Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:46

Ceyms Niksi: 'Qərb Ukraynanın uduzmasını da istəmir, udmasını da'


Ukrayna əsgəri Donetsk vilayətinin cəbhə xətti yaxınlığında Amerikanın "M777" haubitsasından istifadə edərək Rusiya mövqelərini atəşə tutur.
Ukrayna əsgəri Donetsk vilayətinin cəbhə xətti yaxınlığında Amerikanın "M777" haubitsasından istifadə edərək Rusiya mövqelərini atəşə tutur.

Rusiyanın xarici siyasətinin aparıcı mütəxəssislərindən sayılan Ceyms Niksi (James Nixey) Londonda fəaliyyət göstərən "Chatham House" araşdırma institutunun Rusiya və Avrasiya proqramına rəhbərlik edir. Rusiyanın digər postsovet dövlətləri ilə münasibətlərini araşdıran Niksi bu yaxınlarda AzadlıqRadiosu gürcü xidmətinin əməkdaşı Vaja Tavberidzeyə geniş müsahibəsində Ukrayna müharibəsinin "dondurulmuş" münaqişə olacağına inanmadığını söyləyib:

"Söz yox, Ukraynanın [döyüş meydanında] tam yenilməsi də mümkündür. Ancaq hətta bu halda da tam tabe etdirilmiş Ukraynanı təsəvvür etməyə çətinlik çəkirəm. Axı onlar rəsmən məğlub olsalar da, aramsız partizan savaşı ilə düşmənə ard-arda zərbələr vuracaq.

…Biz bu müharibəni aparmağın Rusiya üçün nə qədər çətin olduğunu da görməzdən gəlməməliyik. … Düzdür, biz də bunu get-gedə daha da çətinləşdirməliyik".

"…[Münaqişə] 2014 və 2022-ci illər arasındakı kimi dondurulmuş hala gələ bilər. Ancaq biz açıq-aydın bilirik ki, Rusiyaya təkcə Krım yetərli deyil. …Biz NATO üzvlüyündən, hətta Aİ üzvlüyündən imtina haqda danışsaq, bu, Rusiyanın nüfuz dairəsini üstüörtülü qəbul etmək deməkdir. Bu da… Mənim, sadəcə, Qərb siyasətçilərinə inamım yoxdur…", - yenə Niksinin sözləridir..

"O halda siz gerçək dünyada yaşamırsınız"

Niksi Putinin Monqolustana səfəri zamanı Beynəlxalq Cinayət Məhkəməsinin qərarı əsasında həbs edilməməsi ətrafındakı diskussiyalara da toxunub: ""Bu, beynəlxalq hüquqa təhqirdir" deyən bir çox Qərb şərhçi və ekspertinin sadəlövhlüyü insanı heyrətə gətirir. Gerçəkdənmi kimsə Ulan-Batorun Vladimir Putini həbs edəcəyini gözləyirdi? O halda siz gerçək dünyada yaşamırsınız. Yəni, bu qəribədir. Əlbəttə, Monqolustan yox, Rusiya beynəlxalq hüquqa təhqir sayılmalıdır".

Niksi Ukrayna müharibəsinin son nəticədə dondurulmuş münaqişəyə çevrilməsi ehtimalı haqda bunları deyib: "…Mənə elə gəlir, Ukrayna müharibəsi tam… unikal vəziyyətdir və, təəssüf ki, ondan geriyə dönüş yoxdur. 2014-cü il? Krım, Donbas, - bunlar dondurula bilən idi. Mən bu qədər insanın öldüyü, sistemin bu qədər çalxalandığı, Rusiyanın bütün resurslarını artıqlaması ilə ortaya qoyduğu bir durumda insanların həyatlarına davam edəcəyini görə bilmirəm. Bu, yəqin ki, münaqişəni dondurmağı çətinləşdirəcək. Düşünürəm ki, işlər daha qızğın getdiyindən onu dondurmaq da daha çətindir.

Başqa sözlə, mən, sadəcə, bunu görmürəm. Mən, sadəcə, Ukraynanın tam tabe etdirilməsini və indiki status-kvoya, az-çox, qane olmasını təsəvvür edə bilmirəm. Bəlkə, mənim xəyal gücüm yetərsizdi, ancaq bunun necə tərəfləri qane edəcək şəkildə baş verəcəyini görmək asan deyil. Bu, Zelenski üçün siyasi baxımdan riskli olardı. Əgər Zelenski Rusiyanın bütün tələblərinə tabe olsa idi, bu onun sonunu gətirərdi".

Ceyms Niksi
Ceyms Niksi

Qərbin hazırda Ukraynada nəyə nail olmaq istədiyi ilə bağlı vahid strateji baxışa toxunan Niksi deyib ki, Qərbin gücünü toparlaması, gerçək planla işləməsi və bu savaşda qalib çıxmağa qərarlı olması arzulanandır. Axı bu, ən müxtəlif problemlərin çözümünə kömək edərdi: "Ancaq Qərb bunu etmir, mənim etirazım da bunadır. Biz, sadəcə, yetəcək qədər iş görürük, … pis iş görmürük, …ancaq işi yetərincə yaxşı da görmürük".

