Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:20

Putin deyir ki, söhbət NATO-nun münaqişədə birbaşa iştirakından gedir


Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin deyib ki, Kiyevə uzaqvuran silahlarla Rusiya ərazisinə zərbələr endirilməsinə icazə verilməsi NATO və Avropa dövlətlərinin müharibədə birbaşa iştirakı kimi qiymətləndiriləcək.

Sankt Peterburqda jurnalistlərin suallarına cavab verən Putin deyib ki, NATO ölkələri hazırda sadəcə olaraq uzaqvuran silahlardan istifadə edilməsinə icazə verilməsini deyil, həm də əslində münaqişəyə özlərinin birbaşa qoşulub-qoşulmaması məsələsini müzakirə edirlər.

Rusiya prezidentinin sözlərinə görə “bu raket sistemlərinə uçuş tapşırıqları texniki baxımdan yalnız NATO ölkələrinin hərbi qulluqçuları tərəfindən verilə bilər”.

Putin habelə qeyd edib ki, “Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı, onun xarakterini dəyişmiş olur":

"Beləliklə Rusiya yaranmış təhdidlərdən çıxış edərək qərarlar qəbul etməli olacaq”.

Polşadan da eyni çağırış

Sentyabrın 12-də ABŞ dövlət katibi Antoni Blinken Varşavaya səfər edib. Orada da rəsmilər ABŞ-ı Ukraynaya uzaqvuran silahlardan Rusiya ərazisinə zərbələr endirilməsi üçün icazə verilməsinə çağırıblar.

Blinkenlə görüş zamanı Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib ki, Moskva Ukraynada mülki obyektlərə hücumlar etməkdə hərbi cinayətlər törədir və belə olan surətdə Kiyevə Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmaq icazəsi verilməlidir.

Sentyabrın 13-də Vaşinqtonda prezident Co Baydenlə Britaniyanın baş naziri Kir Starmer görüşməlidir.

ABŞ dövlət katibi Antoni Blinken, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Kiyevdə Xarici İşlər Nazirliyində birgə mətbuat konfransında
ABŞ dövlət katibi Antoni Blinken, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Kiyevdə Xarici İşlər Nazirliyində birgə mətbuat konfransında

Blinken və Lemmi Kiyevdə nədən danışdılar

ABŞ dövlət katibi Antoni Blinken (Antony Blinken) britaniyalı həmkarı Devid Lemmi (David Lammy) ilə sentyabrın 11-də Kiyev səfəri zamanı Ukraynaya yeni yardım paketləri açıqlayıblar. Ukrayna Qərb müttəfiqlərinə təsir göstərir ki, Rusiyanın dərinliklərini vurmaq üçün uzaqmənzilli silahlardan istifadəyə qadağaları qaldırsınlar.

Blinken və Lemmi deyiblər ki, münaqişə "kritik" nöqtəyə çatıb. Bu arada Rusiya qüvvələri Ukraynanın şərqi Donetsk vilayətinə, Ukraynanın şəhərlərinə raketlər, idarə olunan aviabombalar, dronlarla hücum edir.

Blinken Ukraynaya 700 milyon dollardan çox yardım açıqlayıb, bunun böyük hissəsi ölkənin energetika şəbəkəsini gücləndirməyə gedəcək. Lemmi isə bildirib ki, ölkəsi 600 milyon funt-sterlinqi (782 milyon dollar) yardım və kredit təminatı formasında ayıracaq.

Rusiya Kurskda əkshücuma keçir

Blinken və Lemmi Polşadan qatarla Kiyevə çatdığı bir vaxtda gələn xəbərlərə görə, Rusiya qüvvələri Kursk vilayətində Ukrayna əsgərlərinə hücum edərək əraziləri geri almağa başlayıblar. Təxminən bir ay öncə Ukrayna Rusiyanın Kursk vilayətinə qəfil hücum etmişdi.

Ukrayna prezidenti Volodimir Zelenski aylardır Kiyevin müttəfiqlərini çağırır ki, Rusiya ərazisinin dərinliklərini vurmaq üçün Qərb silahlarından istifadəyə icazə versin. Bu silahlara ABŞ-ın ATACMS, Britaniyanın "Storm Shadow" silahları daxildir. Kiyevin məqsədi Moskvanın hücum qabiliyyətini məhdudlaşdırmaqdır.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib ki, o, Zelenski ilə birlikdə Blinken və Lemmi ilə "detallı və məhsuldar" danışıqlar aparıb. Sibiqanın birgə mətbuat konfransında dediyinə görə, iki həmkarı ilə silahların və havadan müdafiə sistemlərinin təchizatını müzakirə edib.

Bayden Starmer ilə görüşəcək

ABŞ prezidenti Co Bayden (Joe Biden) sentyabrın 10-da deyib ki, administrasiyası məhdudiyyətləri qaldırmaq üzərində işləyir, amma detalları açıqlamayıb.

Blinkenin dediyinə görə, Zelenski ilə raketlər barədə müzakirələri haqda Vaşinqtona qayıdan kimi Baydeni bilgiləndirəcək. Bayden sentyabrın 13-də Britaniyanın baş naziri Kir Starmer ilə görüşməlidir. "Onlar şübhəsiz görüş zamanı bu məsələdən danışacaqlar", - Blinken söyləyib.

"The Guardian" qəzeti isə yazıb ki, Britaniya Ukraynaya "Storm Shadow" qanadlı raketlərindən istifadə edərək Rusiyanın dərinliklərini vurmağa icazə verib, amma bunu rəsmən elan etməyəcəklər. Qəzet bunu Britaniya hökumətindəki mənbələrə istinadla yazıb. Mənbənin dediyinə görə, "Storm Shadow" ilə bağlı müsbət qərar olmasaydı, Blinken və Lemminin Kiyevdə Zelenski ilə görüşü baş tutmazdı. "The Guardian" qeyd edir ki, Lemmi Kiyevdə verilən qərarı açıq elan etsəydi, bu, aşırı provokativ səslənərdi. Məlumata görə, Kiyevin raketdən istifadəsinə məhdudiyyətlər qoyula bilər ki, "ehtiyatsız və gərəksiz hücumlardan qaçılsın".

XS
SM
MD
LG