Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:31

Aİ yenə Əliyevin Ermənistana ərazi iddialarından narahatlıq bildirir. XİN-in cavabı


Jozep Borrel
Jozep Borrel

Avropa İttifaqının (Aİ) xarici siyasət rəsmisi yanvarın 22-də Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana qarşı ərazi iddialarından ciddi narahatlıq bildirib.

"Azərbaycanın Ermənistanla substantiv sülh və normallaşdırma danışıqlarına qayıtmalı olması məsələsində həmfikirik", - Aİ üzvlərinin xarici işlər nazirlərinin iclasına sədrlik edən Jozep Borrel (Josep Borrel) deyib. İclasda Azərbaycan-Ermənistan münaqişəsi də müzakirə olunub.

"Prezident Əliyevin son ərazi iddiaları çox narahatedicidir, Ermənistanın ərazi bütövlüyünün istənilən formada pozulması qəbuledilməzdir, Azərbaycanla münasibətlərimizə ciddi təsirləri olacaq", -- Borrel Brüsseldə mətbuat brifinqində deyib.

Azərbaycan XİN
Azərbaycan XİN

XİN-in cavabı

Prezident Əliyev bu ayın əvvəlində yerli telekanallara müsahibəsində deyib ki, Ermənistan Azərbaycanın Naxçıvan eksklavına marşrutu açmasa, Ermənistanla heç bir yerdə sərhəd açılmayacaq. Əliyev Ermənistanın Azərbaycanın səkkiz kəndindən çıxmasını tələb edib, Yerevanın sərhədlərin delimitasiyasında son sovet xəritələrindən istifadə təklifini rədd edib.

Azərbaycan XİN isə Borrelin iddialarını "əsassız" adlandıraraq rədd edib.

"Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir", - XİN-in sözçüsü Ayxan Hacızadənin şərhində deyilir. Onun sözlərinə görə, Aİ təmsilçisi Azərbaycan prezidentinin tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif edir, Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır.

Borrel birinci dəfə deyil xəbərdarlıq edir

Borrel ötən ilin noyabrında da Bakıya oxşar xəbərdarlıq edərək demişdi ki, "Ermənistanın ərazi bütövlüyünü istənilən şəkildə pozmaq qəbuledilməz sayılacaq, münasibətlərimizin keyfiyyətinə ciddi təsirləri olacaq".

Ötən il prezident Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan ilə Aİ-nin planlaşdırdığı iki görüşə getməyib. Xarici işlər naziri Ceyhun Bayramov isə noyabrın 20-də Vaşinqtonda ermənistanlı həmkarı ilə görüşdən imtina edib.

Bakı Qərbi ermənipərəst mövqedə günahlandırır, Yerevanla birbaşa danışıqlarda israr edir. Ancaq, eyni zamanda, Naxçıvana Ermənistan ərazisindən keçməsi planlaşdırılan marşruta Rusiyanın nəzarət etməli olduğunu bildirir.

Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa etsə də, tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya və demarkasiya olunmayıb.

XS
SM
MD
LG