Erməni qüvvələrinin tankları yandırılıb
Azərbaycanın Müdafiə Nazirliyinin aprelin 5-də yaydığı rəsmi məlumatda deyilir ki, Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar. Nazirliyin yaydığı video.
20 ölü, 26 itkin, 72 yaralı
Separatçı Dağlıq Qarabağ rejiminin «Müdafiə nazirliyi» son toqquşmalarda itkilərlə bağlı yeni məlumat açıqlayıb.
Məlumatda aprelin 1-dən bu yana baş verən toqquşmalarda 20 Ermənistan hərbçisinin həlak olduğu, 72 nəfərin yaralandığı bildirilir.
Bundan başqa, 26 hərbçinin itkin düşdüyü xəbər verilir.
Separatçı rejim, həmçinin, Ermənistan tərəfinin 7 tank itirdiyini etiraf edir.
Şimal və cənubda ümumilikdə 8 post itirdiyini, Azərbaycan ordusunun 300 metr irəlilədiyini deyir.
Azərbaycan daha bir itki verdi
Bakı cəbhə xəttində daha bir itki verməsi barədə açıqlama yayıb. Aprelin 2-dən cəbhədə ölən azərbaycanlı hərbçilərin sayı 16-ya çatıb.
16 yaşlı qız həlak oldu
APA-nın xəbərinə görə, bu gün (5 aprel) səhər Tərtər rayonunun Həsənqaya kəndinə mərmilər düşüb.
Mərminin evə düşməsi nəticəsində 16 yaşlı Turanə Həsənova ölüb.
Məlumata görə, Kəlbəcər rayonundan məcburi köçkün olan Həsənovlar ailəsi Həsənqaya kəndində məskunlaşıb.