Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:02

ABŞ dövlət katibi İlham Əliyevə zəng edib


ABŞ dövlət katibi Entoni Blinken (solda) və Azərbaycan prezidenti İlham Əliyev
ABŞ dövlət katibi Entoni Blinken (solda) və Azərbaycan prezidenti İlham Əliyev

ABŞ dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları, bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb.

Mayın 11-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Həmin məlumata görə, ABŞ dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları, bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Açıqlamaya görə, Entoni Blinken həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Məlumata görə, prezident İlham Əliyev də Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və onların bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib.

“Prezident İlham Əliyev həmçinin Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən etdiyini diqqətə çatdırıb və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib ” - məlumatda qeyd edilir.

Məlumata görə, söhbət əsnasında iki ölkə arasında dialoqun artırılması imkanlarına, Azərbaycanda demokratikləşmə prosesinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası komissiyanın rolu xüsusilə qeyd edilib.

ABŞ-ın bu söhbət barədə məlumatı

İlham Əliyevlə Entoni Blinken arasında telefon söhbəti barədə Dövlət Departamentinin sözçüsü Ned Prays da məlumat verib.

Məlumatda deyilir ki, dövlət katibi və prezident Əliyev son vaxtlarda yaranmış pozitiv məqamı və Cənubi Qafqazda, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması və qalan erməni məhbusların qaytarılması da daxil sülh yolunda atılmalı olan növbəti addımları müzakirə ediblər:

“Dövlət katibi Blinken bir daha təkrar edib ki, Birləşmiş Ştatlar istər ikitərəfli əsasda, istərsə də ATƏT--in Minsk qrupunun həmsədrləri də daxil eyniməramlı başqa partnyorlarla birlikdə iki ölkəyə davamlı və hərtərəfli sülhə nail olunmasında dəstək verməyə hazırdır”.

Praysın sözlərinə görə dövlət katibi habelə insan haqlarına və təməl azadlıqlara ehtiramın artırılmasının mühümlüyünü vurğulayıb.

Blinken həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynayacağı mühüm rolu təqdir edib.

Azərbaycanın 5, Ermənistanın 6 təklifi

Azərbaycan bu ilin mart ayının əvvəllərində Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinspi təqdim etdiyini açıqlamışdı.

Onlar dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən etmək və nəqliyyat əlaqələrini bərpa etməklə bağlı olub.

Bugün, mayın 11-də Hollandiyada səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan isə deyib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

O da bildirib ki, Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı öz ideyalarını təqdim edib.

Baş nazirin fikrincə, bu təkliflərdə onlar üçün qəbuledilməz olan heç nə yoxdur, lakin təkliflər bütün məsələləri əhatə etmir.

Paşinyan deyib ki, onlar təhlükəsizlik məsələlərini, Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və Dağlıq Qarabağın yekun statusunu gündəmə gətiriblər.

Ceyhun Bayramov necə izah etmişdi

Mayın 10-da isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov onların 5 prinsiplərinə cavab olaraq Ermənistanin 6 təklifindən bəhs etmişdi.

Onun deməsinə görə, Ermənistan tərəfi danışıqlara hazırdır və bu danışıqları təşkil etmək üçün Minsk qrupunun həmsədrlərinə müraciət edir.

Nazirin vurğulamasına görə, bu, o zaman baş verir ki, Ukrayna hadisələri fonunda Minsk qrupunun həmsədrləri arasında heç bir əlaqə mövcud deyil: “Demək olar ki, bu qrup iflic vəziyyətdədir”.

ATƏT-in Minsk qrupu uzun illər Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda vasitəçi olub, ABŞ, Rusiya və Fransa qurumda həmsədrdirlər.

Ötən ay iki ölkə arasında danışıqlar Avropa İttifaqının vasitəçiliyi ilə aparılmışdı.

Aprelin 6-da Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmüşdü.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakilə keçirilən görüşdə tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunmuşdu.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ötən il isə tərəflər arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpa edilməsi ilə bağlı daha iki bəyanat imzalanmışdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG