Daxili İşlər Nazirliyində qurumun ötənilki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrlə bağlı Kollegiya iclası keçirilib. İclasa qatılan Daxili İşlər naziri Vilayət Eyvazov 2022-ci ilin yekunlarına dair bəzi göstəriciləri açıqlayıb. Məlum olub ki, ötən il Azərbaycanda 36 min 494 cinayət qeydə alınıb. Bu o deməkdir ki, ötən il ölkədə cinayət sayında müşahidə olunan kəskin artım davam edir. Rəsmi rəqəmlərə görə, 2018-2020-ci illərdə Azərbaycanda ortalama 26 min civarında cinayət olayı qeydə alınıb. 2021-ci ildə belə cinayətlərin sayı birdən-birə 5 mindən çox artaraq 31 min 131-ə yüksəlib. Ötən ilsə cinayət sayı daha 5 min çoxalaraq 36 min 494 olub. Beləcə, son iki il ərzində ölkədə qeydə alınan cinayətlərin sayı 40 faizə yaxın yüksəlib.
Cinayət sayının artması ilə bağlı daha bir məqam narahatlıq doğurur. Söhbət həm də ağır cinayətlərin say artımından gedir. Rəsmi rəqəmlərə görə, 2019-cu ildə ölkədə qeydə alınan cinayətlərin 11 faizi ağır cinayətlərdən idi. 2020-ci ildə həmin rəqəm 13.3 faizə yüksəlib. 2021-ci ildə isə belə olayların 16 faizi ağır cinayət olub. Ötən il bu rəqəm bir qədər də yüksələrək 16.6 faizə çatıb. Bu o deməkdir ki, əgər 2019-cu ildə ölkədə baş verən təxminən hər doqquz cinayətdən biri ağır cinayət idisə, ötən il qeydə alınan təxminən hər altı cinayətdən biri ağır cinayət sayılıb. Görünür, bu üzdən nazirlik ağır cinayətlərə dair açıqladığı rəqəmləri dəyişib. Əgər öncələr nazirlik cinayətlərin faiz göstəricisini diqqətə yetirirdisə, son iki ildə ağır olmayan cinayətlərin toplam cinayətlər arasındakı payını açıqlamağa başlayıb.
Cinayət sayı niyə artıb?
Daxili İşlər naziri kollegiya iclasında cinayətlər barədə ətraflı göstəriciləri açıqlamayıb. Bununla bağlı Dövlət Statistika Komitəsinin (DSK) hesabatı hələ bir müddət sonra açıqlanacaq. Ancaq DSK-nın ötənilki hesabatı cinayət sayındakı artım haqqında təsəvvür yaradır. Bu qurumun 2021-ci ildə Azərbaycanda qeydə alınan cinayətlərlə bağlı hesabatından məlum olmuşdu ki, il ərzində ölkədə narkotik maddələrin hazırlanması, istifadəsi, daşınması kimi məsələlərə dair cinayət sayında əvvəlki illə müqayisədə 70 faizə yaxın artım qeydə alınıb. Əgər 2020-ci ildə ölkədə bu sahədə 4 min 832 cinayət qeydə alınmışdısa, 2021-ci ildə həmin rəqəm 8 mini ötüb. 2021-ci ildə Azərbaycanda narkotiklə bağlı cinayətlərə görə 6 min 500-ə yaxın şəxs mühakimə edilib. 2020-ci ildə bu rəqəm 4 min 200 civarında idi.
Nazirin açıqladığı rəqəmlərdən aydın olur ki, ötən il dövriyyədən çıxarılan narkotik maddələrin çəkisi 2021-ci ildən də çox olub. Rəsmi açıqlamaya görə, ötən il 3 ton 418 kiloqram narkotik maddə qeyri-leqal dövriyyədən çıxarılıb. Bu, 2021-ci illə müqayisədə 373 kiloqram daha yüksək nəticədir. 2020-ci ildə isə həmin göstərici 2 tona yaxın idi.
Azərbaycanda narkotikdən istifadənin genişlənməsini DSK-nın 2021-ci ildə səhiyyəyə dair göstəriciləri də təsdiqləyir. Belə ki, həmin il ilk dəfə narkomaniya diaqnozu qoyulan şəxslərin sayca kəskin artımı dərhal diqqət çəkir. 2019-cu ildə Azərbaycanda 2 min 831 nəfərə, 2020-ci ildə 2 min 723 şəxsə narkomaniya diaqnozu qoyulmuşdu. 2021-ci ildə belə şəxslərin sayı 5 min 964 nəfər olub. Bu, öncəki illərlə müqayisədə ikiqat artım deməkdir. Əhalinin hər 100 min nəfərinə düşən narkomanların sayı 29-dan 60-a yüksəlib.
Odlu silah gəzdirənlərin də sayı artıb
Daxili İşlər nazirinin açıqlamasında bəzi digər göstəricilərə də yer verilib. Məlum olur ki, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Ötən il bu rəqəm 188 nəfər idi. Ölkədə 251 kriminal qrup zərərsizləşdirilib. Cinayətlərin açılma səviyyəsi isə 89.7 faiz olub. Başqa deyimlə, hər 10 cinayətdən biri bağlı qalıb. Diqqətə yetirilən rəqəmlərdən aydın olur ki, ən az açılma göstəricisi mülkiyyət əleyhinə olan cinayətlərlə bağlıdır. Belə cinayətlərin cəmi 81.7 faizi açılıb.