Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:35

Britaniyalı deputat: ''Azərbaycanın pulyuyan maşını' göstərdi ki...'


Britaniya parlamenti
Britaniya parlamenti

«Britaniya dünyada hər bir kleptokratın, dələduzun və despotun seçdiyi ölkədir», - Böyük Britaniyanın Leyboristlər Partiyasından parlament üzvü Margaret Hodge belə deyib.

«DAVAMLI QEYRİ-ŞƏFFAFLIQ»

«The Guardian» qəzetinin yazdığına görə, deputat bunları bu yaxınlarda Azərbaycan hökumətinin idarə etdiyi çirkli pulyuma mexanizmini üzə çıxarmış araşdırmayla bağlı deyib. Araşdırmanı həmin qəzet, OCCRP jurnalistika layihəsi və media tərəfdaşları aparıb.

Xanım Hodge parlamentdə bildirib ki, Böyük Britaniya özünü «bütövlük, sayqı və etibarlılıq ölkəsi» sayırdı. Amma Azərbaycan, Rusiyanın, eləcə də ofşor sənayenin iştirakıyla son pulyuma qalmaqalları göstərdi ki, bu özünəinam qüsurludur.

İctimai hesabatlılıq komitəsinin keçmiş sədri olan Hodge oktyabrın 19-da parlamentin növbədənkənar iclasında danışıb. O, deputat həmkarlarına söyləyib ki, Böyük Britaniyanın korporativ strukturlarından genişmiqyaslı cinayətlər, vergidən yayınma və rüşvətxorluqda istifadə edirlər.

***Buna da bax-2.9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

Onun sözlərinə görə, bu, bir səbəbdən baş verir – hökumət «davamlı qeyri-şəffaflıq»la bağlı heç bir tədbir görmür.

TƏHLÜKƏSİZ SIĞINACAQ

«Biz çirkli pulun təhlükəsiz sığınacağına çevrilmişik. Sənaye səviyyəsində pulyumaya, vergidən yayınmaya imkan veririk. Bizim korporativ qaydalarımız və zəif tənzimləmə çərçivəmiz dələduzlara hədiyyədir», – xanım parlamentari söyləyib.

«Pulyuyan maşın» araşdırması üzə çıxarıb ki, 2012-2014-cü illərdə Azərbaycandan 2.9 milyard dollarlıq vəsait dörd Böyük Britaniya şirkəti vasitəsiylə çıxarılıb, Avropadakı lobbiçilərə ödənişlər edilib, mənimsənilib.

«Bu pul avropalı siyasətçilərə, lobbiçilərə rüşvətə xərclənib, həm də Azərbaycan prezidenti İlham Əliyevin, onun ailə üzvlərinin, dostlarının cibini doldurub. Pulun bir qismi də özəl məktəb xərclərinə gedib», – Hodge söyləyib.

***Buna da bax-İlham Əliyevin övladlarının London mülkləri də əldən çıxa bilər [video]

Bu ilin əvvəlində oxşar sxemlə Moskvadan 20 milyard dolların çıxarıldığı aşkarlanmışdı. «Panama Sənədləri» adlı araşdırma Britaniyanın Vircin adalarının beynəlxalq cinayət və vergidən yayınma mexanizmindən rolunu ortaya qoymuşdu.

DİGƏR DEPUTATLAR DA DİLƏ GƏLİB

Leyboristlər Partiyasından deputat Rupa Huq deyib ki, keçmiş baş nazir David Cameron korrupsiyayla mübarizə aparmağa, ölkədə daşınmaz əmlak reyestrini tətbiq etməyə çalışırdı ki, mülkiyyətçi benefisiarlar bilinsin. Ancaq parlamentarinin sözlərinə görə, Dauninq Strit ölkənin AB-dən çıxmasını- «Brexit»i bəhanə edərək bu təşəbbüsləri arxivə gömdü.

Biznes naziri Margot James deyib ki, hökumət islahatlarla cinayətkarların Britaniya şirkətlərindən yararlanmasını önləməyi nəzərdən keçirir. Nazir deyib ki, «Azərbaycanın pulyuyan maşını»nda istifadə olunan Şotlandiya şirkətləriylə bağlı «ciddi narahatlıqlar» var.

Azərbaycan rəsmiləri OCCRP-nin «Azərbaycanın pulyuyan maşını» araşdırmasını qərəzli və əsassız hesab edirlər. Rəsmilər bəyan ediblər ki, orada əks olunan məsələlərin nə dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyəti var. Hakimiyyət təmsilçilərinin fikrincə, bu araşdırma erməni lobbisinin və Azərbaycanı sevməyən, onun uğurlarını qısqanan qüvvələrin sifarişi ilə hazırlanıb.

XS
SM
MD
LG