyib: "Məhərrəm Ömrümov deyirdi ki, pulu icra hakimiyyətindən tam ala bilməyib. Alan kimi işçilərin qalan maaşlarını ödəyəcək".

M.Ömrümov apellyasiya məhkəməsinin qərarından yenə Ali Məhkəməyə şikayət verib. Bu dəfə Ali Məhkəmədə də onun əleyhinə qərar verilib. Hakim Kəmalə Abıyeva da qərarında yazıb ki, Bayraq Muzeyi və Gənclər Evini onun tikməsini təsdiqləyən mötəbər sübutlar yoxdur.

Bayraq Muzeyi
Bayraq Muzeyi

"İcra başçısı dedi ki..."

Bu proseslərlə yanaşı, inşaat materiallarının satışı ilə məşğul olan sahibkar A.İsayevin də "Perlit"in rəhbərinə qarşı məhkəməsi gedib. O bildirib ki, Biləsuvarda Bayraq Muzeyi və Gənclər Evinin inşasından ötrü "Perlit" şirkətinə tikinti materialları verib və materialların pulu indiyədək ödənilməyib. O, Gəncə Kommersiya Məhkəməsində 156 min manat materialların pulunu, üstəlik, gecikməyə görə də 50 min manat tələb edib: "Məhərrəm Ömrümov bildirirdi ki, icra hakimiyyətindən pulun bir hissəsini alıb. Qalan pulu alan kimi ödəyəcək. Mən dedim ki, bizim aramızda belə razılaşma olmayıb, pulu mənə sən ödəməlisən. Hətta o vaxt icra başçısı Mahir Quliyevlə də görüşdüm, Məhərrəmin dediklərini ona çatdırdım, pulun ödənilməsi üçün kömək istədim. İcra başçısı dedi ki, pulun hamısını ödəyiblər. Söz verdi ki, Məhərrəmlə danışacaq...".

Cavabdeh M.Ömrümov onun iddiasını qəbul etməyərək deyib ki, A.İsayevlə aralarında razılaşma olmayıb, tikinti materialları da keçmiş icra başçısı M.Quliyevin təkidi ilə verilib.

Məhkəmə 156 min manatlıq iddianı təmin edib və M.Ömrümovun üzərinə bu vəsaiti sahibkara ödəmək öhdəliyi qoyub.

"Materialların kimin göstərişi və ya xahişi ilə verilməsi nəticəni dəyişmir", - məhkəmə qərarını belə əsaslandırıb.

Apellyasiya instansiyası da qərarı qüvvədə saxlayıb. Ali Məhkəməyə gəlib çıxanda isə bu iş də hakim K.Abıyevanın icraatına verilib. O da aşağı instansiyanın qərarını əsaslı sayıb. Beləcə, M.Ömrümovun Bayraq Muzeyi və Gənclər Evinin inşasında istifadə olunmuş materiallara görə 156 min manat ödəməsi haqda yekun qərar çıxarılıb.

Ali Məhkəmə hakimindən ziddiyyətli qərarlar

"Perlit" şirkətinin rəhbəri Biləsuvar rayon İcra Hakimiyyətinə qarşı iddiası üzrə Ali Məhkəmənin qərarından əlavə kassasiya şikayəti verib. Ali Məhkəmənin Plenumuna verilmiş şikayətə hələ baxılmayıb. O, əlavə kassasiya şikayətində hakim K.Abıyevanın eyni məsələ ilə bağlı bir-birinə zidd olan iki qərarına diqqət çəkib. Qərarın birində Bayraq Muzeyi və Gənclər Evinin "Perlit" şirkəti tərəfindən tikilib təhvil verildiyi qəbul edilməyib, digərində isə şirkətin üzərinə həmin tikintilərdə istifadə olunmuş inşaat materiallarının pulunu ödəmək öhdəliyi qoyulub.

2020-ci il aprelin 29-da DTX-nın Biləsuvar rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs edilən M.Quliyevə külli miqdarda yeyinti, rüşvət və başqa ittihamlarla 11 il həbs cəzası verilmişdi. Bir ay öncə Ali Məhkəmə onun cəzasını 8 il 3 aya endirib.

66 yaşlı M.Quliyev 2000-ci il parlament və 2003-cü il prezident seçkilərində Səbail rayonu 18 saylı seçki məntəqəsinin sədri, ardınca 2006-cı ilədək Səbail bələdiyyəsi sədrinin müavini olub. Daha sonra 14 il ərzində iki rayonun - 2006-2011-ci illərdə Astara rayonunun, 9 il də Biləsuvarın icra başçısı vəzifəsində çalışıb.

XS
SM
MD
LG