Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:04

80 yaşlı əlil: 'İşıqçılar gecəyarı həyətə soxuldular...'


Elektrik dirəyi.
Elektrik dirəyi.

“Gecəyarı soxuldular həyətə, dirəkdən evə gələn 50 metrlik işıq kabelini kəsib özləriylə apardılar. Mane olmaq istədim, itələyib yıxdılar yerə...”

Cəlilabadın Məlikqasımlı kənd sakini, 80 yaşlı Səmədulla Kərimov AzadlıqRadiosu-na danışır ki, noyabrın 2-dən 3-nə keçən gecə saat 2 radələrində yerli işıq idarəsinin 6-7 işçisi qəfil həyətə giriblər. Dirəkdən mənzilə qədər uzanan işıq xəttini kəsiblər. Ev sahibi mane olmaq istəyəndə itələyib yerə yıxıblar. Kəsdikləri kabeli özləriylə aparıblar:

“BU, QANUNSUZ XƏTT DEYİL”

“Mən və 65 yaşlı həyat yoldaşım – hər ikimiz birinci qrup əlilik. Bir neçə xəstəlikdən əziyyət çəkirik. 7-8 nəfərin həyətə qəfil basqınından 10 gündən çox keçsə də, hələ də özümüzə gəlməmişik”.

Buna da bax:​ ‘Kerosini kəsiblər, qaz xətti də yoxdur, fermada donuruq’

Səmədulla Kərimovun deməsinə görə, hələ 2012-ci ildə yerli işıq idarəsinin işçiləri ünvandakı əlavə işıq xəttinə görə onu cərimələyib:

“4 il öncə 400 manat cərimələdilər. Halbuki, özləri də yaxşı bilirdi ki, o xətt, sadəcə, əlavə xətt idi, qanunsuz deyildi. Bu xətdə işıq sönəndə, o biri xətti sayğaca birləşdirirdik. Sayğacdan kənar istifadə etmirdik. Kənddə indinin özündə də çoxunda belə xətt var. Ancaq müfəttişlərə rüşvət vermədiyim üçün mənə akt yazdılar. Təqaüdçü, əlil adamam. Aydın məsələdir ki, təqaüdüm heç dərmanlarıma, çörəyimə çatmır. O boyda cəriməni necə ödəyim? Ayda zülmlə pensiyamdan kəsib 20-30 manat işıqpulu ödəyirəm. Neçə vaxtdır gəlib-gedirdilər, cəriməni ödəməyi tələb edirdilər. O gecə də basqınçı kimi həyətə soxuldular. Gör bunlar nə qədər özbaşınadılar ki, vətəndaşın həyətinə gecə saat 2-də soxulub işıq kabelini kəsib aparırlar”.

“SAHƏ MÜVƏKKİLİNİ DƏ SAYMIRLAR”

Səmədulla Kərimov işıq idarəsinin işçilərinin gecə gəlmələrinin səbəbini də açıqlayır. Deyir, hər dəfə pensiya vaxtı çatanda idarə işçiləri qapını kəsdirir ki, ondan 4 il əvvəl kəsilmiş cəriməni hissə-hissə ala bilsinlər, ya da işıq xəttini kəssinlər. O isə qapıdan qovur. Ona görə də bu dəfə “gecə qara, cücə qara” deyib gəliblər.

Buna da bax: Sakinlər: «Mişkireyndən qaçırıq»

Ev sahibi baş verənlərlə bağlı Cəlilabad polisinə şikayət edib:

“Sahə müvəkkili gedir işıq idarəsinə, heç onu da saymırlar. Nə aləmdirsə, polis işıq idarəsinin işçilərinə izahat yazdıra bilmir”.

“QANUNSUZLUQDUR”

Cəlilabad rayon polis şöbəsindən “Qaynar xətt”ə bildirilib ki, Səmədulla Kərimov şöbəyə ərizəylə müraciət edəndən sonra araşdırmalara başlanıb. Ancaq şöbədən araşdırmanın detalları ilə bağlı məlumat verilməyib.

Cəlilabad rayon işıq idarəsindən bildiriblər ki, rəhbərliyin bu barədə heç bir bilgisi yoxdur: “Polisə müraciət olunubsa, yəqin ki, polis məsələni araşdırır, nə sualınız varsa, polisdən soruşun”.

Hüquqşünas Vaqif Alıyev deyir, qanun iş saatı bitdikdən sonra vətəndaşı narahat etməyə yol vermir: “Qeyri-iş saatlarında, qeyri-iş günlərində vətəndaşı kommunal borclara görə narahat etmək qanunsuzluqdur və özbaşınalıqdır. Gecəyarı vətəndaşın yaşadığı mülkə soxulub onun mülkiyyətinə daxil olan işıq xəttini kəsib aparmaqsa cinayətdir”, – hüquqşünas bildirir.

Buna da bax:​ "Transformatorun başına qapaz vura-vura işlədirik"

Hüquqşünas Səmədulla Kərimova polisdən əlavə, həm də mənzil hüquqlarının pozulması ilə bağlı məhkəmədə iddia qaldırmasını tövsiyə edir: “Qanunsuz mənzilə daxil olmaq vətəndaşın mənzil hüququnun pozulmasıdır”, – hüquqşünas əlavə edir.

XS
SM
MD
LG