Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:03

Çin Ukrayna ilə bağlı Rusiya deyəni deyir...


Kiyevdə heykəli mümkün atəşdən qoruma tədbirləri görülür
Kiyevdə heykəli mümkün atəşdən qoruma tədbirləri görülür

Onlayn və sosial mediada Ukraynaya rəğbət, dəstək də ifadə edilir, amma Moskvanın tənqidinə imkan verilmir

Dünya mediası Ukraynanın mühasirədə olan şəhərlərindən minlərlə insanın humanitar dəhlizlərlə çıxdığını göstərəndə Çində izləyicilərə ukraynalılara yardım aparan Rusiya konvoylarını göstərilirdi. AzadlıqRadiosu-nun əməkdaşı Reyd Stendiş Çində medianın Rusiyanın Ukraynaya qarşı müharibəsini Kremlin nöqteyi-nəzərindən işıqlandırmasından yazır.

Rusiya əsgəri necə göstərilir

Kommunist Partiyasının rəsmi orqanı olan “Xalq Qəzeti” martın 9-da populyar “Weibo” sosial media platformasında bir video yerləşdirib. Videoda Rusiyanın Xarkov kənarındakı ukraynalılara humanitar yardım çatdırdığı görünür. Rusiya sərhədi yaxınlığında yerləşən Xarkov fevralın 24-də Moskvanın işğalı başlayandan artilleriya və raket atəşi altındadır. Bu video 3 milyondan çox baxış yığıb.

Yaxud Çinin Phoenix TV-sinin Moskva müxbiri mühasirədə olan Mariupol şəhəri yaxınlığında rusiyalı əsgərlərlə danışır, onlar necə irəlilədiklərindən bəhs edirlər, guya Rusiya əsgərlərini qarşılayan sakinlər danışırlar.

Ukraynada müharibə başlayandan Çində sərt nəzarət altında olan media, senzuradan keçən internetdə dinc sakinlərin ölümlərindən, dünyanın Moskvanın hərəkətlərini pisləməsindən söz açılmır. Rusiyada dövlətin dəstəklədiyi şəbəkələrdən, Rusiya rəsmilərindən sitatlar verilir.

Konspiroloji nəzəriyyələr

Çində dövlət mediası və rəsmiləri hətta Ukrayna və Qərbə qarşı konspiroloji nəzəriyyələr səsləndirməyə başlayıblar.

“ABŞ-ın Ukraynadakı biolaboratoriyaları son vaxtlar gerçəkdən böyük diqqət çəkir”, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lijan martın 8-də deyib. Bu konspirologiyanı Rusiya mediası, onlayn hesabları mütəmadi ortaya atır. Qərbin bəzi rəsmilərinin fikrincə, Kreml işğalını həm də Ukraynanın bioloji və nüvə silahları üzərində işləməsilə əsaslandırmağa çalışır.

“Ukraynaya bütün təhlükəli patogenlər bu laboratoriyalarda saxlana bilər, tədqiqat işlərinin hamısına ABŞ başçılıq edir”, – deyən Jao iddiasını əsaslandıracaq dəlil səsləndirməyib.

ABŞ və Ukrayna rəsmiləri iddianı əsassız adlandırırlar.

Yalan ayaq tutar, yeriməz?

Biolaboratoriya nəzəriyyəsi Rusiyada dövlət mediasında da əsas xətt kimi keçir, hətta sosial mediada bəzi səfirlik hesabları da bundan danışır. “Foreign Policy”nin bu yaxınlarda yaydığı hesabatda bu nəzəriyyənin Amerikada ifrat-sağçı onlayn konspirologiya şəbəkələrinə ayaq açmasından, digər ölkələrə yayılmasından söz açılırdı.

Çin diplomatları vaxtaşırı ABŞ-ın Merilenddəki Fort Detrik hərbi obyektini də nişan alırlar. Sovet İttifaqı 1980-ci illərdə AIDS-ə səbəb olan virusun həmin obyektdən qaynaqlandığı ortaya atmışdı. Çin COVID-19 pandemiyasının mənşəyinə dair suallardan yayınmaq üçün Fort Detrikə istinad edir.

Britaniyanın Müdafiə Nazirliyi martın 8-də tvitində yazırdı ki, bu əsassız iddialar təzə deyil, amma “hazırda Rusiyanın Ukraynanı işğalını əsaslandırmaq üçün tez-tez səsləndirilir”.

Dezinformasiya

Müharibə boyunca Çin mediası Rusiyanın dövlətə məxsus şübhəli iddialarını tirajlayıb – guya Ukrayna qüvvələri insan sipərlərindən istifadə edir, Rusiya ordusu yalnız hərbi hədəfləri vurur və sairə. Amma onlarla yaşayış məskəninin, mülki strukturların atəşə tutulmasına dəlillər var.

Ukrayna Prezidenti Volodimir Zelenskinin guya paytaxt Kiyevdən qaçması, çoxsaylı Ukrayna əsgərlərini işğalın ilk günü təslim olması da Çin şəbəkələrində yayılan Rusiya dezinformasiyasıdır.

Kremlin dəstəklədiyi Sputnik kanalının Weibo-da 11.6 milyon izləyicisi var.

Çində medianın bütünlükdə Kommunist Partiyasının nəzarətində olması, İnternetin senzura edilməsi ictimai fikri dəqiq ölçməyə mane olur. İnternet və mediadakı kontentlə Çin hakimiyyəti 1.4 milyardlıq əhalisinin düşüncəsinə təsir göstməyə çalışır.

Çin hökuməti Rusiyanın Ukraynada müharibəsini nə pisləməyib, heç onu “işğal” da adlandırmayıb.

Əlaqələr toxunulmazdır

Onlayn və sosial mediada Ukraynaya rəğbət, dəstək də ifadə edilir, amma Moskvanın tənqidinə imkan verilmir.

Çin Prezidenti Si Cinpinq son illər rusiyalı həmkarı Vladimir Putinlə xeyli yaxınlaşıb. Onlar fevralın 4-də Pekində bir araya gəliblər.

Müəllif yazır ki, Pekinin diplomatik baxımdan özünü Rusiyanın Ukraynanı işğal etməsindən kənar tutmağa çalışmasına baxmayaraq, hər iki ölkənin dövlət mediası əlaqələrin toxunulmaz olduğunu göstərir. Son illər informasiya sahəsində güclənən əməkdaşlıq isə daha da genişlənə bilər.

Ötən il açıqlanmış hesabatda Çinlə Rusiyanın COVID-lə bağlı dezinformasiya və propaqandanın yayılmasında əsas rol oynadığı bildirilirdi.

Karnegi Moskva Mərkəzinin iyunda açıqladığı hesabata görə, hər iki ölkənin dövlət mediası və rəsmiləri dünyada baş verənlərlə bağlı oxşar mövqe sərgiləyirlər, bu isə onların qlobal məsələlərdə ümumi “strateji məqsədləri” ilə əlaqədardır.

XS
SM
MD
LG