"Onlar şeytan deyillər, ancaq mələk də deyillər"

"Ancaq son nəticədə bu da bir gerçəkdir ki, Bayden administrasiyası və çox güman, [Demokrat Partiyasının prezidentliyə namizədi Kamala] Harrisin administrasiyası - əgər olacaqsa – Rusiyanın məğlubiyyəti fikrinə çox da rahat yanaşmır. Onlar bunun anarxiyaya, nüvə silahlarına nəzarətin zəifləməsinə, nüvə silahlarının yayılmasına, vətəndaş müharibəsinə, nəzarət edə bilmədikləri şeylərə səbəb olacağından gerçəkdən rahatsızdırlar. Onlar bu müharibəyə nəzarət edə bilmək istəyirlər. Rusiyanın məğlubiyyəti isə nəzarət edilə bilən bir şey deyil, axı gerçəkdən də heç birimiz bunun necə bitəcəyini bilmir.

Mənə elə gəlir, bu, bir çox mənada yanlışdır, axı artıq ən pis ssenarinin içindəyik; Ukrayna işğal edilə bilər. Ancaq məncə, əsl çirkli və narahatlıq doğuran həqiqət budur ki, Ukrayna …qurban verilə bilər. Mən demirəm ki, onlar Ukraynanı qurban vermək istəyirlər. … Onlar şeytan deyillər, ancaq mələk də deyillər. Yəni problem ondadır ki, indi biz hər iki dünyanın ən pis tərəflərini görürük. Bu, dondurulmuş münaqişənin olmadığı, müddəti uzadılmış münaqişənin olduğu narahat durumdur. Çünki biz onu [Ukraynanı] əldən vermək istəmirik, biz onun udmasını da istəmirik, uduzmasını da istəmirik. Bu da iflicə səbəb olur".

"…Bu "yeni normallığın içində" ortada qaynar savaş var və maraqlıdır ki, onu yayılmadan bir yerdə saxlamaq mümkün görünür. Bu müharibə Moldovaya, Baltik dövlətlərinə və hətta Gürcüstana belə yayılmır. Siyasətçilərin "indi və burada" prinsipi ilə necə RAHAT davrandığı maraqlıdır, elə deyilmi? Axı bu, onların içində yaşadığı varoluşdur və onlar, demək olar, hər hansı dəyişiklikdən təlaşlanırlar. Bilirsiniz, hətta [Britaniyanın keçmiş Baş naziri Marqaret] Tetçer də Almaniyanın birləşməsini istəmirdi. Biz bunu sənədlərdən bilirik. Çünki o bunun nə ilə nəticələnəcəyini anlamırdı, yaxud bilmirdi…

Bu, sadəcə, siysətçilərin köklü dəyişikliyi nə dərəcədə istəməməsini göstərən bir misaldır. Onlar hər hansı bir şeyin onların balaca dünyalarını çalxalandıra biləcəyi fikrindən narahat olurlar. Təəssüf ki, bu da iflicə, narazılığa və acı durumun uzanmasına yol açır.

ABŞ prezidenti Co Bayden və ukraynalı həmkarı Volodimir Zelenski
ABŞ prezidenti Co Bayden və ukraynalı həmkarı Volodimir Zelenski

Yuxarı səviyyələrdə problem var

Estoniya, yaxud Finlandiya prezidentlərinin və başqa düşünə bilməyən adamların idarəçiliyindən qaynaqlanan problem var. Çünki onlar dünyadakı starus-kvoya görə qat-qat daha çox narahatdırlar. Onlar tarixi və indiki riskləri cəbhə xəttindəki ölkələr qədər görmürlər. Burada tam fərqli düşüncə tərzi var. Əlbəttə, Lissabonda və Tallində yaşayan adam tam fərli mənzərələri görür. Mən bunu anlayıram, sadəcə, təəssüf ki, biz Lissabonu Tallini dinlədiyimiz qədər dinləməməliyik, ancaq dinləyirik", - Niksi belə deyir.

"Əgər indi Ukraynaya F-16 döyüş təyyarələrinin verilməsinə baxsaq, onlardan istifadəyə hansı məhdudiyyətlərin qoyulduğunu hələ də bilmirik. Özəlliklə Rusiyanın Ukrayna sərhədi yaxınlığında hava bazaları tikməsi fonunda. Amerikalılar bu təyyarələrdən istifadə etməyə icazə verir, ya yox? …Bilirsiniz, biz daha yaşlı vaxtımızda geriyə baxanda Bayden administrasiyası yaxşı görünməyəcək. Tarix Obamanı müsbət dəyərləndirmədiyi kimi, bunu da müsbət dəyərləndirməyəcək…

Məndə belə bir şübhə var ki, …biz …gücünü ortaya qoymadığı üçün bu administrasiyanı barmaqla göstərəcəyik. O (ABŞ), Çinin özü də daxil, dünyadakı hər hansı başqa ölkədən qat-qat daha güclüdür. Ancaq o bu gücdən yararlanmaq istəmir. Rusiya isə, tam tərsinə, güclü ölkə deyil, ancaq əlinə keçən bütün gücdən faydalanır. Fərq də bundadır. Bu üzdən, Rusiyanın gücünü maksimum ortaya qoyması Amerikanın öz gücünü minimal səviyyədə ortaya qoyması fonunda daha böyük görünür", - Niksinin baxışıdır.

XS
SM
MD
LG